525.Az

Azman


 

Azman<b style="color:red"></b>

Bu yaxınlarda 8 Mart münasibətilə bir qadın Feysbukda maraqlı bir status yazmışdı: “Sevgilim, mən bu gün səndən heç bir hədiyyə gözləmirəm. Bunun üçün 364 gün var”.

Əslində elə dəyərlər var ki, onu doğrudan da bir günə sığışdırmaq olmur. Təxminən iki ay əvvəl məşhur jurnalist Şakir Yaqubovun növbəti ad günü yaxınlaşanda bu qeydləri yazmaq qərarına gəldim. Amma tez də fikrimdən daşındım. Əvvəla, onun bu barədə kompleksli biri olduğunu lap çoxdan bilirəm. İkincisi, onu tanıdığım 25 ilə yaxın müddətdə heç vaxt belə şeylər üçün nəinki xüsusi canfəşanlıq göstərdiyini, əksinə, o qədər də xoşhallıqla qarşılamadığının şahidiyəm. Ona görə də, belə qənaətə gəldim ki, onun haqqında yalnız yubiley və ya ad günlərində deyil, hər vaxt və həmişə söhbət açmaq olar...

Onsuz da hər dəfə oxucusu barmaqla sayılan qəzet-jurnallarla, cümləsinin başı-ayağı bilinməyən saysız-hesabsız saytlardakı materiallarla tanış olanda, televiziya və radio verilişlərinə qulaq asanda istər-istəməz düşünürəm: görəsən, o da bunları oxuyurmu? Oxuyursa, hansı hissləri keçirir, necə reaksiya verir? Axı həmin kütləvi informasiya vasitələrində dərc olunan qeyri-dəqiq, əksər hallarda həqiqəti əks etdirməyən və qeyri-səlis ifadələrlə dolu cümlələr ən adi oxucunu qəzəbləndirirsə, gör onda ustad jurnalistdə hansı reaksiya doğurur?

Bir neçə il əvvəl istedadlı yazıçı Baba Vəziroğlu ad günü ilə əlaqədar müsahibəsində illər ötdükcə yaşlanmağı barədə suala cavab verərkən demişdi: “Əgər rəqəmlərin artmağı heç nəyə mane olmursa, qoy artsın”. Maraqlı cavabdır, deyilmi?

Amma Şakir müəllimin həyatında belə deyil axı... Yaşının artmağı onun üçün problemlər yaradıb. Bir neçə dəfə həkim naşılığı ilə üzləşib. Onun üzərində aparılan bir əməliyyat uğursuzluqla nəticələnib, digər əməliyyatdan sonra bir ayağının damarları işləməyə başlasa da,

digər ayaq damarlarında tutulma baş verib. Özü demişkən, apardığı əməliyyatların yüksək səmərəsi ilə seçilən məşhur kardioloq-cərrahın ən uğursuz xəstələrindən olub.

Yeri gəlmişkən, həmin əməliyyatlardan sonra özünü “ikinci dərəcəli əlil” hesab edən Şakir müəllimə bir dəfə İctimai Televiziyada mətbuat haqqında veriliş aparan təcrübəli həmkarı zəng edərək, verilişinə dəvət etmək istəyir. Telefonla hal-əhval tutmaq istəyən təcrübəli həmkarının onun səhhəti, sağlamlığı barədə sualına Şakir müəllim öz incikliyini özünəməxsus şəkildə ifadə etmək üçün bir qədər rəngləri tündləşdirərək cavab verib: “Neçə vaxtdır ki, ikinci dərəcəli əliləm, araba ilə gəzirəm...” Əlbəttə ki, həmkarı qələm dostunun sağlamlıq durumuna görə çox məyus olur və səhəri günü televiziya efirindən elə bu cür də deyir: “Biz bu verilişə təcrübəli jurnalist, əməkdar mədəniyyət işçisi Şakir Yaqubovu da dəvət etmək fikrində idik. Amma dünən ona zəng edəndə məlum oldu ki, o artıq neçə illərdir ki, ikinci dərəcəli əlildir və araba ilə gəzir...”

Maraqlıdır ki, Şakir müəllim həmin vaxt ekran qarşısında əyləşib verilişə tamaşa edirmiş...

Mərhum xanəndə Hacıbaba Hüseynov ömrünün ixtiyar çağlarında həmişə gileylənirmiş ki, həyatda üçüncü bir adama, ədalətli münsifə çox böyük ehtiyac duyur. Bir qəzəl oxuyursan, biri deyir olar, biri deyir yox, onda mən hardan alım Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini ki, ədalətli münsif kimi hər şeyi yerbəyer eləsin. Yaxud bir qəzəl yazıram, biri qəbul edir, o biri yox. Onda mən hardan alım Əkrəm Cəfəri, Əli Fəhmini ki, münsif kimi nəyin doğru, nəyin yanlış olduğunu göstərsin. Bu gün Azərbaycan jurnalistikasının böyük xoşbəxtliyidir ki, onun məhz Şakir Yaqubov kimi azman bir sənətkarı, ustadı var.

