525.Az

Həbsxanadan daha ağır cəzaya tuş olmuş öləri insan


 

Həbsxanadan daha ağır cəzaya tuş olmuş öləri insan<b style="color:red"></b>

Yaddaşımın küncündən...

..Məşhur psixiatr Ağabəy Sultanov bir telemüsahibəsində belə ifadə işlətdi: “İndi həmin Bakı yoxdur...”
“Həmin Bakı”nı görməyən və nə olduğunu bilməyən xanım jurnalist soruşdu ki, bəs nə olan şeydi dediyiniz Bakı?
Professor suala belə cavab verdi: “Burda telestudiyadan Baksovetəcən indi mən uzağı 15 dəqiqəyə gedib çıxacağam, amma o vaxt həmin yolu bir saata gedərdim – çünki yüz adam məni dayandırar, hal-əhval tutar, çıxışımla bağlı rəy bildirər, sadəcə, dünya barədə, ötüb-keçənlər barədə sual verərdi... İndi də qarşıma adamlar çıxır, amma onlar məni sanki görmürlər, hamı harasa, nəyəsə tələsir... Mən bunu nəzərdə tutub dedim ki, indi həmin Bakı yoxdur”.

lll

Bəli, Bakıdakı inkişafa, dəyişikliyə söz ola bilməz. O gün şəhərin heç də yüzdə-yüz mərkəzi hissəsi olmayan ərazisində, bir bağçanın yanındakı avtobus dayanacağında durarkən təxminən yüz kvadratmetrlikdə yerin altında-üstündə düz yeddi kafe gözümə sataşdı. “Bizim Bakı” isə belə deyildi: elə böyük əraziləri vardı ki, orada, ümumiyyətlə, kafe-filan olmurdu.

Bəlkə də elə buna görəydi ki, o vaxt “Radiokomitet”in – Azteleradio Komitəsinin əksər əməkdaşları axşamüstü işdən çıxıb dəstəylə Çəmbərəkənddən “Baksovet məhəlləsi”nə düşər, keçmiş Pionerlər (indiki Filarmoniya) bağının metro stansiyasına bitişik hissəsindəki kafe-çayxanaya – deyilənə görə, “Oktyabrski milisin” (indiki Yasamal Rayon Polis İdarəsi) rəisinin bacısı uşaqlarının “işlətdiyi”, az vaxtda bütün Bakıda “tabaka”sıyla məşhurlaşan bu iaşə obyektinə dəyməmiş, burda bir stəkan çay içməmiş, redaksiyaları üzbəüzdə –  Mirzəbekyan qardaşlarının yeddimərtəbəli keçmiş malikanəsində yerləşən “Azərbaycan gəncləri” və “Sovet kəndi”nin nisbətən cavan, hələ kirayələrdə ömür çürüdən əməkdaşları ilə əhvallaşmamış, nəyisə müzakirə eləməmiş, nə barədəsə razılaşma əldə etməmiş evlərinə dağılışmazdılar.

Çayın yüksək keyfiyyətli, qiymətinin, hesab elə ki, müftə –  stəkanı 5 qəpiyə – olduğu, ağız deyəni qulağın eşitmədiyi belə məclislər adətən, axşam 5-də başlayıb 8-ə, 9-acan çəkərdi. Ən axıra mən, rəhmətlik Pərviz, “Roma” – Roman, indi Bayatlı Odər kimi məşhur olan Vaqif və başqa evsiz-eşiksiz subaylar qalardı.

1974-cü ilin payız günlərində bu çay məclislərində tanış olduğum teleradio işçilərindən biri də dərisinin rənginə görə daha çox Ərəbistan ərəblərini xatırladan, qızıl-metal dişli,  qalın şüşəli eynəyinin arxasından bir gözü mayıf görünən çox sadə geyimli şair Qaçay Köçərli idi. Elə ilk görüşümüzdən mənə “Dədə” deyə müraciət edən şairi bir-birimizə doğmalaşdıran həmkar olmağımız idi: mən qəzetdə, o da “Azərbaycan” radiosunda məktəbli gənclər tematikasına cavabdeh idi, həftədə beş dəfə günortaüstü efirə gedən on dəqiqəlik “Pioner şeypuru” verilişinin redaktoruydu. Daha sanballı verilişlərə “yiyəlik edən” daha cavan əməkdaşlarla müqayisədə təxminən 40 yaşlı kişinin uşaq verilişinə cavabdehlik daşımasının səbəbini mənə onun bioqrafiyası ilə izah elədilər – “keçmişi qaranlıqdır, ona görə...”.
Ucundan-qulağından öyrəndiyim oydu ki, Qaçay Köçərli sovet ordusunda xidmət edərkən hansısa cinayət işlədib və buna görə bir neçə il “yatıb”. Üstəlik də tanışların onunla bir qədər çəkinə-çəkinə danışması, hər mənada bir ayağını qaçaraq qoymasının da özgün izahı vardı: “hansısa cinayət” guya Qaçayın adam – hərbçi öldürməsiydi...
Təbii ki, dövrün düşüncəsinə görə, belə bioqrafiyalı adamı dövlətin ideoloji orqanında hətta sıravi işə götürməyin özü də risk idi və hər kimsə, buna qol qoymaqla böyük bir iş görmüşdü. Amma çox sonralar (“Ulduz” jurnalının 1996-cı il 326-cı nömrəsində) dərc olunmuş “Ömürdən-gündən” xatirə qeydlərinə əsasən məlum oldu ki, deyilənlər xalq yaradıcılığı – məhz Azərbaycan xalq yaradıcılığı nümunəsiymiş: orduda xidmətin ilk illərində Qaçay HEÇ NƏDƏN, məhz “qara millət”in nümayəndəsi olduğu üçün ÖLÜM CƏZASINA, GÜLLƏLƏNMƏYƏ məhkum edilibmiş! Vətənə xəyanət və hakimiyyətə müqavimətə görə! Məhkəmənin hökmündə göstərilmişdi ki, sıravi Şirinov Qaçay Fərman oğlu hərbi hissədə xidmət edən gürcü millətindən olan əsgər və zabitləri (!?) silahlı üsyana hazırlayıb və rusların üstünə salıb. Nəticədə otuz iki nəfər həlak olub...

