525.Az

Biliklərin çoxluğu yox, keyfiyyəti əhəmiyyətlidir


 

Biliklərin çoxluğu yox, keyfiyyəti əhəmiyyətlidir<b style="color:red"></b>

YAXUD AZƏRBAYCAN TƏHSİLİ HAQQINDA YERSİZ VƏ ƏSASSIZ TƏNQİD YAZANLARA BƏZİ XATIRLATMALAR 

Bu gün Azərbaycanda həddən artıq anormal və əksər hallarda təhlükəli olan bir tendensiya yaranıb. Bəzi naşı jurnalistlərin təcrübəsizliyindən istifadə edən hansısa “gözəgörünməz” qüvvələr açıq-açığına milli maarifimizə ağır zərbə vurmağa çalışırlar. Onlar cəmiyyətdə Azərbaycan təhsilinə qarşı inamsızlıq yaratmaq, təhsil sistemi ilə xalq, xüsusən, məktəblə valideynlər arasındakı münasibətləri soyutmaq üçün mümkün olan və olmayan bütün variantlardan istifadə edir, bu zaman ən iyrənc böhtanlardan belə faydalanmağa çalışırlar. Təki arzu etdikləri uçurum yaransın. Reket qəzetlərin reket müxbirləri az imiş kimi indi də adi tamaşaçısı olmayan, internet vasitəsiylə yayılan reket televiziyalar sanki təhsil sistemimiz barədə hədyanlar püskürmək yarışına çıxıblar.

Qələmə alınan yazıların, hazırlanan radio-televiziya verilişlərinin bir çoxunda adını təhsil sisteminin eksperti qoyan, fəqət bu sahənin incəliklərindən və problemlərindən qətiyyən xəbəri olmayan insanlar hay-küy qaldırırlar ki, ölkədə təhsilin keyfiyyəti aşağı düşür, savadsızlıq cərgələri zədələyir, təhsil dərəyə yuvarlanır və sairə. Bu qərəzli və məqsədli yazıları görəndə hələ ötən əsrin üçüncü onilliyində Hindistandan Avropadakı bosslarına məktub- hesabat göndərən bir missionerin ifadə etdiyi narahatlıq hissləri yada düşür. O yazırdı ki, Şərq ölkələrində, xüsusən, müsəlman xalqları arasında (o zaman hələ Hindistanla Pakistan ayrılmamışdı) gənclər savad öyrənməyə daha çox maraq göstərirlər, ailələr möhkəmdir, uşaqlar valideynlərin və müəllimlərin dediyi ilə durub-oturur, məktəblərdə məsuliyyət var, öz Vətənlərini və mədəniyyətlərini sevirlər, alkoqola, qumara, uyuşduruculara meyl Avropadakından azdır və sairə. Məktub həmin fikirlərlə tamamlansaydı, biz fəxr edərdik. Amma həmin məktubun sonunda göstərilir ki, bu faktlar bizi çox ciddi narahat etməlidir. Yəni bizim gənclərin tamamilə pis yola düşməsi kimlərinsə ciddi maraq dairəsindədir. Heç şübhəsiz, bu gün Azərbaycan təhsil sistemi ilə cəmiyyət arasında uçurum yaratmağa cəhd edilməsi də məhz həmin çirkin missiyanın tərkib hissələrindən biridir. Hamı açıq-açığına görür ki, Azərbaycan təhsili gündən-günə inkişaf edir. Ona görə də bu inkişafı əngəlləyəcək variantlar axtarırlar. Çox təəssüf ki, həmin məqsədlə yerli “mütəxəssislərdən” də istifadə edirlər.

