525.Az

Vətən torpağını canından üstün tutan igid kəşfiyyatçı - Fotolar


 

Vətəni qibləgah edən şəhidlər - X yazı

Vətən torpağını canından üstün tutan igid kəşfiyyatçı - <b style="color:red">Fotolar</b>

... Nələr istəmişdik, nələr gətirdi fələk başımıza. 1985-ci ildən sonra dağılan ittifaqın üzərində hər millət öz dövlətini qurmaq üçün mücadiləyə başladı.

90-cı illərdən etibarən azadlıq nümayişləri, imperializmin zəncirlərinin qırılması kimi şüarlardan çıxıb, 15 respublika özünün müstəqil dövlətini yaratdı. O Müstəqillikdən başlayan yolda, ən çox şəhid verən ölkələrdən biri Azərbaycan oldu. 1990-cı ildən etibarən ölkəmizə diş qıcayan qanlı rus imperializmi, ən şirin tikə olan Azərbaycandan əl çəkmədi. Gənc dövlətimiz öz ayağa durmaq əvəzinə, öz milli ideologiya və strategiyasını hazırlamaq əvəzinə, özündən qat-qat güclü düşmənlərlə mücadiləyə, mübarizəyə çevirdi əlində olan azacıq resurslarını. Düşmən bizdən güclü idi. Tanrının köməyi ilə , axan qanlarımızı silərək, yavaş-yavaş dirçəlməyə başladıq.

 Milli ideologiya haqqında danışmağım əbəsdən deyil. Biz neft kontraktları imzaladıq, biz özümüzü dünyaya tanıtmağa başladıq. Hər ölkədən bir dəb, bir yenilik gətirdik Vətənə. Ancaq əsas ailə dəyərlərini unutduq. Ailənin dövlətin dayağı, təməli olduğunu unutduq. Ailənin təməlində isə islam və türk qaydalarına görə övladların sayının çox olmasının nə dərəcədə mühüm olması haqqında fikirləşmədik. Dağılan zavodların, fabriklərin, iş yerlərinin xarabalıqlarında hamı çörək pulu qazanmaq, yenidən yoxdan var olmaq haqqında düşündü. Qazanc dalınca qaçdıqca, milli dəyərlərimizi arxa plana atdıq. Həmin milli dəyərlərin içərisində ailədə övladlarının sayının azalmasının fərqinə varmadıq. Elə bildik ki, "Avropa mədəni dəyərlərinə"  uyğun ailəni 1-2 uşaqla da ailə etmək olur. 1990-da Bakıya rus tanklarının yeridildiyi gündə həlak olan şəhidlərimizin evində 3, 4, 5, 6... uşaq var idi. 1990-dan bu tərəfə isə... azaldıq... Ailələr1-2 uşaqla kifayətləndi. Heç dövlətin əlaqədar qurumları da bu böyük fəlakətin fərqinə varmadılar. Ailə başçıları işsizlik, pulsuzluq, evsiz-eşiksizlik kimi problemləri əsas gətirərək, çox uşağ üçün büdcələrinin yetmədiyini dedilər. Müstəqil ölkəmizdə yeni yaranan institutlar, qurumlar, komitələr, nazirliklər də həyəcan təbili çalmadılar. Bir deyən olmadı ki, axı 1 uşaq ailədə çox azdır, 2 uşaqla nəsil artıb-çoxalmır. Bu dünyanın ölümü-itimi, təbii fəlakəti, müharibəsi, sel-suyu, tufanı var axı... ya zəlzələdən, ya vəlvələdən, ailələrə fəlakət gəlib, o təkləri, birləri apara bilər. İndi neçə-neçə ailə tək, iki, üç olan övladını itirir. Çox istərdim ki, dövlətimizin milli ideologiyasına aid sənədlərin ailə və dövlət adlı bəndlərində ailələrdə çox uşaq olmasının vacibliyi qeyd edilsin. Bir çox inkişaf etmiş ölkələrdə, lap elə yaxın Rusiya, Ukraynada olduğu kimi ailədə çox uşaqların doğulması, böyüməsi üçün böyük məbləğdə  kompensasiyalar, yardımlar edilsin. Əgər insanların lap elə kənd yerində şəraiti, evi, malı-qarası bol olarsa, evin kişisi ailəyə lazım olan qədər məvacib qazanıb gətirərsə, şəhərdə yaşayan gənclərə, lap Sovet dönəmində olduğu kimi sosial evlər verilərsə, bu evlərdə təbii ki, dövlət proqramına uyğun olaraq 3, 4, 5 uşaq... bəlkə 10 uşaq da doğular. Valideynlər və uşaqlar bilərlər ki, dövlət onların hər qayğısını çəkəcək, lap elə Sovet vaxtında olduğu kimi, bütün səylər dövlətin təməli olan ailələrin möhkəmləndirilməsi və rifahına yönələcək. Sağlam ailə, sağlam uşaq SAĞLAM DÖVLƏT deməkdir.

