525.Az

Ermənistanda iqtidar-müxalifət münasibətləri kəskinləşir


 

SERJ SARKİSYAN CƏBHƏDƏKİ UĞURSUZLUQLARDAN SONRA ÖZÜNÜN SİYASİ KARYERASINI XİLAS ETMƏK HAQQINDA DÜŞÜNÜR

Ermənistanda iqtidar-müxalifət münasibətləri kəskinləşir<b style="color:red"></b>

Aprelin əvvəllərində Azərbaycanla Ermənistan arasında baş verən 4 günlük döyüşlər ölkə və beynəlxalq ictimaiyyətin diqqətini bir fikir üzərində cəmləşdirib: Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır.

Artıq ölkə ictimaiyyəti kimi dünya birliyi də münaqişənin tezliklə həll olunmasının tərəfdarı kimi çıxış edir. Çünki regionda gərginliyin artması ehtimalı günü-gündən böyüməkdədir. Xarici siyasi dairələr isə bölgədəki maraqlarını nəzərə alaraq münaqişənin daha da alovlanması və ikinci Qarabağ müharibəsinin başlamasının qarşısını almaq istəyir. Bunun isə yeganə yolunun işğal olunmuş torpaqların sülh - danışıqlar yolu ilə Azərbaycana qaytarılması olduğunu dərk edirlər.

Döyüşlərdən sonra - aprelin 5-də atəşkəs razılaşmasının Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında Moskvada imzalandığını xatırlasaq, bu münaqişənin həllində vasitəçi kimi daha aktiv rolu məhz Kremlin öz üzərinə götürdüyü qənaətinə gəlmək olar. Elə atəşkəsin imzalanmasından dərhal sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə yanaşı regiona ilk səfər edən dövlət rəsmilərinin də Rusiyanı təmsil etdiklərini xatırlatmaq yerinə düşər. Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun Bakıda keçirdiyi görüşlərin ardınca baş nazir Dmitri Medvedyev də ölkəmizə gələrək Prezident İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparıb. Lakin Rusiyanın, eləcə də digər vasitəçi dövlətlərin bu münaqişənin həllində nə qədər maraqlı olduğunu onların yaxın aylarda ortaya qoyacaqları mövqeləri, atdıqları addımları göstərəcək.

Ona görə də vasitəçilərin münaqişə ilə bağlı təklifləri, eləcə də onların təşəbbüsü ilə aparılan danışıqların nə kimi nəticələr verəcəyi maraqla izlənilməkdədir.

Belə bir gərgin regional şəraitdə Ermənistan prezidenti Serj Sarkisyanın işğal olunmuş Azərbaycan torpaqlarına gedərək separatçı rejimin rəhbərliyi ilə təcili şəkildə hərbi müşavirə keçirməsi müxtəlif şübhələrə səbəb olub. Sarkisyanın bu addımı ilk növbədə rəhbərlik etdiyi hakimiyyətin Dağlıq Qarabağ və ətraf 7 rayonu asanlıqla geri qaytarmayacağı fikrini önə çəksə də, hadisələrin dərinliyinə vardıqda 4 günlük döyüşlərdən sonra vəziyyətin heç də onların xeyrinə olmadığını bir daha anlamış olarıq. Nəzərə alsaq ki, bu gün Ermənistanda müxalifət daha da aktivləşib və geniş xalq kütlələri prezidentlərindən narazıdırlar, o zaman Sarkisyanın ilk növbədə hakimiyyəti əlində saxlamaq haqqında planlar qurduğunun fərqinə vararıq. Eyni zamanda, Ermənistanın eks-prezidenti Robert Köçəryanın yenidən öz ölkəsinə qayıdaraq müxalifətdə yer alıb aktiv siyasət aparmağa başladığını da unutmaq olmaz.

Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, 2-5 aprel tarixlərindəki döyüşlər Ermənistanı büs-bütün silkələyib:

"Döyüşün nəticələri, Ermənistanın iktiləri müzakirə olunur, ayrıca İrəvanda Rusiya əleyhinə mitinq və yürüşlər keçirilir. Bundan başqa Qazaxıstanın mövqeyi tənqid olunaraq Ermənistanda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adına olan küçənin adını dəyişdirdilər ki, bununla Astananı da qəzəbləndirdilər. Bundan əlavə Ermənistanda iqtidar-müxalifət münasibətləri də kəskinləşir".

