525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

2002-ci il. Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan prezidentləri Əhməd Necdət Sezər, Heydər Əliyev və Eduard Şevardnadzenin iştirakı ilə təhlükəsizlik məsələlərinə həsr olunmuş zirvə görüşü keçirilib.

Sammitin yekunu olaraq üç ölkənin daxili işlər nazirləri "Terrorizmin və ekstremizmin digər təzahürləri ilə mübarizə sahəsində əməkdaşlıq haqqında" saziş imzalayıblar.

1993-cü il. İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana hərbi təcavüzünü və Azərbaycan torpaqlarının işğalını pisləyən qətnamə qəbul edib.

1918-ci il. Erməni-daşnak quldur dəstələri Gümrü (o vaxtkı Aleksandropol) şəhəri yaxınlığında azərbaycanlı türklərə qarşı kütləvi qətliam həyata keçiriblər.
 
Əksəriyyəti qadın və uşaqlar olmaqla 3 min nəfər qətlə yetirilib. İki gün sonra (mayın 1-də) erməni dəstələri Qars yaxınlığındakı Şiştəpə və Düzkənd kəndlərində daha 600 azərbaycanlını öldürüblər.

1919-ci il. Tanınmış kinorejissor, SSRİ Xalq Artisti, Azərbaycan və Türkmənistanın Əməkdar İncəsənət Xadimi Əjdər İbrahimovun doğum günüdür (1919 - 1993).

Ə.İbrahimov Bakı kinostudiyasında, "Mosfilm"də işləyib. “Onun böyük ürəyi”, "Ulduzlar sönmür”, Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərə quruluş verib. 1959-1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak etdi.

1984-cü il. Beynəlxalq Rəqs Günü qeyd edilməyə başlanıb.
 
Bu gün 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən müasir baletin atası sayılan fransız baletmeysteri, xoreoqrafiya sənətinin qurucusu və nəzəriyyəçisi Jan Jorj Noverin (1727-1810) xatirəsinə ehtiram olaraq təsis edilib.

 





29.04.2016    çap et  çap et