525.Az

Ananı yaşadan bulaq


 

Ananı yaşadan bulaq<b style="color:red"></b>

Rüfət RÜSTƏMOV

Bir neçə günlük istirahət üçün Gədəbəyə getməyi qərarlaşdırdıq. Uzaq yola maşın sürə bilmədiyim üçün böyük qardaşımın oğlu İmrandan xahiş etdim ki, mənim maşınımı  sürsün. Bu təklifi İmran  böyük məmnuniyyətlə qəbul etdi.

Yolda gedərkən İmrandan harada yaxşı odun peçi düzəldildiyini soruşdum. İmran gülümsünərək soruşdu:

– Odun peçini hara qoymaq istəyirsən?

– Şəhərdəki evimizə.

İmran təkrar gülməyinə davam etdi.

– Güldüyümə görə üzr istəyirəm, sadəcə bilmək istəyirəm ki, hara qoymağı nəzərdə tutursunuz?

– Ay oğul, dedim ki, şəhərdəki evə.

– Rüfət əmi, zarafat edirsən?

– Zarafat niyə olsun?

– Evə peç qoymaq nə vaxtdan ayıb hesab olunur?

– Rüfət əmi, mən o mənada demək istəmirdim. Şəhərdə qaz ola-ola odun peçinə nə ehtiyac var?

– Düz deyirsən, ay oğul. Sayqaclar da yaxşı işləyir. Qış aylarında pul çatdırmaq olar? Bilirsən, müəllimlərin maaşı nə qədərdir?

Mənim dediklərim İmranı heç də təəccübləndirmədi.

– Əmi, düz deyirsən, indi başa düşdüm. Bakıda odun tapmağa nə var ki, hər tərəf ağaclıqdır. Gədəbəyə çatanda yolüstü peçi sifariş etdim. Bir müddət sonra qohumlardan biri Qalib peçi Bakıya gətirdi.

Usta tövsiyə edibmiş ki, peçin görkəmini dəyişdirmək üçün onu qoyun quyruğu ilə silmək lazımdır. Uşaqların anası, usta dediyi kimi peçi quyruq yağı ilə təmizləmiş, sonra da odun qalamışdı.

Kənddən tez qayıtmağımıza peşman oldum. Bakıda demək olar ki, yay havası idi. Evə gəldim, həyətə daxil oldum, peçdən bir gözəl kabab iyi gəlirdi ki, gəl görəsən. İnsanın istər-istəməz könlündən kabab yemək keçirdi. Aldığım qəzetləri varaqlamaq üçün həyətdəki çardağın altında rahat yerdə oturdum. Hava da çox isti idi. Qəzet oxuya-oxuya yuxuya dalmışam.

Gördüm kənddəyəm, hamı kimi mən də çox yorğun bir vəziyyətdə ot biçməkdən gəlirdim. Mənim yaşadığım məhəllədə evlər yolun sağında, solunda cərgə ilə tikilmişdi. Evimizə tərəf gedən yol boyu insanı bihuş edən dadlı yemək ətri, hər tərəfi bürümüşdü. Siz təsəvvür edin, həm yorğun, həm də qarnı ac olasan, bu insana necə təsir edər? Desək də, deməsək də, biçinçinin həyatı həmişə belə keçib. İnsanlar bir qarnı ac, bir qarnı tox işləyiblər. Təsərrüfatla məşğul olan insanlar biçin vaxtı yalnız heyvanların qış azuqəsini düşünüblər. Özləri barədə düşünməyə vaxt tapmayıblar. Başımda xəyallar qura-qura evimizə çatdım. Evin qarşısında bir kötüyün üstünə oturdum. Ətrafa göz gəzdirdim. Hamı öz işində, arada bir itlərin səsi, qoyun, mal axtaranların səsi gəlirdi. O qədər yorulmuşdum ki, oturduğum yerdən qalxmağa çətinlik çəkirdim. Gəldiyimdən evdəkilərin xəbəri yox idi. Qapımız birdən açılanda diksindim. Uşaqların anası mənə yaxınlaşdı:

– Başıma xeyir, ay kişi, çoxdanmı gəlmisən? Yoxsa xəstələnmisən?

– Bu hardan çıxdı, ay arvad, nə xəstəlik, sadəcə, bərk yorulmuşam. Günorta yemək yeməyə vaxt tapmadım, indi çox sual versən acındam yıxılacam. Nəyin var?

– Sənin sevdiyin xörəkdən hazırlamışam. Allah Səriyyənin atasına, anasına rəhmət etsin, nehrə yağı göndərmişdi. Xəngəl bişirmişəm.

Xəngəl deyəndə elə bil dünyanı mənə verdilər. Yerimdən sıçrayıb üst-başımı dəyişdirib yuyundum. Süfrəyə gəldim, xəngəldən doyunca yedim:

– Əlin-qolun var olsun, ay arvad!