Ölüm kamerasından günahsız olması barədə SSRİ rəhbərliyinə yazdığı şikayət məktubu onun işinə yenidən baxılması ilə nəticələnmiş və bu dəfə ölüm cəzası 20 illik həbslə əvəzlənmişdi – “hakimiyyətə müqavimətə görə”. Lakin bu da son deyildi: daha bir məhkəmə baxışı və bu dəfə cəzasının üstündən dörd il götürülmüşdü. Üç ili bir il olmaq şərtilə Smolensk vilayətində meşəqıranlardan ibarət məhbuslar briqadasındakı AĞIR, SON DƏRƏCƏ AĞIR məhbəs həyatından sonra Qaçay azadlığa qovuşmuşdu. Özü həyatının həmin ağır sınağını bu cür ifadə edib: “Həbsxana cəzasını həbsxanadan daha çox çəkdim”...

Bütün bunları mən çox-çox sonralar biləcəkdim, indisə əksər tay-tuşlarından fərqli olaraq, aramızdakı ciddi yaş fərqinə baxmayaraq, sözümüz tutur, o məni radio üçün – redaktoru olduğu veriliş üçün yazmağa, onunla müntəzəm yaradıcılıq əlaqəsi saxlamağa sövq edir, mən də onun ara-sıra elə çayxanadaca verdiyi yarım vərəqlik, uzağı, bir vərəqlik “pioner xəbərləri”ni “Gənclər”ə təqdim edirdim.

Aldığımız o qədər də çox olmurdu: “Gənclər”də dərc etdirmədiyim təxminən bir vərəqlik yazıya, yəni radiodakı hər süjetimə görə 10-12 manat yazırdılar, “Gənclər”də isə bu həcmdə yazılar 1-3 manata dəyərləndirilirdi. Qəzetin həftədə üç dəfə çıxdığını və hər nömrədə çıxış eləməyin mümkün olmadığını nəzərə alsaq, Qaçaya heç cür 12-15 manatdan artıq qazandıra bilmirdim. Amma o da, mən də aldığımızla qane olur, təbii ki, qəlbən “Buna da şükür!..” deyirdik.

...Bir gün axşamtərəfi yenə çayxanaya yığışmışdıq. Məclis dolub-boşalırdı və növbəti dəstədə stola oturanlardan biri də Qaçay oldu. Səmimi görüşüb hal-əhval tutandan sonra astaca qulağıma: “O yazını verə bildinmi?” deyə pıçıldadı. Mən də heç nə olmayıbmış kimi: “Birinci gün hökmən verəcəyəm”, – dedim.

Bir anlığa qalın şüşəli eynəyinin arxasındakı gözlərində sanki şimşək çaxdı, onsuz da qarabəniz sifəti daha da qaraldı. “Dədə, – deyə indiyədək yadımdam çıxmayan tövsiyəsini elədi: – Nəzərə al ki, sabahkı nömrə ilə ay bitir, ikinci günün nömrəsi artıq yeni ayın hesabı olacaq. Biz ayın 30-31 günü üçün gəlir-çıxarımızı qəpiyinəcən hesablayan zümrənin təmsilçisiyik. Yazının növbəti ayın hesabına düşməsi o deməkdir ki, bu ay üçün mən kiməsə, nəyə görəsə 3 manat borclu qaldım...”.

Buradaca mötərizə içərisində qeyd edim ki, bitən ayın qonorarını başlanan ayın əvvəlində, adətən, ilk ongünlükdə alırdıq, təzə ayın hətta 1-də dərc olunan və ya efirə verilən yazının qonorarını isə azı 40 gün gözləmək lazım gəlirdi. ...Və biz belə günlərdən – 3 manata möhtaclı günlərdən keçərək, yeni əsrə, yeni minilliyə qədəm qoyduq...

lll

“Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı” əsasında, mənim əlavələrimlə, yığcam tanıtma: Qaçay Fərman oğlu Şirinov (Köçərli) 1936-cı ildə Tərtər rayonunun Köçərli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra sovet ordusu sıralarına gedib və 1959-cu ildə tərxis olunub.

