525.Az

24 aprel və yaxud ermənisayağı 1 aprel zarafatı


 

24 aprel <b style="color:red">və yaxud ermənisayağı 1 aprel zarafatı</b>

Dünya ictimaiyyəti 1 aprel gününü beynəlxalq zarafat günü kimi qeyd edir.

Ermənilər isə bu günü özlərinə xas bir şəkildə 3 həftə sonra - 24 aprel tarixində daha geniş miqyasda keçirməyə çalışırlar. Özü də onlar bunu İngiltərə sisteminə uyğun - "Səfehlər günü'' kimi qeyd edirlər. Yəni dünyanı səfeh yerinə qoyub, onları özlərinin qondarma "soyqırımı'' ideologiyasına inandırmağa çalışırlar. Görünən o ki, bu zarafat bəzi ölkələrin də xoşuna elə gəlib ki, ermənilərin çaldığı hava ilə oynayır. Necə olmasa da, onlar üçün əylənməyə, məzələnməyə orijinal mövzu yaranır. Nəticə etibarı ilə olan da elə ermənilərin özlərinə olur: kukla dövlət-kukla xalq vəhdəti...

Bəli, 24 aprel tamaşası çoxlarına sərf edir...

Birincisi, bu xaricdəki erməni diasporuna sərf edir, çünki erməni məsələsi onların fəaliyyətlərini davam etdirmələri üçün bir legitimlik vasitəsidir. Əks təqdirdə onlar nə marafonlar təşkil edə biləcəklər, nə ətraflarına insanlar toplaya biləcəklər, nə onlardan üzvlük haqqı toplaya biləcəklər. Beləcə onlar milyonlarla dollar məbləğindəki müftə gəlirdən vaz keçməli olacaqlar. Belə ki, araşdırmalar göstərir ki, hər il erməni məsələsinə və Ermənistana kömək məqsədilə yığılan milyonlarla dollar məbləğində vəsait mənimsənərək diaspor təşkilatları rəhbərləri arasında bölünür. Üzvlük haqqını ödəməkdən imtina edənlər isə xain elan edilərək başqalarına ibrət olması məqsədilə erməni terror təşkilatları tərəfindən ağır şəkildə cəzalandırılır.

Bunun ən bariz nümunəsi də 1988-ci ildə Sumqayıtda yaşandı-erməni terror təşkilatlarına üzvlük haqqı ödəməkdən imtina edən Sumqayıt erməniləri İrəvandan gələn Eduard Qriqoryanın rəhbərlik etdiyi qrup tərəfindən qətl edildi. Qətlin məsuliyyəti Azərbaycanın üzərinə atıldı. Bu isə bir tərəfdən sadəlövh ermənilərə onlara qarşı hər zaman təhlükənin mövcud olduğu və bu səbəblə də erməni məsələsi ətrafında sıx birləşmək ehtiyacı mesajı, digər tərəfdən isə məsələdən halı olan ermənilərə "artıq-əksik hərəkət etsəniz sizi də bu aqibət gözləyir'' xəbərdarlığı kimi dəyərləndirilə bilər.

İkincisi, bu indiki Ermənistan rəhbərliyinə sərf edir, çünki diasporun topladığı milyonlardan onlara da pay çatır, əks təqdirdə diaspora rəhbərləri öz ətrafındakılara pulun hara getdiyini isbat etməli olacaq. Bu mənada, hər iki tərəf razılığa gələrək yığılan vəsaitin "təyinatı üzrə xərcləndiyini'' bildirirlər. Eyni zamanda erməni məsələsi Ermənistandakı insanların başlarının qatılması, kriminal hakimiyyətin öz kreslosunu möhkəmləndirməsi, ölkəni çapıb talaması üçün münasib bir format təşkil edir. Bu siyasət Ermənistandakı vətəndaşları "vahid xarici düşmənə'' qarşı birləşdirərək, nəticədə onların diqqətini ölkədən kənara yönəltməyə, hakimiyyətə isə öz maraqlarını rahat şəkildə təmin etməyə şərait yaradır. Prosesləri anlayıb etiraz edənlər isə hakimiyyət tərəfindən ağır şəkildə cəzalandırılır. Təsadüfi deyil ki, Azərbaycana qarşı kompromisə getmə məsələsi gündəmə gəldiyi zaman Ermənistanın bəzi siyasi və inzibati nomenklatur üzvləri parlamentdə, Sarkisyanın saxtakarlıqla iqtidarı mənimsəməsinə etiraz edən dinc vətəndaşlar isə İrəvan küçələrində gülləboran edildi.