– Nuş olsun, ay kişi. Təki sənin xoşuna gəlsin. Urəyin nə istəsə, əvvəlcədən de, gücüm çatdığı qədər çalışıb hazırlayaram. Ət xörəyindən başqa nə olursa-olsun. Allahın verdiyinə şükür. Ot biçirəm deyə özünü çox yorma. Beş-on manat ver birinə, kömək etsin. Ot qaçmır ki, özünü yorursan.

Təbii ki, belə xoş sözlərə hamının ehtiyacı var. Mənim övladlarımın anası, azın qədrini bilən, həyat yoldaşını həmişə uca tutan bir insandır. Saxta məhəbbətdən çox-çox uzaqdır.

Bu münasibəti görəndə ağbirçək anaların nəsihəti yada düşür. O analar ki, Vətən, torpaq üçün çox igidlər dünyaya gətiriblər. Namusu, qeyrəti, adət-ənənələri yaşadan savadlı gənclər yetişdiriblər. Bu gün hər birimizin onları fəxrlə yad etməyə haqqımız var.

Kəndimizin abı-havasından olmaz. Gün batdıqdan sonra başqa bir aləm başlanır. Ayın süd kimi olması, ulduzların sayrışması və s. insanı başqa bir aləmə aparır. Hələ mürgü vurmaq bir yana. Kənd həyatının əvəzi yoxdur. Təbiət qapılarını taybatay açıb “Buyur yaşa”, – deyir. Məhlənin arxasındakı meşədəki ağacların payızda saralmış yarpaqlarının mehdən çıxardığı o simfoniya insanı xəyallar dünyasına dalmağa məcbur etməsi. Onlara səs verən quşların səsi. Tanrının təbiətə verdiyi bu gözəllik, insanı məftun edir. Yaşamaq, yaşamaq istəyirsən, təbiətin bu gözəlliyi qarşısında təslim olursan, yaşayacağam deyirsən. Uşaqların dəcəlliyi, bulaqdan su gətirmək üçün  bir-birilə bəhsə girmələri. Bu səhnələrdir insana güc verən, yaşamaq arzusunu alovlandıran.

– Yatmaq vaxtıdır, ay kişi!

Xanımın səsi məni o gözəl xəyallar dünyasından ayırdı. Oturduğum yerdən qalxdım, həyət-bacada gəzdikdən sonra yataq otağıma keçdim. Yatağa girdiyimlə yuxuya getdiyim bir oldu. O gecə olduqca rahat yatdım. Səhər çox erkən qalxdım. Həyət-bacanı qaydasına saldım. Heyvanları örüşə yola saldım. Kənd camaatı növbə ilə heyvanları otarırdılar. O cəhətdən problemimiz demək olar ki, olmurdu. Ən çox xoşuma gələn adət-ənənələrdən biri, qadınların səhər tezdən həyət bacanı süpürmələri və daha sonra toz olmasın deyə su səpmələridir. Bir sözlə bu işlər görüldükdən sonra hamı süfrəyə əyləşir. Bir tərəfdə camış qaymağı, bir tərəfdə bişmiş süd, bişmiş yumurta. Allah bərəkət versin, yaşamağa stimul var.

Bir az daha zəhmətkeş olsaq, təsərrüfatı canlandırsaq, bütün işlərimiz yolunda gedər. Dünya öz səxavət qapısını açıb. Səndən hərəkət, məndən bərəkət deyiblər. Camaatımız bir az yollardan əziyyət çəkirlər. Sakit insanlardı. Birdən qulağıma göy gurultusu gəldi, yerimdən sıçrayıb qalxdım. Biraz tərləmişdim. Nəvələrim mənə baxıb gülürdülər. Bu dəcəllər boş samovarı salıb gurultu çıxartdıqlarına görə sevinirdilər. Babanı mən oyatdım deyib, mübahisə edirdilər.

Mən bu gurultuya oyandığım üçün çaşbaş qalmışdım. Fikirləşdim görəsən mən haradayam. Kənddəmi, şəhərdəmi? Nəvələrin də dəcəlliyi amanımı kəsmişdi. Birdən qışqırdım, ay uşaq bir sakit olun görüm!

Düzünü deyim ki, yuxudan tam ayılmamışdım. Gördüklərimin davamını görmək, yaşamaq istəyirdim. Çox təəssüf ki, bu baş tutmadı. Bir daha yəqinləşdirdim ki, gördüklərim yuxu imiş.

Uşaqların anası gəldi. Bu nə sifətdir, ay kişi? Olmaya-bilməyə burada yatmısan? Düz tapdın, ay arvad. Bir az bundan qabaq kəndimizdə idim. Az müddətə bir ilin yuxusunu görmüşəm. Ana təbiət öz gözəlliyini bizim el-obadan əsirgəməyib. Hər tərəfi gözəldir.

