525.Az

"Dördüncü möhür"ün təqdimatı olub


 

"Dördüncü möhür"ün təqdimatı olub<b style="color:red"></b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı və tərcüməçi Kamran Nəzirlinin "Dördüncü möhür" romanının təqdimatı keçirilib.

Tədbiri Birliyin katibi İlqar Fəhmi açaraq K. Nəzirlinin yaradıcılıq uğurlarından danışıb:

"Kamran Nəzirlini təqdim etməyə ehtiyac yoxdur, məncə. O, uzun zamandan bəri Azərbaycan ədəbiyyatında külüng çalan yazarlardan biridir. Əsərləri oxucular tərəfindən daim maraqla qarşılanıb. Bu gün isə onun "Dördüncü möhür" romanının təqdimatına yığışmışıq".

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək K. Nəzirlinin yaradıcılığı haqda fikirlərini dilə gətirib: "Kamranı mətbuatdan ayrı-ayrı hekayələri ilə tanıyıram. Bununla yanaşı, o, peşəkar tərcüməçidir. Həm ingiliscədən Azərbaycan dilinə, həm də azərbaycancadan ingilis dilinə tərcümə etmək həqiqətən çətin və məharət tələb edən işdir".

Yazıçı-tərcüməçi Yaşar Əliyev K.Nəzirlini şeirləri ilə tanıdığını deyib: "Onun çox hissiyyatlı, məni heyran edən şeirləri var idi. Sonradan isə tamamilə nəsrə keçid etdi. Onun nəsrinin xüsusi özəllikləri var. Təkcə mövzunu təqdim etmir, həm də problemdən çıxış yolları göstərir. Kamranın prozası publisistika ilə nəsrin sərhədlərindədir, bu mənada olduqca aktualdır".

Tənqidçi Vaqif Yusifli yazıçının yaradıcılığı ilə bağlı təhlillərini bölüşüb: "Kamran Nəzirlinin özünəməxsus təhkiyə tərzi, həmçinin öz müstəvisindən baxış, xüsusi müşahidə səriştəsi var. Adətən yazıçılar yaradıcılığa hekayə ilə başlayırlar. Hekayədə bişəndən sonra isə roman janrına keçirlər. Kamran Nəzirlidə də eyni yaradıcılıq yolunu görürük. Onun hekayələrində bir gözlənilməzlik var. Mən Kamran Nəzirlinin hekayələri haqda məqalə də yazmışam. "Dördüncü möhür" romanı isə onun roman poetikasına yaxşı bələd olduğunu sübut edir. Romanda üç ailənin və yurddaşlarımızın, ümumilikdə Azərbaycanın taleyi diqqəti çəkir. Onun obrazları təqdimetmə bacarığı xüsusilə güclüdür".

AYB-nin sədr müavini Nazim İbrahimov, tərcüməçi Qılıncxan Bayramov, şairlər Oqtay Rza, Kəmalə Abiyeva, Ramiz Məmmədzadə və başqaları da yazıçının yaradıcılığı barədə fikirlərini paylaşıblar.

Sonda K. Nəzirli çıxış edib və tədbirin təşkilatçılarına, çıxışçılara minnətdarlığını bildirib.

Müşfiq ŞÜKÜRLÜ

 





03.05.2016    çap et  çap et