“Azərbaycan təhsili geriləyir” və ya “ölkədə savadsızlıq yaranır” – deyənlərə müxtəlif aspektlərdən və çoxsaylı arqumentlərlə cavab vermək olar. Ancaq biz həmin qarayaxanlara Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hesabatları əsasında cavab verməyi üstün tutduq. Məsələn, kimsə deyir ki, orta məktəb məzunlarının ali məktəbə qəbul imtahanında göstərdiyi nəticələr ildən-ilə pisləşir. Bu yalan adi oxucunu aldada bilər. TQDK-nın nəşr etdirdiyi jurnallarda isə vəziyyət tamamilə başqadır. Məsələn, Bakı Dövlət Universitetinə 1999-cu ildə qəbul olunmuş tələbələrin orta bal göstəricisi 357,821, 2003-cü ildə 386,484, 2012-ci ildə isə 451, 334 bal olub. Fakt göz qabağındadırsa, söhbət hansı geriləmədən gedə bilər? Yaxud başqa bir ali məktəbin tələbələrinin həmin göstəricilərinə baxaq. Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasına 2003-cü ildə qəbul olunan tələbələrin orta bal göstəricisi 440,024 bal idisə, 2012-ci ildə bu göstərici 548,276 bal oub. Onda orta məktəb məzunlarının savadına şübhə edənlər nəyə, hansı arqumentə istinad edirlər? Əlbəttə, bu göstəricilər bütün dövlət və özəl ali məktəblər üzrə artan xəttlə inkişaf edir. Özü də bu inkişaf ali məktəblərə qəbul imtahanları üçün tərtib olunan test suallarının ildən-ilə mürəkkəbləşdirilməsi fonunda baş verir. İki, üç və ya beş ali məktəbdə bu göstəricilərin ildən-ilə artmasını hansısa təsadüflə bağlayanlar tapıla bilər. Bəs, ümumiyyətlə, bu göstəricilər əksər ali məktəblərdə artırsa, onda səsləndirilən böhtanların məqsədi nədir?

Əlimizdə TQDK-nın tərtib etdiyi başqa bir cədvəl də var. Diqqət yetirək. 2003–2011-ci illərdə respublika üzrə orta məktəb məzunlarının ali məktəblərə qəbul zamanı əldə etdiyi göstəricilərin bir məqamı bədxahlarımızın nəzərindən yayınır. Belə ki, 2003-cü ildə sənəd verən məzunların 36,51 faizi 0-100 bal arası göstərici əldə etmişdisə, 2011-ci ildə bu göstərici 28,12 faizə düşüb. Yəni vəziyyət müsbətə doğru 8 faizdən də çox dəyişib. Yaxud, 2003-cü ildə sənəd verən orta məktəb məzunlarının cəmi 4,21 faizi 500-dən çox bal toplamışdısa, 2011-ci ildə bu göstərici 8,70 faiz olub. Fərqin nə qədər böyük olduğunu söyləməyə ehtiyac varmı? Əlbəttə yoxdur. Yaxud, 2003-cü ildə Respublika üzrə orta bal göstəricisi 183, 731 idisə, son göstərici 231,79-dur. Bəs geriləmə hanı?

Yeri gəlmişkən, bir məsələni xüsusilə vurğulamaq zərurəti var. Belə ki, bu rəqəmlərin hamısı respublikanın bütün şəhər və rayonlarının ümumi göstəricisidir. Yəni, bir çox rayonların, xüsusən paytaxtın təhsil müəssisələrinin göstəriciləri daha yüksəkdir və ona görə də kiminsə Azərbaycan təhsilinin geriləməsi barədə söylədikləri ən yaxşı halda məlumatsızlıqdan, pis halda isə qərəz və məkrdən qaynaqlanır. Son beş-on ildə baş verən ictimai-siyasi proseslər sübut edir ki, Azərbaycan dövləti qüdrətli olduğu kimi, xalqımız da qətiyyətlidir. Ona görə də bütün qarayaxanlar kimi, dövlət siyasətimizin ən prioritet istiqamətlərindən olan milli təhsil sistemimizə böhtan atanların da öz yerində oturdulacağı gün uzaqda deyil. Bu gün Azərbaycan respublikasını regionun ən qüdrətli dövlətinə çevirən siyasətçilər də, bayrağımızı dünyanın müxtəlif guşələrində dalğalandıran diplomatlar da, torpaqlarımızı düşmən tapdağından təmizləmək üçün milli ordumuzu saatbasaat gücləndirən əsgər və zabitlər də – bizim hər birimiz milli təhsilimizin ərsəyə gətirdiyi insanlarıq. Ona görə də çox həssas bir məsələ olan Azərbaycan təhsil sistemi barədə söz açarkən ilk növbədə vətəndaş və insan kimi düşünüb qələmi ələ almalıyıq.

S.ƏLİBƏYLİ

 





14.02.2013    çap et  çap et