525.Az

Gəncədə jurnalistin həyat və yaradıcılığına həsr olunmuş anım tədbiri


 

Gəncədə jurnalistin həyat və yaradıcılığına həsr olunmuş anım tədbiri<b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin Gəncəbasar bölməsində cəmlənmiş yaşlı yazarlar və qədirbilən oxucular jurnalist Qasım Qırxqızlının anım gününü qeyd ediblər.

Uzun illər “Xocalının səsi” qəzetində mərhumla birgə çalışmış şairə-publisist Mahirə Kərimova unudulmaz iş yoldaşının ağrı-acılı həyat yolundan, ciddi jurnalistikaya bağlılığından danışıb.

Ahıl Jurnalistlər Məclisi Gəncəbasar bölməsinin rəhbəri, əməkdar jurnalist, Prezident təqaüdçüsü Əhməd İsayev illər boyu yaxın münasibətdə olduğu qələm dostunun qəzetçilik fəaliyyətindən söz açaraq bildirib ki, Qasım Qırxqızlı 1945-ci ilin dekabr ayında Laçın rayonunda anadan olub. Qarabağ müharibəsindən əvvəl bu bölgədə çalışıb. Cəmirli kənd məktəbinin direktoru, Kərkicahan qəsəbə sovetinin sədri olub. Qarabağ müharibəsində iştirak edib. 1992-ci ildə məcburi köçkün kimi Gəncə şəhərində məskunlaşandan ömrünün sonuna kimi “Xocalının səsi” köçkün qəzetinin redaktoru olub. “Tərəqqi” medalına və “Qızıl qələm” mükafatına layiq görülüb.

Mərasimdə bildirildi ki, köçkünlükdə fəaliyyət göstərən Xocalı rayonunun imkanları məhdud olduğundan Qasım müəllim qəzeti böyük çətinliklə qohumların, dost-tanışların köməyi ilə çıxarıb. Xocalılarının arzu-istəklərinə, dərd-sərinə qədərincə bələdçilik edib. Şəhid şəhərin tarixi

barədə yazıları, üzləşdiyi soyqırım haqqında xarici və daxili mətbuatdakı materialları toplayıb ardıcıl olaraq oxuculara çatdırıb. O, çoxsaylı məqalələrin və sənədli məcmuələrin, 12 kitabın müəllifi olub.

Ömrü Xocalı köçkünlərinin məskunlaşdığı müxtəlif ünvanlarda keçən cəfakeş jurnalist 2015-ci il oktyabrın 30-da Qarabağ ağrısı ilə dünyasını dəyişib. Tanışları və dostları onu həmyerlilərinin məskunlaşdıqları Göygöl rayonunun Lüləli kəndində dəfn ediblər.

Qədirbilən oxucular və etibarlı dostlar hazırda nakam jurnalist haqqında xatirə kitabı hazırlayırlar.

 





23.04.2016    çap et  çap et