 "Gecələr" ləqəbli Toğrul

... Ağsunun Bico kəndində doğulub boya-başa çatmış Toğrul Fərəczadəgilin evinin darvazası açıq idi. Qohum-qonşunun dediyinin əksinə olaraq, qonaq-qaranı, dostlarını sevən Toğrul bu dəfə qonaqlarını özü yox, darvazasının üstündəki Azərbaycan bayrağı, toy xəbəri verən darvazanın üstünə bağlanmış qırmızı yaylıq, həyətində qurulan yas çadırındakı şəkli lal-dinməz qarşılayırdı. Bir qayda olaraq, qadınlar yığılan evə keçib, qara örtüklü, qara paltarlı qız-gəlinlə, ahıl analarla görüşdüm. Arıq, sısqa bir gəlin oturmuşdu divanda, keçib yanında əyləşdim. Boynunu qucaqladım, alnından öpdüm. Şəhid anaları özləri də qəhrəmandırlar. Onların alnından öpülməlidir. Təsəlli verməyə yenə söz tapmadım.

... Gözlərimizin yaşını siləndən sonra, Toğrulun anası 40 yaşlı Bəhruzə Cəbiyeva oğlu haqqında danışmağa başladı.

-  Onu min bir zəhmətlə böyütmüşdük. Sevdiyi qız var idi. Onun gözünə baxa bilmirəm. Dayağım, gedib-gələn nəfəsim idi Toğrul... Özü hərbçi olmaq istəyirdi. Hərbi xidmətini 2012-ci ildə başa  vurandan sonra, inad etdi ki, hərbidə qalacaq. Bizim də gücümüz yetmədi. Üç il yarım idi ki, hərbidə çalışırdı. Üç ilyarım idi ki, mənim gecəm-gündüzüm yox idi. Həm əsgərlikdə, həm də Silahlı Qüvvələrin tərkibində hərbin sirlərinə dərindən yiyələnmişdi. Evə gələndə uğurlarından danışırdı. Bu il yanvar ayının 20-də idi, deyəsən, ermənilərin hərbi texnikasını sıradan çıxarmışdı, pilotsuz uçan təyyarəsini vurub yerə salmışdılar. O hərbçilərin içərisində Toğrul da var idi. Ermənilərin pilotsuz təyyarəsini vurduqlarına görə yanvar ayında evə göndərilmişdi. Deyirdim ki, ay oğul, mənə bir az işindən-gücündən danış. Elə həmin günlərdə dedi ki, ana mən hərbiyə gedəndə komandirimiz olan general əlini kürəyimə qoyub məndən soruşdu ki, ailənin bir oğlusan, Vətənin müharibəsi var qarşıda, xidmət etməyə qorxmursan? Ana, generala dedim ki: "Bir oğulun ürəyində Vətən sevgisi olmur?" Cavabım xoşuna gəldi". Oğlum güclü kəşfiyyatçı olduğundan, ləqəbi "Gecələr" idi. Deyirdi ki, bu yaxınlarda mina təmizləməyə gedibmiş. O gecəni belə xatırlayırdı: "Ana getdim ərazidən mina təmizləməyə. Təlim görmüş itim də yanımda idi. Minaları çıxarıb, 200 metr keçib səngərin içərisi ilə getdim qabağa. Birdən üstümə kimsə atıldı. Elə bildim ermənidir. Həmlə gözlənilmədən olduğundan, fikirləşdim ki, ermənini duyuq salmışam. Yamanca qorxdum, can şirin şeymiş. Sonra baxdım ki, üstümə tullanan itimdir. Erməni olsaydı, ya ona verən Allah, ya mənə verən Allah, heç bilmirəm, necə qurtaracaqdı. Həmin gecə, səngərdən sağ qayıtdığıma görə əhd etdim ki, qurban kəsəcəyəm". Toğrul o qurbanı kəsib, kəndin qocalarına, əlsiz-ayaqsızlarına, kimsəsizlərinə payladı. Əli pul tutandan elə işi gücü yetim-yesir, kasıb adamları sevindirmək idi. 3 ay əvvəl evə bayraq gətirdi, dedi ki, hərbçinin evində mütləq Azərbaycan bayrağı olmalıdır! İşsiz-gücsüz, avara gəzən, ata-anasını incidən uşaqlara baxanda təəccüblənirdi, əsəbiləşirdi. Qohumlarımıza zəng edib deyərmiş ki, ata-anamdan doymuram. Kreditlə maşın götürmüşdü. 2 illik krediti hələ qalır. Maşını da qalıb xidmət etdiyi hərbi hissənin həyətində. Hərbi hissə komandiri polkovnik-leytenant Murad Mirzəyev ondan daima razılıq edirdi. Azərbaycan Silahlı Qüvvələrinin 95-ci ildönümü münasibəti ilə medalla təltif olunmuşdu.

