525.Az

Müşahidə Şurası və İdarə Heyəti sədri vəzifəsində ən uzun müddət çalışan bankirlər


 

Müşahidə Şurası və İdarə Heyəti sədri vəzifəsində ən uzun müddət çalışan bankirlər<b style="color:red"></b>

Azərbaycanın bank sektoru ümumilikdə ciddi kadr dəyişikliklərinə alışqan deyil. Düzdür, ara-sıra hansısa bankın Müşahidə Şurası və ya İdarə Heyətinin sədri dəyişir, lakin bunu mətbuatın dili ilə desək "gündəmi partladacaq bomba" adlandırmaq olmaz. Biz daha çox müavin və ya üzv səviyyəsində kadr dəyişikliyinə alışmışıq.
 
"APA-Economics" Azərbaycan banklarında uzun müddət Müşahidə Şurası və İdarə Heyəti sədri vəzifəsini tutan şəxslərlə bağlı araşdırma aparıb.
 
Öncədən bir zəruri qeyd aparaq ki, bəzi bankların rəhbər şəxsləri barədə nə bankın saytında, nə də digər resurslarda dolğun məlumat yoxdur.
 
Başlayaq Müşahidə Şurası sədri vəzifəsini tutan şəxslərdən. Burada mütləq lider "AmrahBank"ın rəhbəri Yunis İldırımzadədir. 1993-cü ildə bankı təsis edən təcrübəli  bankir həmin dövrdən banka rəhbərlik edir.
 
İkinci yerdə "DəmirBank"ın rəhbəri Rəhman Hacıyev qərarlaşıb. Öncədən qeyd edək ki, R. Hacıyev 1977-ci ildən bank sistemində çalışır. 1989-cu ildə "DəmirBank"ı təsis edən R. Hacıyev 1994-cü ilədək bankda İdarə Heyətinin, həmin dövrdən bu günə qədər isə Müşahidə Şurasının sədridir.
 
Üçüncü yerdə birdən-birə üç bankir qərarlaşıb - Çingiz Əsədullayev ("AGBank"), Elçin İsayev ("Bank of Baku") və Rasim Poladov ("Parabank"). Hər üç şəxs 1997-ci ildən Müşahidə Şurasının sədri kimi çalışır.
 
İlk beşlikdə daha bir təcrübəli bankirin adına rast gəlmək olar. "Rabitəbank"ın rəhbəri Zakir Nuriyev 1998-ci ildən bankın sükanı arxasındadır. O, eyni zamanda Azərbaycan Banklar Assosiasiyasının prezidentidir.

Ən uzun müddət İdarə Heyətinin sədri vəzifəsini tutan şəxs isə "Unibank"ı təmsil edən Faiq Hüseynovdur. F. Hüseynov bu vəzifəyə 2002-ci ildə təyin olunub.
 
İkinci yerdə "Bank Respublika"nın İdarə Heyətinin sədri Xədicə Həsənova qərarlaşıb. Xanım bankir 2006-cı ildən etibarən idarəetməni əldən vermir.
 
"Günay Bank" İdarə Heyətinin sədri Emin Ağayev və onun "Parabank"dan olan həmkarı Vəli Quliyev isə 2007-ci ildən bu günədək az öncə qeyd edilən vəzifəni tuturlar.
 
"Muğanbank"ın İdarə Heyətinin sədri Elmir Həsənov isə bu vəzifəyə 2008-ci ildə təyin olunub. Həmin ildən "Zaminbank"ın idarə olunmasına nəzarət edən Zəhra Quliyeva isə bank sektorunda rəhbər vəzifə tutan azsaylı xanımlardandır.
 
Bəzi maraqlı detallara toxunmasaq da olmaz. Məsələn, "DəmirBank"ın İdarə Heyətinin sədri Fərid Abuşov bu vəzifəyə yenicə təyin olunub. O təcrübəli bankir Roman Əmircanovu əvəzləyib. R. Əmircanov isə hazırda bankın Müşahidə Şurasında fəaliyyətini davam etdirir.
 
Bundan başqa, "Ziraat Bank (Azərbaycan)" 2014-cü ilin sonunda fəaliyyət başlayıb.

 





26.04.2016    çap et  çap et