525.Az

"Azərbaycan kitabxana ensiklopediyası"nın təqdimatı olub


 

"Azərbaycan kitabxana ensiklopediyası"nın təqdimatı olub<b style="color:red"></b>

Mayın 3-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Azərbaycan kitabxana ensiklopediyası" (AKE) kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda kitabxana işi sahəsində ilk dəfə nəşr edilən bu fundamental sorğu-məlumat kitabının layihə rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş redaktoru Milli Kitabxananın direktoru Kərim Tahirov, elmi redaktoru Bakı Dövlət Universitetinin Kitabşünaslıq kafedrasının müdiri Abuzər Xələfovdur. Redaksiya heyətinə respublikanın kitabxana-informasiya sahəsinin tanınmış mütəxəssisləri daxildir.

Tədbirdə kitabxananın direktoru Kərim Tahirov ensiklopediya haqqında məlumat verib.
 
Bildirib ki, kitab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında Kitabxana İnformasiya sahəsinin inkişafı üzrə (2008-2013-cü illər) Dövlət Proqramı"na əsasən Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanaraq çap edilib. K.Tahirov ensiklopediyanın Azərbaycanda kitabxana işi sahəsində ilk fundamental soraq-məlumat nəşri ol

duğunu, vəsaitin geniş oxucu auditoriyası üçün nəzərdə tutulduğunu, ensiklopediyada dünya kitabxanaçılıq təcrübəsinin ən mühüm yekunlarının, milli kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq mədəniyyətinin nailiyyətlərinin ümumiləşdirildiyini söyləyib.

Diqqətə çatdırıb ki, ensiklopediyaya, həmçinin xarici ölkələrdə kitabxana işinin nəzəriyyəsi və təcrübəsi sahəsində əldə edilən yekunlar, beynəlxalq əhəmiyyət kəsb edən fakt və hadisələr, eləcə də dünya kitabxanaşünaslığında və beynəlxalq təşkilatların fəaliyyətində müstəsna xidmətləri olan görkəmli xadimlər haqqında məqalələr daxil edilib.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev kitabın hazırlanmasını çox əhəmiyyətli və vacib hadisə adlandırıb. Bildirib ki, ensiklopediya uzun müddət kitabxana işi ilə məşğul olan insanların fəaliyyətinə nəzər salır. Vaqif Əliyev ensiklopediyanın elmi redaktoru, professor Abuzər Xələfovu BDU-nun böyük elmi şurasının qərarı ilə "Fəxri professor" adını və diplomunu alması münasibətilə təbrik edərək, bu fəxri adın universitetin professor heyəti arasında ilk dəfə Abuzər müəllimə təqdim edildiyini bildirib.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, professor Nizami Cəfərov ensiklopediyanın kitabxanalar, kitabxanaçılar, nəşriyyatlar haqqında avtobioqrafiq toplu adlandıraraq kitabın nəşrini bu peşəyə minnətdarlıq kimi dəyərləndirib. Bildirib ki, kitabdakı hər məqalənin arxasında geniş tədqiqat dayanır.

Professor Abuzər Xələfov, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Azad Qurbanov və digər çıxış edənlər vurğulayıblar ki, AKE-yə dünya və Azərbaycan kitabxanaşünaslığında xüsusi xidmətləri olan, fəxri adlarla təltif edilmiş şəxslər haqqında, onların həyat və fəaliyyətlərini geniş əks etdirən məqalələr daxil edilib. Çıxış edənlər bu fundamental vəsaitdə peşə biliklərinin ümumiləşdirilərək geniş ictimaiyyətə təqdim edildiyini, kitabxana işçilərinə böyük töhfə olduğunu, nəinki kitabxana-informasiya işçiləri, hətta müxtəlif sahələrdə çalışan elmi işçilər üçün yararlı olduğunu söyləyib və vəsaitin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Sonda tədbir iştirakçıları Azərbaycanda kitabxana işinin tarixi, inkişaf mərhələləri, kitab çapı, kitabşünaslıq və digər bu kimi məsələləri əhatə edən geniş sərgi ilə tanış olublar.

 





04.05.2016    çap et  çap et