Həmişə məclisinə, evinə gələn hərbçi dostları indi yasına gəlirlər. Onların hamısından balamı soruşuram. Uşaqlardan hansısa dedi ki, Talış kəndi uğrunda vuruşmada polkovnik-leytenant Murad Mirzəyevlə birlikdə qatılıblar döyüşə. Xeyli irəli gedib nə qədər erməni məhv ediblər. Silah-sursat götürüblər. Murad Mirzəyev görüb ki, vəziyyət yaxşı deyil, uşaqlara xətər toxuna bilər. Onlara deyib ki, siz qayıdın geri. Düşmənin 3 qrupundan 2-ni məhv ediblər. Sonra vəziyyətin gərginləşdiyini görüb, əsgərlərini xilas etmək üçün özünü partladıb Murad Mirzəyev. Oğlum da komandiri kimi igid idi. Oğlum, deyəsən, Murad Mirzəyevdən sonra həlak olub...

Aprel yaman gəldi. Arzularımızı yarımçıq qoydu, toylarımız çalınmadı... Xonçalarımız gəlin qapısına getmədi... Mənim kimi neçə ananı oğulsuz qoydu aprel... Aprelin 2-dən sonra Toğrulumla danışa bilmədim. Dizimi qoydum torpağa, əllərimi Allaha açdım, yalvardım, ağladım, dilədim ki, iki gözümü al, ancaq oğlumu mənə qaytar. Gözsüz qaytar, ayaqsız, əlsiz qaytar, ömrüm boyu dilənib onu şikəst saxlaram... İndi mən necə ovunum... barı oğlumun xidmətlərini dövlətimiz qiymətləndirə, adına bir küçə, ya məktəb verə, adını əbədiləşdirə... Axı onun qanı tökülən yerlərdə qalibiyyət var... 

Bico kəndinin 4-cü şəhidi... 

Atası Habil Cəbiyevi danışdıra bilmədim. Əmisi Qabil Cəbiyevin isə deməyə sözü çox idi:

