525.Az

“Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir”


 

“Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir”<b style="color:red"></b>

“Tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir".

Bu sözləri “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov ölkəmizdə təşkil olunan mötəbər tədbirlə bağlı “525”ə fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artması, Azərbaycan xalqının tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətli rol oynayır: “Forumun Bakıda keçirilməsinin əhəmiyyəti 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədardır”.

M.Seyidov bildirib ki, bu,  Forumdan bir gün qabaq gənclərlə bağlı tədbirin keçirilməsi toplantının işinə xüsusi bir rəng qatıb: “Bu, tədbirin məqsədi dünyanın müxtəlif ölkələrindən çoxlu sayda gənci bir araya toplayaraq qarşıda duran məqsədlərə nail olmaq üçün onların fikir və düşüncələrini öyrənməkdir. Üç gün davam edəcək Forumun işində mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, bu baxımdan yeni mənbələrin müəyyənləşdirilməsi və sair məsələlər öz əksini tapacaq”.

Bu gün Azərbaycanın Ermənistanın işğal siyasətini ifşa etmək üçün həyata keçirdiyi siyasətin bir qanadının da tolerantlıq siyasəti ilə üzvi şəkildə bağlı olduğunu deyən təşkilat sədri qeyd edib ki, dünənə qədər Azərbaycan və azərbaycanlıları dünyaya qəddar, irqçi kimi tanıtmağa çalışan erməni lobbisi bu gün çıxılmaz duruma düşüb: “Çünki hazırda dünya ölkələrinin böyük əksəriyyəti Azərbaycanın tolerantlıq modelini yüksək qiymətləndirir, digər dövlətlər üçün nümunəvi səciyyə daşıdığını açıq şəkildə etiraf edir. Bu isə o deməkdir ki, qəddar bir xalq tolerantlıq nümunəsi yarada bilməz”.

M.Seyidov vurğulayıb ki, Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında dövlətlə vətəndaş cəmiyyətinin birgə fəaliyyəti öz müsbət nəticələrini verməkdədir: “Hesab etmək olar ki, bu hücum diplomatiyasının ən uğurlu nəticələrindən biridir. Tək elə Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyəti kifayət qədər diqqəti cəlb edir”.

Rəsmi Bakının Dağlıq Qarabağ probleminin həlli istiqamətində kifayət qədər ciddi addımlar atdığını bildirən təşkilat sədri qeyd edib ki, son on ildə dünyada gənclər təşkilatlarının da fəallığı xeyli güclənib: “Hazırda dünyada zorakılıqlara qarşı, münaqişələrdə uşaqların üzləşdiyi problemlərin aradan qaldırılması və digər istiqamətlərdə gənclərin fəallığı daha da artıb. Bu mənada, qeyd etmək olar ki, Azərbaycan dövləti də gənclərin səsinin dünyaya çatdırılması istiqamətində beynəlxalq miqyasda təşəbbüsləri dəstəkləyir. Ona görə də, əminlikdə deyə bilərik ki, Bakıda keçirilən Qlobal Forum bütün dünyada anlaşma və əməkdaşlığın təbliği ilə bağlı göstərilən birgə səylərə öz töhfəsini verəcək”.

Ceyhun ABASOV

 





26.04.2016    çap et  çap et