525.Az

Tahir Eynullayevin benefisi - musiqi rəqs tamaşası


 

Tahir Eynullayevin benefisi - musiqi rəqs tamaşası<b style="color:red"></b>

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Tahir Eynullayevin benefisi - musiqi rəqs tamaşası keçirilib.

AZƏRTAC xəbər verir ki, rəqs tamaşasının rejissoru Leyla Zülfüqarova ölkəmizdə istedadlı rəqs qruplarının, özfəaliyyət dərnəklərinin olmasından söhbət açıb, gənc istedadlı rəqqaslarla işləməkdən zövq aldığını qeyd edib.

Yüksək səhnə mədəniyyəti ilə musiqisevərlərin rəğbətini qazanmış Tahir Eynullayev Bakıda geniş konsert proqramı ilə çıxış etməsi barədə fikirlərini bölüşərək deyib: "Bu konserti çoxdan gözləyirdim. Hisslərimi sözlə ifadə edə bilmirəm. Mən sizi çox sevirəm. Burada çıxış etmək böyük məsuliyyət tələb edir. Ümidvaram ki, konsertə gələn insanlar da bizim hazırladığımız proqramdan çox məmnun qaldılar".

Konsertlərini xüsusi hadisələrə, xeyriyyə aksiyalarına həsr etdiyini vurğulayan məşhur rəqqas, nəfis səhnə tərtibatı ilə diqqəti cəlb edən tamaşaya məmnuniyyətlə hazırlaşdığını bildirib.

Öz rəqsi ilə dünyaya səs salan Tahir Eynullayev Azərbaycan tamaşaçılarına unudulmaz gecə bəxş edib. O, plastika və rəqsi, peşəkar çıxışı ilə tamaşaçıların diqqətini cəlb edib.

Konsertin ssenari müəllifi Rusiyanın Sankt-Peterburq şəhərinin "LenFilm" kinostudiyasının ssenaristi Marina Aleksandrinadır. Musiqi tamaşasının rejissoru Leyla Zülfüqarova, baş baletmeysteri Şəhriyar Cəfərov, musiqi redaktoru Günel Eynullayeva, prodüseri Nərminə Cəfərovadır. Rəqslərin quruluşu Xalq artisti Xumar Zülfüqarova, Əməkdar artist Tamilla Məmmədova, Yana Maybax, Sima Feyzullayeva, Ali Aşari, Əziz Əzizov və Natella Həsənovaya məxsusdur.

Tamaşaya populyar müzikllərdən parçalar və dünya xalqlarının mahnı və rəqsləri daxil edilib.

Konsertdə qonaq qismində istedadlı gənc ifaçılar İlhamə Qasımova, Xəyalə Manaflı, Təranə Mahmudova, Jalə Kərimova, Səbinə İsmayılova, Əminə Dilbazi adına "Çinar" rəqs ansamblı, "Atəşgah" rəqs qrupu iştirak edib.

Yaxınlarda bu tamaşanın Gürcüstanda da səhnələşdirilməsi planlaşdırılır.

Rəqqasımızın Bakı səhnəsində tamaşaçıların davamlı alqışları ilə müşayiət olunan, könülləri oxşayan konserti onun sevilməsinin təsadüfi olmadığını bir daha sübut edib.

 





03.05.2016    çap et  çap et