525.Az

Doha görüşü: neft istehsalçıları hasilatın səviyyəsini dondura bilmədilər


 

Doha görüşü: <b style="color:red">neft istehsalçıları hasilatın səviyyəsini dondura bilmədilər</b>

Bir neçə gün əvvəl Qətərin paytaxtı Dohada neft istehsal edən ölkələrin nümayəndələri hasilat səviyyəsinin dondurulması məsələsini müzakirə etdilər, lakin müvafiq razılaşma əldə etmək mümkün olmadı.

Danışıqlarda 18 ölkə – OPEK-in 13 üzvündən 11-i (İran və Liviya nümayəndələri Dohaya gəlməmişdilər), həmçinin kartelin üzvü olmayan Rusiya, Qazaxıstan, Azərbaycan, Bəhreyn, Kolumbiya, Meksika və Oman iştirak edirdi. Təxminən 12 saat davam etmiş müzakirələr saziş imzalanmadan başa çatdı.

Qətərin neft naziri Məhəmməd bin Saleh Sadə görüşün nəticələrini şərh edərkən bildirmişdir ki, iştirakçılar məsləhətləşmələr aparmaq üçün daha çox vaxta ehtiyac duyurlar. Yəni OPEK-in üzvləri əvvəlcə öz aralarında vahid mövqeyə gəlməli, sonra isə kartelin üzvü olmayan neft istehsalçıları ilə danışmalıdırlar. Odur ki, danışıqların növbəti dövrəsi OPEK-in iyuna planlaşdırılmış sammitindən sonra keçirilə bilər.

Qeyd edək ki, dünya neft bazarında vəziyyəti sabitləşdirmək və "qara qızıl''ın qiymətinin aşağı düşməsinin qarşısını almaq təşəbbüsü ilə bu ilin fevralında Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela çıxış etmişdi. Təşəbbüsü reallaşdırmaq üçün OPEK və təşkilata daxil olmayan neft ölkələrinin görüşünü keçirmək qərara alınmışdı. Nəhayət, Doha görüşü baş tutdu, amma Qətər paytaxtının evsahibliyi etdiyi danışıqlara bəslənən ümidlər özünü doğrultmadı.

Dohada görüş zamanı neft hasilatının müvəqqəti olaraq 2016-cı il oktyabrın 1-dək cari ilin yanvar səviyyəsində dondurulması barədə saziş imzalamaq nəzərdə tutulurdu. Oktyabrda isə neft bazarında vəziyyətin sabitləşdirilməsinə yönəlik növbəti addımlar atmaq üçün daha bir görüş keçirmək planlaşdırılırdı. Razılaşmaların icrasına nəzarət etmək məqsədilə xüsusi komissiya yaradılmalı idi. Amma danışıqlar ərəfəsində baş vermiş hadisələr hər hansı nəticə əldə etməyə imkan vermədi.

Hələ görüşdən çox-çox əvvəl Səudiyyə Ərəbistanı təkrar-təkrar bəyan edirdi ki, hasilat səviyyəsinin dondurulması, yaxud azaldılmasına yalnız İranın analoji addım atacağı təqdirdə gedə bilər. Aydındır ki, Ər-Riyadı neft bazarında payını itirmək ehtimalı qayğılandırır, çünki bazara çıxarılmayan Səudiyyə neftinin yerini dərhal başqa ölkələrin nefti tutacaq.

İran isə hazırda nəinki hasilatı dondurmaq barədə düşünmür, hətta hasilatın səviyyəsini beynəlxalq sanksiyalardan əvvəlki səviyyəyə – 4 milyon barel/gün səviyyəsinə çatdırmağı planlaşdırır (hazırda ölkə gündə 3,29 milyon barel neft istehsal edir). Tehranın nəzərdə tutulan səviyyəyə cari ilin axırınadək nail olacağı gözlənilir. İran yalnız bundan sonra hasilat səviyyəsinin dondurulması barədə danışıqlara qoşula bilər. Odur ki, İran Doha görüşünə nümayəndə göndərməyi lazım bilmədi, halbuki Qətər paytaxtında keçirilən danışıqlarda təmsil olunacağını bəyan etmişdi. Tehranın nümayəndəsi danışıqlara qatılmadığından onun hər hansı sənədə imza atması və ölkənin üzərinə müəyyən öhdəliklər götürməsi mümkün deyildi.

