525.Az

"Bu forumun Azərbaycanda keçirilməsi dünya üçün əhəmiyyətli hadisədir"


 

"Bu forumun Azərbaycanda keçirilməsi dünya üçün əhəmiyyətli hadisədir"<b style="color:red"></b>

"BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi region, ümumilikdə dünya üçün olduqca əhəmiyyətli hadisədir". 

Bu barədə millət vəkili Şahin İsmayılov forumla bağlı fikrilərini açıqlayarkən bildirib. Onun sözlərinə görə, Azərbaycan həm yüksək səviyyəli dinlərarası və millətlərarası münasibətləri, həm də tolerantlıq modeli ilə dünyaya nümunə olacaq dövlətdir. Azərbaycanın belə təşəbbüslərlə çıxış etməsi, belə mötəbər Forumun ölkəmizdə keçirilməsi qanunauyğunluqdur. 

O bildirib ki, ölkəmiz son vaxtlar çox böyük tədbirlərə ev sahibliyi edir:

"Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınmağa başlanıb. Təsadüfi deyil ki, l Avropa Oyunları, Formula l yarışları, şahmat üzrə dünya çempionatı, IV İslam Həmrəyliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Bu da növbəti belə tədbirlər sırasındandır. Vll Qlobal Forumda dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət və ictimai xadimlər, nazirlər, nüfuzlu beynəlxalq qurumların, dünyada tanınmış beyin mərkəzlərinin rəhbərləri, diplomatlar, elm adamları və digər şəxslər də daxil olmaqla 3000 nəfərdən çox adamın iştirakı nəzərdə tutulub. Bu həm də ölkəmizdəki tolerant mühitin, gəldiyimiz inkişaf nöqtəsinin, stabil iqtisadi inkişaf modelinin dünyaya tanıdılması baxımından böyük imkandır. İnanıram ki, bu Forum öz işini uğurla başa vuracaq və iştirak edən nümayəndələr Azərbaycanla bağlı gözəl təəssüratlarla ölkələrinə yola düşəcək, ölkəmizin təbliğatı və Azərbaycan reallıqlarının dünyaya tanıdılması baxımından nümunə olacaqlar".

Millət vəkili qeyd edib ki, Forumun mövzuları kifayət qədər hərtərəflidir:
 
"Forumda ekstremizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşlıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman, gənclərin rolu, Bakı prosesi, inkluziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlər müzakirə ediləcək. Burada gənclərlə bağlı ayrıca panel müzakirələrinin keçirilməsi olduqca təqdirəlayiq addımdır. Bildiyiniz kimi, gənclər sahəsi Azərbaycanda dövlət siyasətinin ayrılmaz və aparıcı hissələrindən biridir. Ölkəmizin özünəməxsus gənclər siyasəti modeli vardır. Bu Forum gənclərimiz üçün bilik və bacarıqlarını sərgiləmək, Azərbaycan həqiqətlərini müxtəlif ölkələrdən olan nümayəndələrə çatdırmaq baxımından əlverişli platformadır. İnanıram ki, gənclərimiz Forumda yüksək aktivliklə iştirak edəcək, ölkəmizin dünyaya tanıdılması, onun təbliği istiqamətində əllərindən gələni edəcəklər".

Millət vəkili Fəzail Ağamalı isə deyib ki, BMT-nin Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun Azərbaycanda keçirilməsi çox əhəmiyyətli bir hadisədir.
 
Onun sözlərinə görə, müstəqillik illərində mühüm nailiyyətlərə imza atan Azərbaycan məqsədyönlü siyasəti ilə beynəlxalq münasibətlər sistemində layiqli yerini tutub:

"Vll Qlobal Forumda dünyanın 150 ölkəsindən 3000 nəfərdən çox adamın iştirakı nəzərdə tutulub. Onların arasında dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət və ictimai xadimlər, nazirlər, nüfuzlu beynəlxalq qurumların, dünyada tanınmış beyin mərkəzlərinin rəhbərləri, diplomatlar, elm adamları və digər şəxslər var.  Bütün bunlar Azərbaycana verilən yüksək qiymətin təzahürüdür".
 
Forumda Azərbaycan prezidenti  İlham Əliyevin ev sahibi kimi giriş nitq söyləyəcəyini qeyd edən millət vəkili bildirib ki, ölkəmizə gələn qonaqlar Azərbaycanla daha yaxından tanış olacaqlar:

"Forum iştirakçıları Azərbaycanın tolerant ölkə, multikulturalizm məkanı olduğunu öz gözləri ilə görəcəklər. Bundan əlavə, beynəlxalq tədbirdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi konkret faktlarla iştirakçıların diqqətinə çatdırılacaq. Burada BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinin olduğu yada salınacaq. Bütün bunlar Azərbaycan üçün önəmli və vacibdir". F. Ağamalı qeyd edib ki, artıq Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınır: "Forum zamanı bütün diqqət məhz Azərbaycana yönələcək. Son illər ölkəmizdə beynəlxalq forumların keçirilməsi artıq ənənə halına çevrilib. Azərbaycan bu cür beynəlxalq tədbirlərə ev sahiblik etməklə ölkəmizin təkcə idman və ya musiqi  yarışlarına deyil, eləcə də hər cür beynəlxalq tədbirləri yüksək səviyyədə həyata keçirmək imkanına malik olduğunu bir daha göstərmiş olur. Hesab edirəm ki, BMT-nin Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha artıracaq".

Qeyd edək ki, dünən Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumu baş tutub. Bu gün isə forumun rəsmi açılışı olacaq. Aprelin 27-dək davam edəcək tədbirdə bir sıra ölkələrin rəhbərləri, hökumət başçıları, parlamentlərin sədrləri və digər yüksək səviyyəli şəxslər iştirak edəcək.

PƏRVANƏ

 





26.04.2016    çap et  çap et