Üçüncüsü, bu tamaşa ermənilərin xarici havadarlarına sərf edir. Çünki əks təqdirdə güclənən Türkiyəni, güclənən Azərbaycanı necə nəzarətdə saxlamaq olar ki? Elə erməni məsələsinin bir oyun olduğunu da ən yaxşı bilənlər həmin havadarlardır, çünki onların arxivlərindəki sənədlər bütün həqiqətləri açıq şəkildə gözlər önünə sərir. Bu mənada ABŞ Prezidenti Reyqanın müşaviri Brus Fein qeyd edir ki, onun fəaliyyəti dövründə Ağ Ev tərəfindən aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, ermənilərə qarşı soyqırımı törədilməmiş, əksinə ermənilər həmin əsnada 2 milyona yaxın Osmanlı müsəlmanını qətl etmişlər. B.Fein onu da vurğulayır ki, məhz bu həqiqətin üzə çıxmaması üçün arxiv sənədlərinin açılmasına icazə verilmir.

Yeri gəlmişkən, elə arxivlərə girişi qadağan olunanların bir hissəsini də erməni əsilli tədqiqatçıların özləri təşkil edir, çünki bu həqiqət elə onların özlərindən gizlədilir ki, bu da sadə erməni vətəndaşlarını təbliğat xarakterli yanlış məlumatların girdabına sürükləyir.

Ancaq hər gecənin bir gündüzü vardır. Bu ayın əvvəlində təmas xəttində yaşanan dörd günlük müharibə Ermənistanda əhalinin oyanmasına rəvac verdi. İşğal olunmuş Azərbaycan ərazilərində həyatlarını itirən erməni əsgərlərinin ailələri övladlarının başqalarına aid torpaqlarda ölmələrinə açıq etirazlarını bildirdilər və Qarabağın əsl sahiblərinə-Azərbaycana geri verilməsini tələb etdilər.

Görünən o ki, ermənilər zaman keçdikcə həqiqəti daha yaxşı dərk edəcək və həmin etiraz dalğasının əhatə dairəsi getdikcə genişlənərək tarixə də sirayət edəcək. Ermənilər artıq uşaq qatili olan quldurbaşı Sarkisyan və onun komandasından hakimiyyəti geri tələb edəcək və özlərinin kleptomanik siyasətlərindən əl çəkəcəklər. Onlar başa düşəcəklər ki, sistematik olaraq başqalarına aid olan şeylərə göz tikmək ruhi xəstəlik simptomlarındandır və bir millətə başucalığı gətirmir. Onlar eyni zamanda başa düşəcəklər ki, bu ərazidə yaşadıqları üçün qonşularla yaxşı münasibət qurmağa məhkumdurlar. Onlar başa düşəcəklər ki, millətlər "birdəfəlik istifadə üçün'' yaradılmayıb və onun-bunun maraqlarına xidmət edib, sonra istifadəyə yararsız əşya kimi atılmaq bir millətə yaraşan hal deyil.

Onlar başa düşəcəklər ki, özgə şamı ilə yaşamağa çalışsalar, qaranlığa, zülmətə düçar olacaqlar. Beləcə, onlar da artıq hər kəs kimi, hər kəslə bərabər 1 apreli elə 1 apreldə qeyd edəcəklər.

Newtimes.az
Dr. Turab Qurbanov

 





22.04.2016    çap et  çap et