- Qarabağ döyüşləri başlayandan kəndimiz bir şəhid verib, iki nəfər isə itkinimiz var. Onların üçü də qohumumuzdur. Şəhidimiz Mahmud Səfərovun 19 yaşı var idi. İtkin düşən  Fərrux Səfərov və Sənan Səfərov da 19 yaşında idilər. O vaxt mənim də 19 yaşım var idi. Onları Ağdərə uğrunda döyüşlərdə itirdik. Nə o şəhidin, nə də itkinlərin ailəsi ilə bir maraqlanan olmayıb. 1992-ci ildən 1996-cı ilə qədər indi ermənilərin işğalda olan bütün kənd və rayonlarımızda gedən qanlı vuruşların iştirakçısı olmuşam. Mənimlə vuruşan uşaqlardan sağ qalanı çox azdır. Necə oldusa, mən ölmədim. O dağları, meşələri Şirvandan yaxşı tanıyıram. Lakin ən ağrılısı odur ki, cəbhədə o qədər zülümlər çəkdim, qan tökdüm, can qoydum, lakin könüllü döyüşçü olduğumu qanuniləşdirə bilmədim. Ona görə də, Toğrulun hərbidə qulluq etməsinə razı deyildim, həm o döyüşləri görən adam kimi, həm də o acı günlərdə çəkdiklərimi qardaşımın balasının görməsini istəmirdim. Aprelin 3-dən sonra Toğruldan xəbər tuta bilmədik. Qardaşımla getdik üzü Tərtərə sarı.  Aprelin 8-də Yevlaxda onun hərbidəki dostlarından birini tapdım. O dedi ki, Toğrul şəhid olub. Düz aprelin 8-də eşitdik bu xəbəri. Nə qədər çətin olsa da, qardaşıma dedim... Bircə balasının ölüm xəbərini alan ata necə olar... Çox böyük çətinliklə gəlib çatdıq Ağsuya, kəndimizə... Məlum oldu ki, Toğrul, cəbhənin Tərtər-Ağdərə istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində həlak olub. Ermənistan-Azərbaycan cəbhə xəttində, döyüş meydanında qalan Toğrul Fərəczadənin nəşi aprelin 8-də Azərbaycan tərəfə təhvil verilib. 9 apreldə şəhid və qəhrəman balamızı dəfn etdik...

Başı qara örtüklü, əynində qara paltarlar olan  yaşlı qadınların içərisində diqqətimi bir narahat ana çəkdi. Gözlərinin yaşını silib: - Toğrulun nənəsiyəm, -  dedi. - Həyətdəki o ağacları Toğrul əkib, becərib. Bağ-bağçanı səliqəli sevərdi. Balamın əsgər dostları gələndə onlara süfrə açardım... Keçən il Biləsuvarda hərbçi dostunun biri şəhid olmuşdu. Toğrul o şəhidin evinə yasa gedəndə, şəhidin anası deyib ki, gəlin sizi balamın əvəzinə yedirim. Şəhidin anası, hər dosta bir qaşıq aş verib, yedirib onları... balasının ətrini almaq istəyib. Bu hadisə Toğruluma çox təsir etmişdi. Onu bizə danışmışdı. Toğrulumu itirəndən sonra, aprelin 11-də bacısı Əfsanənin birinci uşağı dünyaya gəldi. Qaynatası zəng vurub, bizdən xahiş etdi ki, izn verin, Toğrulun adını nəvəmizə verək. İndi Toğrulun adını bacısının oğlu, nəticəm daşıyacaq.

Hər görüşün sonunda bir ayrılıq durur. Toğrul Fərəczadənin anası və qohumları ilə sağollaşıb, həyətə düşdüm, qohumlar məni Toğrulun səliqə-sahmanı ilə düzələn bağçaya apardılar. Ağaclara nə var ki, təbiətin hökmünə tabedirlər.Yeni-yeni yarpaqlamışdılar. Arasında çiçəkləyən meyvə ağacları da var idi. Öz-özümə fikirləşdim ki, görəsən, Toğrulun əkdiyi ağacların, indi onun torpağa qarışmasından, ota, çiçəyə, lap elə ağaca çevriləcəyindən xəbərləri varmı?.. Bir ağsaqqal, nurani kişi yaxınlaşdı. Salamlaşdıq, başsağlığı verdim, tanış oldum - Toğrulun babası idi. Yaşı 75-dən yuxarı olan Fətulla Cəbiyev söz-söhbəti uzaqdan başladı:

- Səkkiz övladım var idi. Bir oğlumu bir neçə il bundan əvvəl itirmişəm. Toğrul əmisinin balalarına çox qayğı göstərirdi. Əmisinin iki uşağının sevinc yeri idi. Bizim kəndimiz  Şirvanda kök salmaq istəyən ermənilərə həmişə divan tutub. 1918-ci ildə qohum-əqrabalarımız, babalarımız, Bico kəndinin kişiləri, Şahalı yüzbaşı başda olmaqla, torpağımıza göz dikən erməniləri qırıblar. Ermənilərin şamaxılılara, şirvanlılara etdikləri zülmlərin qanını onlarda qoymayıblar. Toğrulun soyadını atamın adından götürüb Fərəczadə yazdırmışam. Ona görə biz Cəbiyev gedirik, o isə böyük babasının adı ilə... Bu qəm bir bizim qapımızı döyməyib ki... Gör neçə qapını döyür, 25 ildir. Vətən yolunda gedib Toğrul, o bizim Vətənin övladı idi. Prezidentimiz İlham Əliyev də bu müharibənin bitməsi üçün çox çalışır, torpaqlarımızın azad olunması üçün mübarizə aparır. Onun əsgərləri möhkəm dayanmalıdır ki, prezident də onlara güvənsin. Müharibədə itki də olur, qan da olur. Bu neçə gündə darvazamız bağlanmır. Dövlət adamları gəlirlər, gedirlər, şəhidimizi yad edirlər. Elə indi də Müdafiə Nazirliyinin 1 avtobus hərbçisi, qadınlı-kişili, Bakıdan bura başsağlığına gəliblər... Demək şəhidin qiyməti var, əsgərin dəyəri var bu gün... Mən 1992-96-cı illərdə Azərbaycanın müharibə olan torpaqlarını qarış-qarış gəzmişəm. Oğlum Qabil könüllü orduya yazılanda 19 yaşı var idi. Yerini-yurdunu demirdi. Bala şirin olur. Düşdüm yolların ağına... Dərələrdən, düzlərdən keçdim... Soyuqlara, istilərə düşdüm. Oğlumu axtardım, hardan sorağı gəldisə, oraya getdim. Müharibənin hər üzünü gördüm. Laçın-Kəlbəcər dağlarında axtardım Qabili. Bir gün meşədə təsadüfən üz-üzə gəldik. O gürcülərin "Əsgər atası" filmi var e... Bax elə onun kimi... Ata-bala sarıldıq bir-birimizə... iylədim oğlumun saçlarını, ətrini çəkdim sinəmə... sevinirdim ki, balamı sağ-salamat tapmışam... Nəvəmi isə Qabil axtardı... tapmadı... - deyib, gözlərindən tüklü sifətinə sıralanan göz yaşlarını sildi Fətulla kişi.

Bu yazının əvvəlində ailələrdə uşaqların çox olmamasının səbəbləri və bu səbəbləri aradan götürmək üçün Dövlət Proqramının vacibliyindən bəhs edirdim. Söhbətimin kökünü Fətulla kişidən gətirirdim. Fətulla kişinin 8 övladı var idi. Birini itirib, 4 oğlu, 3 qızı var indi. Nəvə-nəticələri də az deyil. O səkkiz övladını Sovet rejimində pis-yaxşı böyütmüşdü. Təhsil alanı, sənətə yiyələni də var. O övladlar indi həm bir-birinə, həm də dövlətə dayaqdırlar. Amma Fətulla kişinin oğlu Habilin 1 oğlu və bir qızı var idi. Oğlu qəhrəmanlıqla həlak oldu. Bircə qızı qaldı Habilin. Burda məşhur rejissor Rza Təhmasibin "Onu bağışlamaq olarmı?" filmindəki ana obrazının monoloqunu xatırlayıram. Ana ətrafında yığılan insanlara baxıb deyir: "Kimdir günahkar?". Və filmin süjetindən məlum olur ki, günahkar MÜHARİBƏdir!

İnanmaq istəyirik ki, dövlətimizin əlaqədar orqanları ailə, uşaq, iş yeri, mənzil problemlərinin birdəfəlik həllinə nail olub, ailələrdə 4, 5, 6... hətta 10 uşağın dünyaya gətrilməsi, ailələrin möhkəmlənməsi üçün təməlli inkişaf poqramı hazırlayacaqlar. Unutmayaq ki, Dövlət Ailədən başlayır, ailələrdə doğulan oğullar böyüyüb əsgər olur, Ali Baş Komandanın əmrini icra edirlər! Vətəni Vətən edən şəhidlərimizin məqamı mübarək olsun! Vətən uğrunda canından keçən və keçməyə hazır olan əsgərlərimizi isə Tanrı qorusun!

 





05.05.2016    çap et  çap et