Hər gün sayt və xəbər portallarında, müxtəlif mətbuat səhifələrində, qəzet və jurnallarda baş-ayaq cümlələri, alaşıq-dolaşıq ifadələri, məna və üslub xətalarını görəndə istər-istəməz Şakir müəllim yada düşür və onun redaktor qələminin yeri görünür. Bu gün Azərbaycan jurnalistikasının bədbəxtliyidir ki, belə bir azman sənətkarın təcrübəsi, bilik və bacarığı öyrənilmir, mətbuata qədəm qoyan gənclərin böyük əksəriyyəti təəssüf ki, onun sənətkarlıq və yaradıcılıq qabiliyyətindən, demək olar ki, xəbərsizdir. Halbuki “Şakir Yaqubov məktəbi” açmağa, onun ustad dərslərini dinləməyə çox böyük ehtiyac var...

Şakir Yaqubovu “səyyar ensiklopediya” adlandıranlar haqlıdırlar. İndiki dövrdə məlumatları dəqiqləşdirmək üçün internet, qooql, vikipediya və s. kimi mənbələr var və müasir dövrdə hansısa məlumatı çox rahatlıqla oradan əldə etmək mümkündür. Amma əvvəllər bu mənbələr yox idi axı?! Hansı plenumun, hansı sessiyanın nə vaxt keçirildiyini, hansı qərarın nə vaxt və neçənci ildə verildiyini öyrənmək üçün gərək arxivləri ələk-vələk edəydin, kitabları, qəzet-jurnalları vərəqləyəydin. Məhz belə məqamlarda onun yaddaşından etibarlı mənbə yox idi. Nəinki iş yoldaşları, hətta digər qəzet və jurnallarda işləyən həmkarları da lazımi məlumatı dəqiqləşdirmək üçün həmişə ona üz tutublar.

Onun fenomen yaddaşı barədə danışarkən universal biliyini də qeyd etmək yerinə düşər. Vaxtilə Neft Akademiyasının Energetika fakültəsində güc-bəla ilə oxuyan qohumu diplom işini kiməsə yazdırmaq fikrinə düşür və ondan bu işi bacaran bir nəfər tapmağı xahiş edir. Şakir müəllim ondan mövzuya aid ədəbiyyat tapıb gətirməyi xahiş edir. Gələcək “energetik” onları tapıb gətirəndən sonra Şakir müəllim qolunu çırmayıb, bir neçə günə diplom işini yazır. Əsasən “kafi” qiymətlə oxuyan tələbə diplom işinin müdafiəsi zamanı mövzunu hərtərəfli və əhatəli işlədiyinə görə “əla” qiymətə layiq görülür...

Ustad jurnalist Şakir Yaqubov qəzet işinin, jurnalistikanın böyük peşəkarı, mükəmməl bilicisi olmaqla yanaşı, həm də onun “xəstəsidir”. Ötən əsrin 90-cı illərinin axırlarında xəstəxanada müalicə olunarkən, həkimlər bir müddət ona qəzet-jurnal oxumağı qadağan ediblər. Lakin bir gün də olsa mütaliəsiz yaşaya bilməyən Şakir müəllim bundan da “çıxış yolu” tapır. Ona zəng edən dost-tanış, həmkarları və yanına gəlmək istəyənlərin hərəsinə iki-üç qəzet almağı xahiş edir. Həkim otağa girəndə onun çarpayısının yanındakı mizin üstündə qalaqlanmış qəzetləri görəndə təslim olmaqdan başqa yol görmür...

Bu gün əvəzsiz redaktor, yüksək səviyyəli naşir, azman jurnalist kimi tanınan Şakir Yaqubov imzası dövri mətbuatda ötən əsrin 60-cı illərindən görünməyə başlayıb. Universitetin Kitabxanaçılıq fakültəsində oxuya-oxuya “Azərbaycan gəncləri” qəzeti ilə əməkdaşlıq etməyə

başlayıb. Az sonra həmin qəzetin redaksiyasında adına əmək kitabçası açılıb, ədəbi işçi, şöbə müdiri olub. “Kommunist” (“Xalq qəzeti”) qəzetində şöbə müdiri, məsul katib, “Həyat”, “Azərbaycan”, “Səhər” qəzetlərində baş redaktorun birinci müavini vəzifələrində işləyib. Harda işləyibsə, vicdanla, məsuliyyətlə çalışıb, hələm-hələm onun redaktor qayçısından yerinə düşməyən bir ifadə, bir söz belə yayınmayıb. Çoxlu tərcümələri ilə tanınan Şakir Yaqubov həm də müxtəlif vaxtlarda qələmə aldığı “Mən şahidəm ki...”, “Bizim səfər haçandır?”, “Hakim mərkəzi göstərir”, “Banışevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən” və s. kitabların müəllifidir.