Politoloq qeyd edib ki, hazırda Azərbaycanın siyasi həyatında isə sakitlik hökm sürür:

"Azərbaycan və Ermənistandakı bu fərq bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti işğal altındakı torpaqların azad edilməsi üçün məhrumiyyətlərə hazırdır. Ayrıca, işğal altındakı torpaqları güc yoluyla geri qaytarılması Azərbaycan cəmiyyətinin sosial sifarişinə çevrilib. Ermənistan cəmiyyəti isə Dağlıq Qarabağ və ətraf rayonları qorumaq üçün insan itkilərinə hazır deyil və bu itkilərdə hakimiyyəti günahkar sayır. İtkilərin sayı isə hələ qurtarmır".

Hazırda Ermənistanda hadisələrin 3 istiqamətdə inkişaf etdiyini deyən Mərkəz sədrinin sözlərinə görə, birinci istiqamət odur ki, Ermənistanda anti-Rusiya meylləri getdikcə artır:
 
"Ermənistan hakimiyyətinin özü də cəmiyyətdə bu cür əhval-ruhiyyənin yaranmasına şərait yaradır.

Rusiyanın İrəvandakı səfirliyi qarşısında mitinqlər bir-birini əvəz edir. Bu arada, Ermənistanda Qərbə meylli siyasətçilər və ekspertlər fəallaşıblar. Onlar fürsətdən istifadə edərək Ermənistanın Rusiya ilə sıx bağlılığını tənqid edirlər. Bu gedişlə Ermənistanda gələcək prezident seçkisində Qərblə yaxınlığı təbliğ edən siyasətçinin reytinqi yüksək olacaq".

E.Şahinoğlu hesab edir ki, ikinci istiqamət odur ki, hakimiyyət içində problemlər artır:

"Təsadüfi deyil ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan İrəvana qayıdıb. O, Serj Sarkisyanın siyasətini tənqid edir və tərəfdarlarının sayını artırır. Halbuki, Köçəryan və Sarkisyan Dağlıq Qarabağda separatizmin əsasını qoyanlardandırlar və vaxtilə siyasi müttəfiq idilər. Ancaq Köçəryan artıq Sarkisyanı müttəfiq saymır. Köçəryan Ermənistanda dərin iqtisadi böhrana görə də Sarkisyanı tənqid edir.

Sarkisyanın reytinqi azaldıqca Köçəryan onun yerini tutmağa çalışacaq. Görünür Köçəryan qarşısına böyük hədəf qoyub, o siyasi partiyaları ətrafında toplayaraq həm prezident, həm də parlament seçkilərində qələbə çalmağa çalışacaq".

Politoloqun fikirlərinə görə, üçüncü istiqamət odur ki, Serj Sarkisyanın cəbhədəki uğursuzluqlara görə özünün siyasi karyerasını xilas etmək haqqında düşünür:

"Ermənistan prezidenti bu məqsədlə yeni müttəfiqlər axtarır. Sarkisyan məhz buna görə keçmiş prezident Levon Ter-Petrosyanla tez-tez görüşür. Levon Ter-Petrosyan Köçəryanın yenidən siyasi arenaya qayıtmasını istəmir. Ona görə də Levon Ter-Petrosyan müvəqqəti - taktiki səbəblə Sarkisyanla ittifaq qura bilər. Onsuz da Levon Ter-Petrosyan anlayır ki, Sarkisyanın siyasi perspektivi yoxdur. Buna görə ona dəstək verməklə Köçəryanın hakimiyyətə gəlişini əngəlləmək istəyir. Hazırda Levon Ter-Petrosyan üçün Köçəryan daha təhlükəli fiqurdur. Sonrakı mərhələdə isə Sarkisyan-Ter-Petrosyan ittifaqı da dağılacaq".

E.Şahinoğlu deyib ki, cəbhə bölgəsində 4 günlük döyüşlər olmasaydı, Ermənistanda bütün bunlar yaşanmayacaqdı ya da seçkiyə yaxın yaşanacaqdı:

"Bu proseslər həm də Azərbaycan ordusunun Dağlıq Qarabağdakı işğalçı qüvvələri daima təzyiq altında saxlamasının doğruluğunu göstərir".

Ermənistanın İsrail dronlarından yaman qorxduğunu söyləyən politoloq qeyd edib ki, 4 günlük müharibədə İsrail dronları Ermənistanın işğalçı qüvvələrinə böyük zərbələr endirdi və separatçılar xeyli itki verdi:
 
"İsrail hərbi komandanlığı dronların Dağlıq Qarabağdakı döyüşlərdə özünü necə göstərməsiylə maraqlanıblar.
Bu İsrailin hərbi-sənaye kompleksinin də xeyrinədir. Çünki Dağlıq Qarabağdakı döyüşlərdə özlərini müsbət tərəfdən göstərən dronlara tələbat artacaq".