Uşaqların anası təkrar yanıma gəldi, dur, a kişi, get əyin-başını dəyişdir. Bir yaxşı yuyun. Komandirin sözü qanundur. Xanım dediyi kimi gedib hamamlandım. Amma o, kənd həyatı, gördüklərim heç yadımdan çıxmırdı. Kəndə getmək barədə fikirləşdim. Xanım çay gətirdi, təkrar hal-əhval tutdu. İşlərimlə maraqlandı. Sən çox qəribə adamsan, ay kişi, gəz deyirik, gəzmirsən, kəndə get deyirik, getmirsən, dincəl deyirik dincəlmirsən, vallah səni başa düşmək olmur. Bir az da özün üçün yaşa. Hər şey öz qaydasına düşəcək.

Kəndə getməyi planlaşdırdım. Fikrim qəti idi. Dostum Şükürə zəng etdim. Onunla bu məsələni danışdım. Soruşdum ki, qatarla gəlsəm rayona maşın olacaqmı?

Şükür çox mehribanlıqla cavab verdi. Bəs biz burada nəyik? Hər dəqiqə maşın qulluğunda. Tək sən gəl, qardaş. Mən Şükürdən başqa cavab gözləmirdim. Həmən gün qatara bilet aldım. Bilet Gəncəyə kimi idi. Zəng edib dostum Şükürü məlumatlandırdım. O, məni Gəncədə səhər tezdən qarşılayacaqdı.

Mənim rayon səfərimi eşidən qızlarım bir-biriylə bəhsə girmiş kimi özlərini çatdırdılar. Birinci böyük qızım Fəridə xanım, övladları Cavid, Zeynəb, mən hələ Nazim müəllimi demirəm, bütün dünyası xeyirxahlıqla zəngin olan, sayılıb-seçilən Azərbaycan ziyalısı. Nərminlə Malik qızları Nilufər xanımla, Cəmilə xanım Fatima, Məsud, Müjganla, Nərgiz xanım və evin anası, uşağın anası. Mənim bu ocağımın ata, ana, oğul əvəzi Fəridə xanım. Hamını ona tapşırıb, sağollaşıram.  Çünki gözüm arxada qalmır. Qızlarımın hər biri mənim üçün bir dünyadır. Fəridə qəlbinin işıqlı duyğuları ilə həyatın mənasını başa düşən və nəticə çıxaran bir anadır.

Keçmiş xatirələrdən biri yadıma düşdü. Bu səfərim məni bir az duyğulandırmışdı. Erməni daşnaklarının qudurğan hərəkəti, orada yaşayan insanları bezikdirmişdi. Hər an müharibə başlaya bilərdi. Hər iki tərəfdə də hazırlıq gedirdi. Fəridə xanım məndən xahiş etdi ki, onu kəndimizə aparıb gətirim. Onu başa saldıq ki, qızım, indi çox təhlükəlidir. O, bizim dediklərimizə məhəl qoymadı. Ata, aparırsan ya yox? Fəridənin fikrində ciddi olduğunu görüb razılıq verdim. Ertəsi gün Fəridəni də götürüb kəndimizin yolunu tutduq. Malakanların yaşadığı “Novo Saratovka” kəndində bizi dayandırdılar. Kəndə getmək istəyirik dedik. Zabitlərdən biri yaxınlaşdı:

– Qardaş, sən qurd ürəyi yemisən, nədir? Yanında da qız uşağı. Qorxmursan?                                                                                                                 

– Burada qorxmalı nə var ki?

– Qardaş, o murdarlardan hər şey gözləmək olar.

Yenə sağ olsunlar, yanımıza bir polis nəfəri qoşdular. O bizi kəndə qədər müşayiət etdi. Kəndi və yollarını nəzarətdə saxlayan erməniləri gördükdə, polis nəfəri soruşdu:

– Qızım, qorxmursan ki?

– Allah vurub onları, mən niyə qorxmalıyam, əmi.

Bizə kömək edən əmim qızının nəvəsi Naiq imiş. Allah atasına da rəhmət eləsin. Cəsur polis işçisidir.

Naiq dedi ki, dayı, bu daşnaklar Cahangir dayıdan çox qorxurlar. Yoxsa indi aranı çoxdan qatmışdılar. Kəndimizin camaatı dəstə halında gedib, gəlirlər. Tək getmək çox qorxuludur.

Kupeyə daxil olan bir nəfərin gəlişi məni bu gözəl xəyallardan ayırdı. Salamlaşdıq. Tez bir zamanda tanış olduq.

–Mən Tovuz şəhərindənəm, toya gedirəm, – dedi. Dil-ağız etdim. Arada bir yatdıq, durduq, yenə də söhbətimiz çox şirin keçdi. Bu qardaşın adı Sakit idi. Bakıda görüşərik, – dedi.