Belə olan təqdirdə Səudiyyə Ərəbistanı və bəzi Körfəz ölkələri Doha sazişini imzalamaqdan imtina etdi. Bununla belə, müşahidəçilər hesab edirlər ki, görüşün uğursuzluqla başa çatmasında İran amilinin rolunu şişirtməyə dəyməz: Tehran neft hasilatını artıracağını bəyan etsə də, rəqiblər onun bazara daha çox neft çıxarmasına mane olacaqlar.

Beləliklə, neft bazarında təkliflə tələbi tarazlaşdırmaq üçün növbəti cəhd uğursuzluğa düçar oldu. Bəs "qara qızıl''ın gələcək taleyi necə olacaq?

Müşahidəçilər belə bir məqama diqqət yetirirlər ki, son vaxtlar neftin bahalaşması obyektiv amillərdən qaynaqlanmır, daha çox Doha görüşü ilə bağlı elə bir əsası olmayan gözləntilərə əsaslanırdı, çünki dünya bazarında təklif azalmamışdı. Yeri gəlmişkən, ekspertlər Dohada hətta hansısa formal sazişin imzalanacağı təqdirdə neftin təxminən 20 faiz ucuzlaşacağını proqnozlaşdırırdılar. İndi uğursuz görüşdən sonra "qara qızıl''ın 1 barelinin qiymətinin 35, hətta 30 dollaradək aşağı düşəcəyi barədə fikirlər səslənir.

Bununla belə, əksər ekspertlər gələcəkdən bədbin deyillər. Onların fikrincə, neftin qiyməti kəskin şəkildə aşağı düşməyəcək və yaranmış vəziyyəti fəlakət kimi qiymətləndirməyə dəyməz. Əvvəla, Doha görüşünün iştirakçıları hesab edirlər ki, hazırda neft bazarı fevral ayında olduğundan daha sağlamdır. Qiymət dinamikasına bazarın müvəqqəti yox, fundamental amilləri daha çox təsir göstərəcək. Üstəlik, hasilatın səviyyəsini dondurmaq məsələsi hələ arxivə verilməmişdir – iri neft hasilatçıları görüş üçün qapını açıq saxlamışlar. Bu isə bazarın çalxalanmasının qarşısını alacaq. Digər tərəfdən, qeyri-ənənəvi neftin istehsalı və investisiya qoyuluşu azalır, nəticə etibarilə bazara çıxarılan karbohidrogen həcminin aşağı düşəcəyi ehtimal edilir. Bu baxımdan şist nefti istehsalı sahəsində fəaliyyət göstərən ABŞ şirkətlərinin hazırkı vəziyyəti ürəkaçan deyil: həmin şirkətlərin bir hissəsi məhsulun maya dəyəri nisbətən baha olduğundan bazardan çıxmaq məcburiyyətində qalacaq. Ona görə də güman edilir ki, dünya neft bazarı müvafiq saziş olmadan da öz-özünü tarazlayacaq. Ekspertlər bazarda vəziyyətin cari ilin ortalarında, yaxud gələn ilin əvvəllərində sabitləşəcəyini proqnozlaşdırırlar.

Hazırda neft bazarına təkcə Doha danışıqları yox, həm də Küveytdə tətil təsir göstərir. Ölkənin dövlət neft şirkətlərinin işçiləri hökumətin maaşları və güzəştləri azaltmaq planına etiraz əlaməti olaraq işi dayandırmışdılar. Müəssisələr hasilatı azaltmaq məcburiyyətində qalmışdır. Nəticədə dünya bazarına gündə 1,5-1,8 milyon barel az neft çıxacaq. İşçilərlə şirkətlər arasında münaqişəni həll edib hasilatı əvvəlki səviyyəyə (2,8 milyon barel/gün) qaytarmaq üçün 3-5 həftə vaxt lazımdır.

Newtimes.az
Allahverdi Mehdiyev

 





26.04.2016    çap et  çap et