Mərkəz sədri bildirib ki, ümumilikdə, Azərbaycan və İsrailin silah razılaşmalarının ümumi dəyəri 5 milyard dollar təşkil edir:

"Buna baxmayaraq, Azərbaycanın hələ də İsraildə səfirliyi yoxdur. Bu faktordan Ermənistan öz maraqları üçün istifadə etməyə çalışır. Ermənistan və erməni lobbisi israilli rəsmilərin İrəvana səfərlərinin sayını artırmağa çalışır. İsrailin özündə isə anti-türk təbliğatını gücləndirirlər".

Politoloq əlavə edib ki, Mingəçevir su elektrik stansiyasına raket zərbəsi vurmaq haqqında düşünən erməni bilməlidir ki, bunun əvəzində Xankəndi Azərbaycanın uzaq mənzilli raketləri ilə yerlə- yeksan ediləcək:

"Öz torpağımızdır, vurarıq sonra da bərpa edərik. Ayrıca bizə də ziyanı olsa belə Ermənistanın atom elektrik stansiyasını böyük təhlükə gözləyəcək. Ona görə də, Mingəçevir su elektrik stansiyasının taleyi üçün narahat olmağa dəyməz. 

Ümumiyyətlə hansısa erməninin "biz Mingəçevir su elektrik stansiyasına raket zərbəsi vura bilərik" sərsəmləməsinin mənası odur ki, müharibə Dağlıq Qarabağdan Ermənistan ərazisinə keçəcək. Əgər müharibəni evlərinə daşımaq istəmirlərsə, "Mingəçevir" ifadəsini gərək dillərinə gətirməsinlər".

Strateji Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyev isə hesab edir ki, Sarkisyan işğal olunmuş Azərbaycan ərazilərinə getməklə separatçılara öz dəstəyini nümayiş etdirib. 

Politoloqun sözlərinə görə, cəbhədə baş verən 4 günlük döyüşlərdən sonra hələ də özlərinə gəlməyən ermənilərin çıxış yolunu onların olmayan əraziləri tərk etməkdə görürlər:
 
"Ermənistan prezidenti Xankəndiyə gedərək əhali arasında mövcud olan böyük ruh düşkünlüyünü aradan qaldırmaq, onlara boş vədlər verərək geri çəkilməkdən çəkindirməyə çalışıb. Ancaq Sarkisyan anlamır ki, xəritələrin qarşısında poz verib şəkillər çəkdirməklə orada məcburi şəkildə yaşamağa məcbur edilən ermənilər Sarkisyanın vədlərinə deyil, gördüklərinə inanırlar. Bir gün separatçılar məcburi şəkildə yaşadıqları əraziləri tərk edib gedəcəklər. Çünki Azərbaycan dövləti və Azərbaycan ordusu torpaqlarımızın azad olunmasında qətiyyətlidir".

Hərbi-ekspert Üzeyir Cəfərov isə qeyd edib ki, cəbhədə sarsıdıcı zərbələr almış Ermənistanın siyasi və hərbi rəhbərliyi necə ağır və çaşqın durumda olduğunu hələ də büruzə verməkdədir. O "SİA"ya bildirib ki, işğalçı rejim rəhbərliyi az qala hər gün bir sərsəm fikir, ideya səsləndirməklə bunlar özlərinə azacıq da olsa təskinlik tapmağa çalışırlar.

Ekspert bildirib ki, bəzi ağılsızlar öz aləmlərində guya Azərbaycanı Mingəçevir su anbarını vurmaqla hədələyirlər:
 
"Çox gülməli və gülməli olduğu qədər də tragikomik bir mənzərədir. Ya bunların yolgöstərəni ağlını itirib, ya da bunların dünyadan xəbərləri yoxdur. Hələ keçmiş SSRİ zamanında o strateji əhəmiyyətli obyekt ən ciddi şəkildə qorunurdu. İndi müstəqil Azərbaycan öz daxili imkanları hesabına orada elə bir ciddi rejim və təhlükəsizlik tədbirləri görüb ki, ora quş quşluğu ilə yaxınlaşmaqda çox çətinlik çəkir. Bir də bunlar görün nə qədər savadsız, dar düşüncəyə sahibdirlər ki, guya biz müharibə vəziyyətində olduğumuzu bilmirik? İkincisi də, bu gün Azərbaycan ordusunun imkanları yetərincədir ki, düşməni öz evində məhv edək. Yəni söhbət Ermənistandakı Atom Elektrik Stansiyasından gedir. Amma biz düşməndən fərqli olaraq heç vaxt belə yaramazlıqları dilimizə gətirməmişik. Ancaq mənfur və məkrli düşmən bizi buna vadar edəcəksə, cavablarını da alacaqlar. Özü də çox sərt və ağır formada".

Ceyhun ABASOV

 





21.04.2016    çap et  çap et