Bu minvalla Gəncəyə çatdıq. Sakitlə görüşüb ayrıldıq. Qatardan iyirmi, iyirmi beş metr aralıda Şükürü gördüm. Qonşusu Səbuhi də yanında idi. Sən demə, Şükür arada bir xəstələnibmiş, mənim də xəbərim olmayıb. Bilsəm ona əziyyət verməzdim. Məni son dərəcə səmimi qarşıladı.

İstədi məni Səbuhi ilə tanış etsin. Güldüm:

– Şükür, deyəsən qocalmısan? Səbuhi ilə məni neçənci dəfədir tanış edirsən?

– Bağışla, qardaş, qocalıq əlamətidir. Şükürgilə getdik, bir saat dincəldik, sonra yola düşdük.

     Biz, gədəbəylilər, nəhayət XXI əsrdə hər kəsin sevincinə səbəb olacaq bir tarixi hadisənin şahidi olduq.

Ziyalı düşünür, nəyi isə yazmaq istəyir. Məqsədi oxucunu tez başa salmaq üçün həyat hadisələrini olduğu kimi yazır. Hər bir hadisə düzgün şərh ediləndə söz də abırlı olur. Oxucunu düşünməyə vadar edir. Gələcəyə ümidlə baxmağa şərait yaradır.

Fəxrlə deyə bilərik ki, vaxtilə ulu babalarımızın “Başkənd” deyilən yerdə at oynatdığı bu müqəddəs torpaq yenə halalca sahibindədir. Bunu bizə təkrar qismət edən cəsur oğullarımızın ruhları qarşısında baş əyirik. Sağ qalan Vətən oğullarına analarının südünü halal edirik.

Bu müqəddəs yurdumuzu uzaqdan seyr edərkən insanın ürəyi dağa dönür, qürur hissi keçirirsən. Özü-özünnən fəxr edir.

Azərbaycanımın hər tərəfi gözəldir. Göz oxşadıqca baxırsan, suya tamarzı insan kimi, hər tərəfini gəzmək, görmək könlündən keçir. Göz nə qədər müqəddəs varlıqdır, ilahi! Tərifə ehtiyacı olmayan, insan oğlunun varı-dövləti, aldığı nəfəsi, namusu, qeyrətidir, nəhayət ona yol göstərən varlıq. Budur yaşamağın mənası. O, sənə gözəlləri, təbiətin ülviliyini, kitabların qiymətli kəlamlarını, sirrini öyrənməyə şərait yaradır. Göz çox müqəddəsdir. Gözü təhqir etmək olmaz deyib, ulularımız. İnsan düşünəndə ağlına belə bir fikir gəlir. Bəlkə də onları mələklər qoruyur. Göz yeganə varlıqdır ki, çox zəngin mənası var. Bu zənginliyə heyranam! Gözün qiymətini tanrı veribsə, biz kimik?

Budur, gözlərimizin hesabına zəngin təbii sərvəti ilə bol olan, aşıb, daşan Gədəbəy rayonunu seyr edirik. İlahi Gədəbəyə elə bir gözəllik verib ki, onun qətiyyən sığala ehtiyacı yoxdur. Dağları, meşələri, mineral suları, meyvələri və s. Gədəbəy bu gün daha gözəldir. Gözəldir ona görə ki, Gədəbəyin qəhrəman oğulları bu gözəl mahaldan daşnakları bir dəfəlik qovublar. İndi hər tərəfdən xalqımın oğullarının səsi gəlir, qulaqlarıma. Vətənin qəhrəman oğulları burada qəhrəmanlıq salnaməsini yazdılar. Özləri isə əbədiyyata qovuşdular. Bu yerlərin hər qarışında qəhrəman oğullarımızın izi var. Onlar daşnakların ayaq izlərini qanla yudular. Artıq dağlar, təpələr, obalar öz rəngini dəyişib. Gəlinlərimiz kimi bəzənməyə can atırlar. Fal daşı yenə rahatlıqla ziyarətçilərini qəbul edir. İnsanların üzündə olan xoş təbəssüm, ətrafa nur saçır. Mənalı həyatın dadını çıxarırlar.

