525.Az

Təbrizin maddi mədəniyyətinə dair dəyərli tədqiqat əsəri


 

Təbrizin maddi mədəniyyətinə dair dəyərli tədqiqat əsəri<b style="color:red"></b>

Bu gün etnoqrafiya elminin daha da inkişaf etdirilməsi alimlər qarşısında duran ümdə vəzifədir. Elmin inkişafını təmin edəcək maraqlı tədqiqat əsərlərinin yaranması bununla bağlı ümidləri daha da artırır.

Azərbaycan etnoqrafiya elmində belə sanballı əsərlərdən biri İlhamə Gülbala qızı Məmmədovanın "Təbrizin maddi mədəniyyəti" monoqrafiyasıdır. Monoqrafiya elmimizə yeni  töhfədir. Müasir dövrdə mühüm əhəmiyyət kəsb edən tarixi şəhərlər etnoqrafik tədqiqata cəlb olunur. Belə şəhərlərdən biri də Təbrizdir.

Təbriz şəhəri tarixən Rəvvadilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövlətinin paytaxtı olub. Siyasətin nəbzi məhz bu şəhərdə döyünüb və mühüm həyati məsələlər burada həll olunub. Şəninə şeirlər yazılan Təbriz bütövlükdə ölkənin həyatında müstəsna rol oynayıb. Bununla əlaqədar şəhərdə abadlıq işlərinin genişlənməsi, yeni abidələrin tikilməsi, bağ və parkların salınması, sənətkarlıq məhəllələrinin artması bütün dövrlərdə əhəmiyyətini qoruyub saxlayıb. Rəngarəngliyi ilə göz oxşayan, Şərq üslubunda yaranan memarlıq abidələri özünəməxsusluğu ilə diqqəti cəlb edib, daim inkişaf edərək və bərpa olunaraq bugünümüzə çatıb.

"Alınmaz şəhər-qala olan Təbriz tarix boyunca nələr görüb, nələrə qarşı dayanıb və nələri bugünədək yaşadaraq çatdıra bilib?" - sualına cavabı İlhamə Məmmədovanın "Təbriz şəhərinin maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)" adlı monoqrafiyasında tapmaq mümkündür. İndiyədək Təbriz şəhəri tarixi baxımdan tədqiqata cəlb olunsa da, Azərbaycan etnoqrafiya elmində bu əsər ilk təşəbbüsün məhsuludur.

Hər bir etnosun özünəməxsus xüsusiyyətləri onu səciyyələndirən amillərlə əlaqədar formalaşır. Nəsillərdən-nəsillərə ötürülən, xalqımızın həyat fəaliyyətində öz təcəssümünü tapan adət-ənənələri, maddi və mənəvi irsimiz haqqında zəngin olan bu monoqrafiyada məsələlər sistemli şəkildə şərh olunur. Milli, etnik və mədəni kimliyilə əsrlər boyu vahid bir mədəniyyəti daşıyan xalqımızın bir parçası olmaqla təbrizlilərin yaşam tərzinin araşdırılmasına həsr olunan monoqrafiya yüksək amala xidmət edir.

Hər paraqrafda etnoqrafik cəhətdən əhəmiyyət kəsb edən problemlərdən danışılır, hər bir ictimai təsisatın yaranması və funksiyasının tarixi mahiyyəti izah olunur. Bu elmi-tədqiqat işi tarixi-etnoqrafik baxımdan dəyərli bir abidə kimi əhəmiyyətlidir.

Müəllif bu tədqiqat işi ilə Qacarlar dövrünün abı-havasını canlandırır, maddi mədəniyyətin əksər sahələrini işıqlandırır. Onun təşəbbüsü, tarixi mənbələrin verdiyi çoxsaylı məlumatlardan bəhrələnməsi, min bir əziyyətlə başa gələn etnoqrafik müşahidələri və onlardan əldə etdiyi faktları müqayisəli təhlil zəminində qiymətləndirməsi təqdirəlayiqdir. Tarixi hadisələri aydınlaşdırmaq, araşdırılan dövrdəki mədəniyyətin daxili münasibətlərini açıb göstərmək üçün kitab mühüm əhəmiyyətə malikdir.

Əsərdə verilən məlumatlardan bir daha təsdiqlənir ki, şəhər sənətkarlıq və ticarət əlaqələrinin cəmləşdiyi məkan olmaqla yanaşı, elm və mədəniyyət ocağı kimi əhəmiyyət daşıyırdı. Müəllif bütün çalarları ilə milli dəyərlər ruhunda tərbiyə almış insanların yaşam tərzini, onların maddi mədəniyyət ünsürlərini canlandırmağa çalışır. Bu kitab vasitəsilə bilmədiyimiz bir zamana səyahət edərək orta əsrlərlə yeni dövr arasında keçid məqamı olan zamana nəzər salırıq.

Maddi mədəniyyəti öyrənməklə yaşayış tərzinin qanunauyğunluqlarını şərh etmək mümkündür. Bu monoqrafiya cəmiyyətin inkişaf səviyyəsini canlandırmaq, maraqlı etnoqrafik mənzərə nümayiş etdirmək və onu təqdim və təbliğ etmək arzusunun təcəssümü kimi yüksək dəyərləndirilməlidir. Monoqrafiya bizə İpək Yolu üzərində yerləşən və ümumşərq mədəniyyətinin mərkəzlərindən birinə çevrilən Təbriz mühitindən, onun elitasından söhbət açır, eyni zamanda Qacarlar dövründə rəiyyətin necə dolandığından da xəbər verir. Əsərə əsasən təbrizlilərin adət-ənənələrini, cəmiyyətdəki münasibətləri, həmçinin iqtisadi və siyasi əlaqələri də müəyyən etmək mümkündür.

İkiqat sevindirici haldır ki, müəllif bu əsəri vasitəsilə Sovet ideologiyası nəticəsində sıradan çıxan adət-ənənələrimiz, maddi mədəniyyət ünsürlərimiz haqqında Təbrizin timsalında təsəvvür yaradır, eyni zamanda doğma Azərbaycanımızda yox olub-gedən ənənələrə də aydınlıq gətirir, onları üzə çıxarır və maddi nümunələri yenidən bərpa etməyə imkan yaradır. Xatırladaq ki, bəzi etnoqrafik ənənələr Təbrizdə hələ də davam etməkdədir.

Azərbaycan oxucularına təqdim olunan bu monoqrafiyanın ərsəyə gəlməsi, təbii ki, böyük zəhmətin bəhrəsidir. Faktik material baxımdan diqqətəşayandır, əhatə etdiyi mövzular cəhətdən hədsiz marağa səbəb olacaq.

Burada Təbriz şəhərinin etnoqrafik qiyafəsi öz əksini tapdığından geniş oxucu kütləsinin diqqətini cəlb edəcəyi şübhə doğurmur. Ümidvaram ki, istər tənqidi, istərsə də bol tarixi və etnoqrafik materiallarla zəngin olan kitab oxucuları razı salacaq. Onu da qeyd edək ki, Təbriz şəhərinin müxtəlif dövrlərinin etnoqrafik araşdırılması üçün qapı açıqdır. Gələcək yaradıcılıq işlərində müəllifə uğurlar arzulayırıq.

Şirin BÜNYADOVA
tarix elmləri doktoru, professor

 





21.04.2016    çap et  çap et