525.Az
Cəzaçəkmə müəssisəsində məhkumların əl işlərindən ibarət sərgi
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində məhkumların əl işlərindən ibarət “Əl işləri sərgisi” nümayiş olunub.
APA-nın məlumatına görə, tədbirdə Ədliyyə Nazirliyinin nümayəndələri, Ombusdman Aparatının nümayəndələri və Penitensiar Xidmətin rəhbərliyi, Milli Məclisin deputatları iştirak ediblər.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi vəzifəsini icra edən, ədliyyə general-mayoru Hüeyn Əlixanov bildirib ki, sərginin təşkilində məqsəd məhkumların faydalı əməklə məşğulunun təmin olunmasıdır. Onun sözlərinə görə, bu, həm də məhkumların islah olunmasına yönələn mühüm tədbirlərdən biridir: “Digər məqsəd məhkumların gələcəkdə cəzaçəkmə müəssisəsindən azad olunandan sonra cinayətə meylli olmaması və peşəyə yiyələnməsidir. Tədbirin digər məqsədlərindən biri də, sahibkarları, iş adamlarını cəzaçəkmə müəssisəsi ilə əməkdaşlığa dəvət etməkdir”.
H. Əlixanov qeyd edib ki, hazırda cəmiyyətdə məhkumlar haqqında mənfi imic formalaşıb: “Biz bu tədbirlərlə bir daha göstərmək istəyirik ki, bu məhkumların əksəriyyəti tam islah olunmuş şəkildə azadlığa çıxırlar və onlar haqqında mənfi imic aradan qaldırılır”.
O əlavə edib ki, məhkumlara münasibət kökündən dəyişməlidir, onlar azadlığa çıxdıqdan sonra işlə təmin olunmalıdırlar: “Çünki, məhbuslar adətən hər hansı peşəyə yiyələnmədikdə, cəzaçəkmə müəssisəsindən çıxandan sonra hansı işlə məşğul olacağını bilmir, yenidən cinayətə əl atır. Və ya dövlətin əleyhinə olan hansısa qruplaşmalara qoşulurlar. Hesab edirəm ki, Milli Məclisdə də məhkumların azadlıqdan sonrakı fəaliyyəti ilə bağlı qanun layihəsi işlənib hazırlanmalıdır, onlar işlə təmin olunmalıdırlar”.
Daha sonra sərgi açıq elan edilib, tədbir iştirakçıları məhkumların əl işləri ilə tanış olublar. Sərgidə 17 cəzaçəkmə müəssisəndən 342 eksponat nümayiş etdirilib.
04.05.2016
çap et