Hər kəs öz təsərrüfatıyla məşğuldu. Hamı qorxu-ülkü bilmədən, o yerlərdə yaşayır. Bilirlər ki, Vətən etibarlı əllərdədir. “Başkənd” xəritədən silindikdən sonra xalça kimi torpağı bəzəyən güllər, çiçəklər də rəngini dəyişmişdi. Onların bihuşedici ətri insanı məst edirdi. O, çicəklərin rəngində olan gözəlliklər gəlin köçəcək qızlarımızın yanaqlarındakı utancdan tərləmiş qızartını andırırdı. İlahi, insan oğlu bu gözəllik, bu təravət qarşısında acizdir. Beləcə ana təbiətin insanlara bəxş etdiyi bu gözəllik bir möcüzədir. Hər bir insan üçün öz yuvası gözəldir, deyib ulularımız. Mənim də Azərbaycanımın, dilbər güşələrindən biri, dünyaya göz açdığım bir gün qəhrəman şəhər kimi təqdim olunacaq Gədəbəy mahalı. Anadan olduğum Düzrəsullu kəndi. Qəhrəmanlar Yuvası! Cahangirlər, Məzahirlər, Aznaurlar, Sahiblər yetişdirən, əsl qartal yuvası. Kənardan gölü seyr edirsən, ana təbiət qələmini ondan da əsirgəməyib. Elə bil ki, göl, suyunun təmizliyi, balıqlarının olması ilə fəxr edir, balıqçılara gəl-gəl deyir. Bu göl, suyunu öz bulaqlarımızdan alır. Yay aylarında bu gölün kənarında dincəlmək üçün gələn ziyarətçilər, gölə xüsusi gözəllik verirlər. Bu göl çox haqsızlığın, göz yaşlarının şahidi olub. Təravətli bir sərvət olmasına baxmayaraq, ona zülmlər edilib. Daşnakların burada yaşadıqları zaman bu göl çirkab içərisində boğulurdu. İndi yenicə doğulmuş körpə uşaq kimi, adama gəl-gəl deyir. Hər kəs bu gölə yenicə doğulmuş övladı kimi baxmalıdır. Bir zaman gələcək bu göl öz zəngin bəhrəsini verəcək. Gəlin birgə qoruyaq!

Etiraf etmək lazımdır ki, indi dincələ-dincələ getdiyimiz bu yol, vaxtilə ətrafa baxmağı bizə qadağan etmişdi. Buralardan tez keçib getmək lazım gəlirdi. Daşnaklar hər an istədikləri şərəfsizliyi etməyə hazır idilər. Çox şükür artıq onların burada izi-tozu qalmayıb. Rahat nəfəs almaq olar.

Tələsmədən kəndimiz tərəfə gedirdik, maşını dayandırdıq. Yolun kənarında çomağına söykənmiş nurani bir kişini gördük. Onunla salamlaşmadan, hal-əhval tutmadan getmək tərbiyəsizlik olardı.

– Salam, ay baba!

– Salam, xoş gəlmisiniz, ay oğul. Bura adamına oxşamırsınız.

– Düz deyirsən, baba. Biz Bakıda yaşayırıq. Dincəlmək üçün Vətənə gəlmişik.

– Xoş gəlmisiniz, mənim balalarım. Kimlərdənsiniz?

– Məşədi Rüstəmlilərdənik.

     – Allah köməyinizdə olsun, ay oğul. Allah o, igid, qəhrəman oğullara rəhmət eləsin. Onların hesabına buralarda kef çəkirik. Gəlin sizə bir bulaq göstərim. Ağsaqqalın oturduğu yerin yaxınlığında daşnaklardan qalma beton körpü vardı. Onun solunda olan bulağın yerini o, nurani qoca bizə göstərməsəydi, heç vaxt onun yerini bilməzdik. O, nurani ağsaqqal elə bilki, bizi tarixin yeni bir səhifəsi ilə tanış etdi. Vaxtilə Azərbaycan torpağı olmuş bu yerlər daşnakların əlində qalmadı. Yenə öz doğma sahibinə qismət oldu. Bu sərin bulaq qayanın döşündən çıxdığına görə usta axışı ilə yaşının çox olduğundan xəbər verirdi.

Bulağı uzun müddət seyr etdim. Bulağın şırıltısı elə bil ki, qəhrəman oğullarımız üçün həzin musiqi sədaları idi. Buna görə də tarixin bəzi sirlərini həqiqət kimi qəbul etmək lazımdır. Qocanın səsi bizi o xoş xəyallardan ayırdı:

– Oğlum, mən bu yaxında yaşayıram, gedək qonağım olun. Mənim qarım da çox sevinər. Yazıq arvad, uşaqların üzünə həsrətdir.

– Uşaqlar haradadır ki, ay baba?

– Soruşmasanız yaxşıdır, ay oğul. Böyük gədə bu müharibədə şəhid oldu. Meyidini tapmaq bizə nəsib olmadı. Allah bilən yaxşıdı. İkinci oğlum Rusetdədi, guya pul qazanır. Qızım ərdədir. O da hərdən gəlir, baş çəkib gedir.  Bizim paltarlarımızı yığşırıb yumaq üçün aparır. Oğlu sağ olsun, o da heyimizə çatmasa – məhv olarıq. Gözləri yaşarır. Özlərinin o qədər dərdləri var ki, əlimizdən nə gəlir, ay oğul. Bu nurani qocanın təklifini qəbul etdik. Özümüz üçün də maraqlı idi. Kəndə götürdüyümüz sovqatdan bir az onlar üçün ayırdıq. Kəndə əli boş getmək  olmur.