Ordudan tərxis olunduqdan sonrakı həyatının ilk dövrünü “Qum burulğanında bitən tut” (“Qobustan” sənət toplusu, 2009, №4) əsərində belə təsvir edib: “Altmışıncı il idi. Dörd tərəfimdəki uca divarların darvazaları açılıb məni günəşli dünyanın işıq axarına atmışdı. Başımın üstdəki ümid göyü, ayağımın altındakı ümid yolları məni gətirib Bakıya çıxarmışdı. Bir vaxtlar gözlərimdə meyitə dönmüş dünya təzədən dirilir, bir körpəyə çevrilib gülümsəyirdi. Suraxanıdakı üçüncü neft mədənində operator köməkçisi işləyirdim. Əmircandakı iki nömrəli fəhlə yataqxanasında qalırdım...”.

Daha sonra operatorluq və Azərbaycan Politexnik İnstitutunun avtomobil nəqliyyatının istismarı (o dövrün ən nüfuzlu texniki ixtisaslarından biri!) şöbəsində ali təhsil. Bunun ardınca Binədəki texniki peşə məktəbində təsərrüfat üzrə müdir müavini, müəllim, istehsalat təlimi ustası işləyib. Azərbaycan radiosu ilə yaradıcılıq əlaqələri saxlayıb, əvəzçiliklə müxtəlif redaksiyalarda müvəqqəti işləyib, istehsalatdan ayrılmadan Azərbaycan (indi Bakı) Dövlət Universitetinin filologiya fakültəsini bitirib, Azteleradionun pioner və məktəblilər redaksiyasında redaktor, böyük redaktor kimi çalışıb.

İlk şeiri “Bakı” axşam qəzetində 1960-cı ildə dərc olunub. Ondan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. “Tək çinar” (1970), “Ömrün şüaları” (1974), “Günəş ömrü” (1979), “Üzü günəşə dünyam” (1982), “Dünya sənə oxşayır, ana” (1983) şeir kitablarından sonra – 1984-cü ildə Yazıçılar Birliyinə üzv qəbul edilib.

Növbəti illərdə “Torpaq qərib olmur”, “Qanlı hekayələr”, “Səsim Tanrı harayıdır”, “Dünya iki səslidir” və s. şeir kitabları, 2009-cu ildə “Beşik” nəşriyyatının xətti ilə “Mən və mənim dünyam” silsiləsindən nəzərdə tutulan 8 kitabdan 6-sı – “Ovsunçu İbrahim”, “Əmir Teymur və Aslanın nağılı”, “İşıq çəlik”, “Gül qızın nağılı”, “Zəhmətkeş atanın fərsiz oğulları” və “Qızıl inəyin nağılı” işıq üzü görüb.

Oğlu Elcan Şirinov Qarabağ döyüşlərində şəhid olub, Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
2006-cı ilin sonunda Azteleradiodan “qanuni istirahət”ə göndərilib. Üç ay sonra ilk və son ünvanı olan Köçərli kəndinə qayıdıb, bir müddət Bərdədə məskunlaşmış Ağdam Dövlət Dram Teatrında ədəbi hissə müdiri işləyib. Hazırda tam işsizdir...


lll
Haqdan gəldim yer üzünə haqsız oldum,
Tanrım mənə bəxt vermişdi, baxtsız oldum.
Bir sevgidən taxt vermişdi, taxtsız qaldım.
Mən bilmirdim, nələr varmış yer üzündə,
Yerdən böyük kədər varmış yer üzündə.
Tanrım mənə nur vermişdi, nurum itdi,
Yer üzündə yer vermişdi, yerim itdi,
Öz evimdə oğlum itdi, pərim itdi.
Baldan artıq zəhər varmış yer üzündə,
Yerdən artıq kədər varmış yer üzündə...
Haqq gəzirdim, şərə düşdüm, böhtan tapdım,
Mən azadlıq istəyirdim, zindan tapdım.
Sağ can itdi, xəstə olan bir can tapdım.
Haqqdan güclü şər varıymış yer üzündə,
Yerdən ağır kədər varmış yer üzündə...

“Tanrım mənə nur vermişdi” şeirindən götürdüyüm bu misralar Q.Köçərlinin bugünkü əhval-ruhiyyəsini yüzdə-yüz dəqiq əks etdirir. Az qala 25 ildir ki, üz-üzə gəlmirik.

Şübhəsiz ki, təxminən 40 il öncə sözarası, dünyanın çox üzünü görmüş bir insan kimi mənə dediyi nəsihətvari sözlər də yəqin yadından çıxıb. İndi – onun 77, mənimsə 62 yaşımda bir də qarşılaşmalı olsaq, həmin tövsiyəni ona xatırladacağam. Hökmən!.. Amma onun da yenə mənə nəsə deməyə sözü olacaq. Əminəm...


Payız 1974 – Qış 2013

 

 





13.02.2013    çap et  çap et