525.Az

"Dünya antisemitizmə qarşı mübarizənin dərslərini Azərbaycandan alsın"


 

"Dünya antisemitizmə qarşı mübarizənin dərslərini Azərbaycandan alsın"<b style="color:red"></b>

"Dünyanın bir sıra aparıcı ölkələrində belə yəhudilərə qarşı bu gün də davam edən arzuedilməz münasibətlərin fonunda Azərbaycanda yəhudilərin həyat modeli öyrənilməsi gərək olan, ibrət götürülməli nümunədir".
 
Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üçüncü iş günündə müzakirəyə çıxarılmış "Avropada antisemitizmə qarşı mübarizədə yeni vəzifələr" adlı hesabatın müzakirəsində Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Əvvəlcə problemin aktuallığı məsələsinə toxunan azərbaycanlı deputat qədim tarixi olan antisemitizmin müasir dövrdə də mövcudluğunun ciddi narahatlıq doğurduğunu vurğulayıb:
 
"Yəhudilərin ən müxtəlif təzyiqlərlə üzləşməsi, sıxışdırılması, təqib edilməsi və bütövlükdə antisemitizmin bir təmayül kimi varlığı, təəssüflər ki, çox qədim hadisədir. Amma ikiqat artıq təəssüf doğuran odur ki, minillər əvvəl bu əzabkeş və istedadlı xalqın üzləşdiyi bəlalar yalnız acı tarix deyil, həm də müasir həyatda rast gəlinən sərt reallıqdır. Elə lap az əvvəl Parisdən minlərlə yəhudinin köçüb getməsinin ardınca  2015-ci ildə bu şəhərdəki yəhidi mağazasında, yaxud Avropanın digər rəmzi paytaxtlarından sayılan Brüsseldə yəhudi muzeyində terror aktları törədilirsə, oxşar hadisələr Avropanın və dünyanın bir sıra ən inkişaf etmiş demokratik ölkələrində təkrarlanırsa, deməli, sayıqlığımızı qat-qat artırmalıyıq. Demək, antisemitizmlə mübarizənin daha çevik və müasir üsulları tapılmalıdır.
 
Ona görə də müzakirə etdiyimiz mövzu son dərəcə aktual və zəruridir. Axı "antisemitizm" kimi qeyd edilən  bir axın mövcuddursa, fəlsəfəsi etibarı ilə bu daha əhatəli fəsadların artmasına rəvac verən epidemiya deməkdir.

Bu, həm ksenofobiyadır, həm islamafobiyadır, həm irqçilikdir, həm dinlər arasında nifaq, mədəniyyətlər arasında təfriqə deməkdir. Antisemitizm artıq ikinci onilliyinin yarıdan çoxunu yaşamış olduğumuz üçüncü minillikdə də ayaq üstədirsə, deməli, istənilən başqa dinin təmsilçilərinə, istənilən başqa xalqlara qarşı da eyni nifrət dalğasının püskürməsi, bənzər zorakılıqların törədilməsi ehtimalı qaçılmazdır".

Azərbaycanın bütün xalqlar və millətlərin mehriban ailə kimi yaşadığı, mədəniyyətlər və dinlərarası dialoqun ölkəmizdə ən yüksək səviyyədə gerçəkləşdirildiyinə diqqət yönəldən deputat deyib ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, çoxmədəniyyətli bir dövlətdir və tarix boyu da həmişə belə olub:

"2016-cı ilin Azərbaycanda rəsmən multikulturalizm ili elan edilməsi də elə həmin xəttin daha bir bariz təsdiqi sayıla bilər. Dünyanın bir sıra aparıcı ölkələrində belə yəhudilərə qarşı bu gün də davam edən arzuedilməz münasibətlərin fonunda Azərbaycanda yəhudilərin həyat modeli öyrənilməsi gərək olan, ibrət götürülməli nümunədir".
 
R. Hüseynov avropalı deputatların diqqətinə xeyli maraq doğuran mühüm tarixi dəlilləri çatdırıb: 

"Azərbaycanda həm dağ yəhudiləri, həm də Avropa yəhudiləri - aşkinazilər heç bir başqa ölkədə olmadığı kimi rahat, sıxıntısız yaşamaqdadırlar. Həm də bu yeni hadisə deyil, zəngin tarixi, ənənələri olan prosesdir.

Azərbaycana dağ yəhudilərinin ilk gəlişi mötəbər yazılı məxəzlərin təsdiqləməsinə görə 2700 il əvvələ aiddir.
Avropa yəhudiləri isə Azərbaycana XIX yüzilin sonrasından üz tutmağa başlayırlar. Əgər 1897-ci ildə yalnız Bakıda onların miqdarı 2500 nəfər idisə, 1913-cü ildə artıq 10 min nəfərə çatır. Sonrakı onillərdə də bu rəqəm daim artmaqda davam edir. Elə bu adicə statistika Bakının, Azərbaycanın yəhudiləri niyə cəzb etməsi haqda çox şey söyləyir. Sovetlər zamanında da Bakı və Azərbaycan yəhudilərin özünü ən xoşbəxt, ən təhlükəsiz hiss etdiyi doğma məkan idi. Təbii ki, Azərbaycanın övlad kimi qəbul etdiyi bu zəhmətkeş, ağıllı, qabiliyyətli insanlar da ölkənin inkişafına çox töhfələr verdilər və bu gün də həmin xidmətlərini davam etdirməkdədirlər..."

Kamil HƏMZƏOĞLU

 





21.04.2016    çap et  çap et