Hələ o balaca körpələr. Kəndə şəhərdən kim gəlsə, özlərinin qohumu hesab edirlər, üstümüzə gəlirlər. Biz də onları sevindirməyə borcluyuq. Ən azı bir az konfet paylamalıyıq.

Təzəcə tanış olduğumuz bu nurani ağsaqqal çomağa dirənərək ayağa qalxdı.

– Gedək, ay oğul.

     Qoca qabaqda gedə-gedə öz-özünə danışırdı. Sən demə ev lap yaxında imiş. Biz də fikirləşirdik ki, ən azı bir mərtəbəli ev olar. Fikrimizdə yanılmışıq, çox yöndəmsiz üç divar. Üstü də mavi çadırla örtülmüş, bir sığınacaq. Evin qarşısında gün vuran yerdə ağac kötüyünün üstündə ikiqat olmuş əsasına söykənib mürgüləyən bir qarı gördük. Biz heykəlləşmiş bir şəkildə gözümüzü o qadından çəkə bilmirdik.

Qoca kişi qadınına yaxınlaşıb qala qışqıra-qışqıra “Oğulların gəlib, ay arvad”, – dedi. Bu sözdən sonra o, ikiqat olmuş qarı oturduğu yerdən cavan gəlin kimi sıçrayıb qalxdı. Əsası bir tərəfə düşən bu qarı qollarını geniş açaraq qışqıracaq bir şəkildə “ayağınızın altında ölüm yaxına gəlin” Belə başa düşdük ki, oğlunun şəhid olduğunu qoca arvadından gizləyib.

Ana:

– Yaxına gəlin, – deyə bizi çağırırdı. Birdən gözümə o nurani kişinin bir tərəfə çəkilib, bükülmüş şəkildə hıçqıra-hıçqıra ağladığını gördüm. Bu nə dəhşətli səhnədir, ilahi! Bizi imtahanamı çəkirsən?

Dözmədən O, əlləri havada qalmış anaya yaxınlaşdım, onu qucaqladım. O qədər yüksəkdən hıçqırıb ağlayırdım ki, bu iki qoca mənim yanımda yalan olmuşdu.

Mənim vəziyyətimin pisləşdiyini görən dostum, mənə yaxınlaşdı, icazə ver mən də anamla görüşüm. Mən elə hesab edirdim ki, dostum bu qoca qadını bir ana kimi qucaqlayacaq. Lakin o, ananın ayağının dibində oturub hönkür-hönkür ağlayırdı. Bu qoca qadın əlləri havada bizimlə görüşdüyü üçün tanrıya dua edir, yalvarırdı. Dostumun qolundan tutub qaldırdım. O nurani ağsaqqal bir küncdə bükülü halda bizə baxırdı.

–Məni bağışlayın, ay oğul, mənim başqa çarəm yoxdur, həyat tərzimizdir. O bulaq Allah şahididir. Sizin kimi çox igid oğullarımızı bu çarəsiz ananın görüşünə gətirmişəm. Ağlamaqdan gözləri tutulub. Hafizəsi də korlanıb. Məni bağışlayın, başqa çarəm yoxdur. Bu bir təsəllidir onun üçün. Yenə guya bir müddət uşaqlar işləməyə gedəcək!..Nə yaxşı ki, o bulaq var. Yoxsa mən tənha nə edərdim?

Biz oradan ayrıldıqdan sonra o bulağın başına gəldik. Mən bulağa yaxınlaşdım, əyilib üzümü yumaq istəyirdim ki, o qoca qadının əksini bulaqda görüb geri sıçradım. Dostum bunu hiss etdi. “Bir şeymi oldu?” – deyə soruşdu. “Heç,” – dedim. O, bulaqdan doldurduğu qabla əlimə su tökdü, üzümü yudum. Dostum da əlini, üzünü yudu. Amma sözlü adama oxşayırdı. “Nə üçün qorxdun, dostum?” İstədim deməyəm. Dözmədim. Bulağın gözündə o, yaşlı qadının əksini gördüm. Bizimlə vidalaşırdı. Biz o, nurani qoca ilə sağollaşıb yolumuza davam etdik. Maşının yanına necə gəldik təsvir etsək, doğru olmazdı. Bizə elə gəlirdi ki, biz özümüz-özümüzlə danışır, suallar verir, cavab gözləyirdik.

O səhnənin təsiri bizi çox uzaqlara aparmışdı. Daşnaklara lənət olsun! İnsan da, öz doğma torpağında ehtiyatla gəzərmi?

