525.Az

"Son illərdə radikallaşma meylləri azalıb"


 

"Son illərdə radikallaşma meylləri azalıb"<b style="color:red"></b>

AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaq məsələləri üzrə baş məruzəçisi Sevinc Fətəliyevanın "Uşaqların radikallaşdırılmasının qarşısının alınması və problemi yaradan səbəblər ilə mübarizəyə dair" məruzəsi dinlənilib.

S.Fətəliyeva dünyagörüşü formalaşma mərhələsində olan uşaqların həssas qrup kimi ekstremist və radikal cərəyanların hədəfində olduğunu bildirib.

O, sosial və təhsil mühitindəki ayrı-seçkiliyin, cəmiyyətdən təcrid olunma və sosial-maddi durumun aşağı olmasının ədalətsizliyə məruz qalma hissini yaratmasının, eləcə də mənəvi-psixoloji inkişafdakı boşluqların uşaq və yeniyetmələri radikalizmə sövq edən amillərdən olduğunu qeyd edib.Deputat məruzəsində radikalizmə qarşı mübarizə məqsədilə bir sıra tövsiyələr irəli sürüb.

O, istənilən etnik və sosial-iqtisadi qrupa mənsub uşaqlara qarşı ayrı-seçkilik və təcridetmə ilə mübarizə, bütün uşaqlar və gənclər üçün bərabər inkişaf imkanlarının yaradılması, həyat amalının və lazımlılıq hissinin formalaşdırılması, uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə təhsilin imkanlarından istifadə, uşaqlar, onların ailələri, icmaları və təlimçiləri arasında ünsiyyətin təmin edilməsi, vaxtilə radikal cərəyanlara qoşulmuş uşaqların qınaq obyektinə çevrilməsinin qarşısının alınması, islamafobiya ilə mübarizə və dinlərarası dialoqun təşviq edilməsi, ictimai yerlərdə, o cümlədən, məktəblərdə, həbsxanalarda və internet məkanında radikallaşmaya qarşı mübarizə aparılması, radikal cərəyanların diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.

Qeyd edilib ki, Avropa Şurası və digər beynəlxalq qurumlar səviyyəsində terrorizm, ekstremizm və radikalizmə qarşı qəbul edilən müvafiq qərar və qətnamələr, həmçinin bu sahədə dövlət orqanları ilə vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığı mövcud təhlükə ilə mübarizənin təşviq edilməsi və nəticələrin səmərəliliyi baxımından önəmlidir.
 
Bildirilib ki, radikal təşkilatlar Azərbaycan gənclərini də təsir dairəsinə salmaq səylərini göstərsələr də, dövlətin atdığı addımlar nəticəsində son illərdə radikallaşma meylləri azalıb:
 
"Azərbaycan multikultural dəyərlərə sahib bir ölkə olaraq Yaxın Şərqdə məzhəb münaqişələrində mediator kimi daha fəal rol oynaya, Qərb ilə İslam aləmi arasında dialoqa töhfə verə bilər".

KAMİL

 





21.04.2016    çap et  çap et