Müasir jurnalistikanın ən peşəkar nümayəndələrindən olan Şakir Yaqubovun yaradıcı ömrünü bütünlüklə qəzetçilikdən və qələmə aldığı kitablardan ibarət hesab eləmək düzgün olmaz. O, peşəyə könül verən ən istedadlı və bacarıqlı gənclərin qolundan tutub, onların ən tələbkar və prinsipial müəllimi, yolgöstərəni olub. Zəngin bilik və bacarığı, böyük təcrübəsi sayəsində Şakir Yaqubov məktəb səviyyəsinə yüksəlib. Bu məktəbin məzunu olan kifayət qədər peşəkar jurnalist nəsli yetişib: mərhum Adil Qaçayoğlu, Müsəllim Həsənov, Elşən Əliyev, Rövşən Binnətli, Hikmət Sabiroğlu, İmran Bədirxanlı, Aydın Canıyev...

Vaxtilə ustad qələm sahibinin yaradıcılıq çeşməsindən su içən gənc həmkarları daim onunla görüşür, zəngləşir, ünsiyyət qurur, məsləhət alırlar. Şakir Yaqubov bu gün onlarca kitabın redaktoru və ya ön sözün müəllifidir. Zaman keçsə də, informasiya texnologiyaları öz hökmünü versə də, indinin özündə də epistolyar formada onunla yazışanlar var. Budur, bir vaxtlar onunla bir yerdə işləyən, nisbətən gənc həmkarlarından biri yazır:

“Əzizim Şakir müəllim!

Sizi çox sevdiyimi bilirsiniz - qədərini bilməsəniz də... Ancaq bunu gizlətməyə də ehtiyac görmürəm. Mübaliğəsiz deyirəm ki, sizinlə bir dövrdə, bir zamanda yaşadığım üçün özümü xoşbəxt sayıram. Təbii ki, özünüz məndən də yaxşı bilirsiz - xarakterinizdəki sərtliyə, haqqı nahaqqa verməməyə, istedadsıza “yox” dediyinizə görə çox vaxt sizi bəyənməyib, tükənməz istedad və bacarığınıza baxmayaraq hətta giley-güzar da ediblər. Amma mən belələrinin nə özlərini ciddiyə almışam, nə də arqumentlərini. Axı siz istedadsınız, başqa necə olmalıdır? Qoy onlar necə hesab edir-etsin, amma sizinlə bir neçə il “Səhər”, iki il “Panorama” qəzetlərində işlədiyimi, XXI əsr girəndən həftədə, ayda bir dəfə olan görüşlərimizi ömrümün çox qiymətli və unudulmaz anları hesab edirəm.

Yaxşı bilirəm ki, sizin də tərifdən xoşunuz gəlmir və çox düz də edirsiz. Amma mən bunu həmişə yox, ildə bir dəfə ad gününüzdə söyləməkdən də vaz keçə bilmirəm. Yaxşı ki, varsız, Şakir müəllim! Əgər siz olmasaydız, onda biz nəyi necə yazmağı, kimə nə sual verməyi, hansı sözün, cümlənin necə dəqiq tərcümə olunduğunu, hansı sözün necə yazıldığını kimdən öyrənərdik? Bəlkə də kiməsə çox adi görünür, elə sözlər var ki, özüm bir cürə bilirəm, indiki mətbuat bir cürə yazır, orfoqrafiya lüğətində isə başqa cür verilib. Mən həmin məqamlarda yeganə düzgün qərar sizin dediyinizi hesab edirəm...

Babəkin anasına sual verirlər: oğlunuz hansı at üstündə döyüşüb? Deyir ki, mənim oğlum at üstündə yox, ad üstündə döyüşüb. Bəli, siz də təmiz, ləkəsiz adınızı həmişə qorumusunuz, uca tutmusunuz və o təmizliyin, ucalığın, düzlüyün yanına bir peşəkarlıq da əlavə etmisiniz.

Hərbi xidmətdə olarkən sıraya düzülmüş əsgərlərə “düzlən!” komandası veriləndə hamı özündən soldakı dördüncü əsgərin sinəsinə baxıb düzlənir. Siz bütün vicdanlı və təpərli jurnalistlər, qələm adamları üçün “düzlən!” komandasısınız.

Biz sizi çox sevirik, Şakir müəllim - arada diskussiya və mübahisələrimizə baxmayaraq...

Biz sizi həmişə və hər vaxt xatırlayırıq - bəzən gec-gec zəng etməyimizə baxmayaraq...

Biz sizi heç vaxt unutmuruq - həmişə yadda olanı necə unutmaq olar?..

Arzu edirəm ki, təzələnən zaman sizə ancaq təqvim ili kimi əlamətdar olsun, yaşınız üstünə gələn il sizə ancaq yaş dəyişikliyi gətirsin, canınız həmişə sağ, nəfəsiniz üstünüzdə, əliniz kürəyimizdə olsun!

Şakir müəllim, siz bizim dostumuz, böyük qardaşımız və ağsaqqalımızsınız. Dost kimi sizin zarafatlarınıza, qardaş kimi məsləhətlərinizə, ağsaqqal kimi öyüd-nəsihətinizə həmişə ehtiyacımız var. Allah sizi dostluqdan, qardaşlıqdan və ağsaqqallıqdan əskik etməsin!”

Bu sətirlərin altından məmnuniyyətlə mən də öz imzamı qoyardım.

Süleyman QARADAĞLI

 





25.04.2016    çap et  çap et