Artıq qorxu hissləri, belə demək olar ki, yavaş-yavaş yox olmuşdu. Hamı istədiyi yerə gedib-gəlirdi. Yol boyu arada bir Azərbaycan ordusunun əsgərlərinə rast gəlirdik. Çox şükür burada saysız-hesabsız mərd oğullarımız yenə Vətənin keşiyində dururlar. Vaxtilə  bu torpaqlarda at oynadan daşnakların, demək olar ki, kökü kəsilmişdi. İndi Azərbaycan bayrağı ordenli briqada komandiri polkovnik Cahangir İsgəndər oğlu Rüstəmov, baş leytenant Azərbaycanın Milli Qəhrəmanı Məzahir İzzət oğlu Rüstəmov, Azərbaycanın Milli Qəhrəmanı Aznaur İsgəndər, kapitan Sahib Əkbər oğlu Rüstəmov kimi qəhrəman oğullarımızın qəhrəmanlığı sayəsində, Vətən rahat nəfəs alır.

Burada adları çəkilməyən Azərbaycan ordusunun zabitləri, əsgərləri Şınıx mahalının insanlarının qəlbində əbədi olaraq yaşamaqdadırlar. Ey nurani baba: – dünyasını dəyişənlərin ruhları qarşısında baş əyirik, sağ qalanlara ulu tanrıdan cansağlığı diləyirik. Vətən sizin nurani ağsaqqallığınızla, oğullarınızla fəxr edir. Bizim bu günümüz də, gələcəyimiz də sizsiniz!..

Hər mahal da, tarixin şərəfli səhifələrinə düşə bilmir. Lakin Şınıx mahalı tarixə ən şərəfli səhifələrindən birini həkk etdi.

Kəndin başına çatmışdıq. Kəndə yaxınlaşdıqca həyəcanım artırdı. Ata evinə gedən yol xarab olduğuna görə maşını birbaşa böyük qardaşımın qapısına sürdüm. Maşından endim. Balaca körpələrin səsi gəlirdi.

Gizlincə evin arxasına getdim. Doyunca ağladım. O, qoşa çinarları görmədim. Onlarla görüşdüyüm anlar, onların kölgəsində dincəldiyim dəqiqələr gözümün qabağına gəldi.

Həsrətlə gözlədiyim həm sərt, həm də mülayim səs! Samovarı yandırın!

Çiynimə toxunan bir əl məni bu xoş xəyallardan ayırdı. Solmaz xanım gözləri dolmuş, mənə təskinlik verə-verə qolumdan tutub ev tərəfə getməyimizi xahiş etdi.

Solmaz xanım rəhmətlik qardaşım Polad müəllimin həyat yoldaşı idi. Həm də əmimiz qızıdır.

Çay hazır olana qədər Fikrət, Əşrəf gəldilər. Solmaz xanım çox gözəl süfrə açdı. Açığı dostumla bərk acmışdıq. Allah bol eyləsin, yaxşıca yeyib, qarnımızı doyurduq.

İmran da özünü çatdırdı. İmrannan Fikrət evin arxasındakı ağacların altında çay süfrəsi açdılar. Yay aylarında biz tərəflər cənnətə dönür. Bu cənnəti yaşamaq üçün gəlmək, görmək lazımdır. Dostum razılıq edirdi. İmran sözə qarışdı.

– Qardaş, bu günə çox şükür, yeməyə bir parça çörəyimiz var. Sakitlikdir, ermənilər öz işində, biz də öz işimizdə. Bircə müharibə olmasın, Allah bizi övladlarımızın qarşısında imtahana çəkməsin.

Qonaq da İmranın dediklərini başı ilə təsdiq edirdi. Mən də sizinlə razıyam, qardaş. Müharibə heç bir xalqa xoşbəxtlik gətirməyib. Ermənilərə lənət olsun, qudurdular. Harınladılar. Nələri çatışmırdı. Söhbətin şirin yerində böyük qardaşım, rəhmətlik İsmayıl müəllimin oğlu Kamran da uşaqları yanında gəldi. Kamran müharibədə çox rayonlarda iştirak etmişdi. MTN-nin mayorudur. Vətənpərvər oğlandır. O, əvvəl qonağımızla hal-əhval tutdu, sonra boynuma sarıldı, məni çox məhəbbətlə öpdü. Belə oğullarla fəxr etməyə dəyər. Bizi evinə dəvət etdi. Yemək hazırlatmışam, dedi. “Çörək yemişik”, – dedim. Gülümsündü. Eybi yoxdur, axşamüstü bizdəyik, dedi.

Toğrulu evə göndərdi:

– De ki, yemək yeyiblər.

Uşaqlar bir göz qırpımında oradan uzaqlaşdılar. Bir uşaq tapmadıq ki, su üçün bulağa göndərək.

İmran ayağa qalxdı. Siz nərd oynayın, mən sizin üçün su gətirərəm.

