525.Az

İtaliya ictimaiyyəti Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatlandırılır


 

İtaliya ictimaiyyəti Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatlandırılır<b style="color:red"></b>

Aprelin 21-də Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə “SkyTG24” kanalının jurnalisti Monika Peruzziyə müsahibə verib.

Səfirlikdən 525.az-a verilən məlumata görə, müsahibə həmin gün kanalın xəbərlər proqramında gün ərzində bir neçə dəfə yayımlanıb.

M.Əhmədzadə müsahibədə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, doğurduğu ağır nəticələr, həyata keçirdiyi etnik təmizləmə siyasəti və münaqişənin həllinə dair ölkəmizin mövqeyi barədə məlumat verib.

Müsahibə zamanı təmas xəttindəki son gərginlik vaxtı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisi və obyektlərinə vurulmuş ziyanı əks etdirən kadrlar nümayiş etdirilib.

Habelə Ermənistanın İtaliyadakı səfiri Sarkis Qazaryanın İtaliyanın “Libero” qəzetində münaqişə və təmas xəttində son vəziyyətlə bağlı yalan məlumatlara əsaslanan müsahibəsinə cavab olaraq həmin qəzetin 16 aprel tarixli çap versiyasında səfir M.Əhmədzadənin “Həqiqi cinayətləri ermənilər törədir” adlı məktubu bəzi ixtisarlarla dərc olunub.

Yazıda M.Əhmədzadə erməni səfirinin yalan məlumatlarını ifşa edərək münaqişə və təmas xəttindəki son vəziyyətlə əlaqədar həqiqətlər haqda məlumat verib, habelə Azərbaycanın multikulturalizm modeli, bunun beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi, bu xüsusda 25-27 aprel tarixlərində Azərbaycanın BMT Sivilizasiyalarası Alyansı Qlobal Forumuna ev sahibliyi edəcəyi barədə məlumat verib.

Səfir bildirib ki, yaxşı olardı, erməni səfiri nə səbəbdən münaqişə vaxtı azərbaycanlı mülki əhaliyə qarşı vəhşiliklər törətmiş Ermənistan silahlı qüvvələrinin tərkibində ASALA erməni terrorçu təşkilatının üzvlərinin vuruşduğuna, eyni zamanda Ermənistanın 20 ildən artıq Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış əraziləri olan Dağlıq Qarabağ və 7 ətraf rayonunu işğal altında saxladığına və bu ərazilərdən bütün azərbaycanlı əhalini didərgin saldığına aydınlıq gətirsin.

Aidiyyəti mövzuda səfirliyin yaydığı mətbuat açıqlaması aprelin 21-də İtaliyanın “Il Primato Nazionale” analitik-informasiya portalında da yerləşdirilib.

(http://www.ilprimatonazionale.it/esteri/la-voce-dellambasciata-dellazerbaijan-43805/). 

Müsahibənin videoyazısı ilə buradan tanış ola bilərsiniz:
http://video.sky.it/news/mondo/nagorno_karabakh_riesplode_la_violenza/v280752.vid

 





22.04.2016    çap et  çap et