Qonağımız bu gəlişində buraları birinci dəfə belə gördüyünə görə mənə tez-tez təşəkkür edirdi. - Qardaş, mən bir şeyi başa düşmürəm. Elə bilmə ki, heç bir rayonda olmamışam, bu doğru olmazdı. Sonuncu dəfə Qax tərəflərdə olmuşam. Burada aldığım hava, içdiyim su tamamilə başqadır. Bir az əvvəl yediyimiz beçə çığırtmasını, utanmasam, yenə istəyəcəkdim.

– Darıxma, axşamüstü Kamrangildəyik.

– Əşşi, dediklərim yarı zarafat, yarı doğrudur. Doğrudur ona görə ki, mən səni doğmalarımdan ayırmıram. Qardaş, elə buna görə səni çox istəyirəm. Səni mənə rəhmətlik anam əmanət edib.

– Burda gördüyün insanların hamısını qohumun kimi bil, səhv etməzsən. Dostum gülümsünərək məhəbbət dolu gözlərlə məni süzdü. Allah-Tavat anaya rəhmət eləsin. Sən həmişə mənim üçün böyük qardaş olmusan. Sənin mənə etdiyin yaxşılıqları ömrüm boyu unutmaran.

–  Kamran sözlü adam kimi bizə yaxınlaşdı.

– Şükür əmi, Siz bizim üçün çox qiymətli insansınız. Rüfət əmim həmişə sizdən söhbət açır. Allaha şükür yerimiz boldur, bir-iki gün qal dincəl. Bizi çox sevindirərsən.

– Bu sözlər Şükürün ürəyinə  yağ kimi yayıldı. Gözləri sevinc yaşları ilə dolmuş halda:

– Kamran, üzün ağ olsun.

– Koroğlu, İsmayıl qardaşımızın oğlu olduğunu bir daha sübut etdin.

– Məni kövrəltmə...

– Rəhmətlik sağ olsaydı, buralar daha da gözəl olardı. İsmayıl müəllimin yoxluğu bizə çox təsir etmişdi. Bu gün şahidi oldum. Bizimlə görüşən insanların da demək olar ki, hamısı, İsmayıl müəllimin yoxluğuna təəssüflənirdi. O, el ağsaqqalı idi.

Kamranın balaca oğlu Taryel qaça-qaça atasına yaxınlaşdı. Ata, anam dedi ki, süfrəni hazırlayıram, gəlsinlər. Hə, Şükür əmi, indi də gedək bizim evə. Dostum bu təklifdən qaçmaq istəyirdi. Buna səbəb, əli boş getmək istəməməsi idi. Bunu Kamran da hiss etmişdi. Kamran qonağın qoluna girdi. Ay Şükür əmi, bura da sənin qardaşın oğlunun evidir. “Getmirəm” nə deməkdir? Gəlinlər sağolsun, yaxşı süfrə açmışdılar. Məclisin şirin yerində Şükür söz istədi. Əvvəlcə kövrəldi, sonra özünü ələ aldı.

– Mənim əzizlərim, bura mənim üçün çox doğmadır. Doğmadır,  ona görə ki, mən bu gözəl nəsli çoxdan tanıyıram. Xeyirində, şərində olmuşam. İş elə gətirib ki, gəlməyimnən-getməyim bir olub. Mənim üçün müqəddəs olan bu yerlərdə bir dəfə də olsun gecələməmişəm. Bu da Allahın qismətidir. Gədəbəyin təbiətin dilbər guşələrindən biri olduğunu gözlərimlə gördüm. Bu qəhrəman şəhərin insanlarına halal olsun. Bu Allah payını qoyub qaçmadılar. Burada dünyaya göz açmış, çox müqəddəs bir nəslin övladları Cahangir Rüstəmov, Məzahir Rüstəmov, Sahib Rüstəmov, can dostumuz Aznaur İsgəndər, əfsanəvi qəhrəman Pünhan və başqa igid oğullarımızın qəhrəmanlığı nəticəsində “Başkənd”-in sahibinə qaytarılması məni dağa döndərdi. Dünyasını dəyişənlərin ruhları qarşısında baş əyirəm, oğul gözləyən ata-analara Allahdan səbr diləyirəm. Rüfət qardaşım, sən mənim üçün bir dünyasan. Bu gün gördüyümüz bulaqla tanışlıq mərasimi mənim həyatımın qalan hissəsini də mənimlə yaşayacaqdır. Allah o qocaya, o nurlu insana nicat versin ki, Vətənin ziyarətinə gələn gəncləri o bulaqla tanış etsin!

Süfrəniz həmişə qonaqlı, qaralı olsun. Yolçu yolda gərək.

Bizim təkidimizə baxmayaraq, Şükürü fikrindən döndərə bilmədik. Bizi Gəncədən gətirən sürücü də razılığını bildirdi və maşınını hazırlamağa getdi. Biz dostum Şükürü yola saldıq.

Bir günü də beləcə başa vurduq. 

 





14.02.2013    çap et  çap et