525.Az

Ermənistan qorxuya düşüb


 

“...BUNUN BAŞ VERMƏSİ LABÜDDÜR VƏ QAÇILMAZDIR”

Ermənistan qorxuya düşüb<b style="color:red"></b>

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət hələ də gərgin olaraq qalır.
 

Buna səbəb işğalçı ölkənin sülh istəməməsi, qoşunların təmas xəttində təxribatlar törətməsi, dinc insanların yaşadığı yerləri atəşə tutması, eləcə də atom bombası, qondarma rejimi tanımaq kimi sərsəm hədə və bəyanatlarla danışıqlar prosesini pozmasıdır.

Artıq ikinci aydır, problemin həlli ilə bağlı danışıqlar prosesi arxa plana keçib və özünü qısa fasilələrlə baş verən hərbi qarşıdurmalarla əvəz edib. Ermənistan hələ də öz təcavüzkar niyyətindən əl çəkmir, qoşunların təmas xəttində təxribatlar törətməyə davam edir, nəticədə də vəziyyətin gərginləşməsinə səbəb olur. Bununla kifayətlənməyən Ermənistan hakimiyyəti həyasızcasına bütün məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır, guya atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu iddia edir. Lakin həmişə olduğu kimi, bu dəfə də Ermənistan geri addım atmağa məcbur olub. Sonuncu dəfə separatçı rejimin “müstəqilliyini” tanıyacaqları ilə Azərbaycanı hədələyən ermənilər hiylələrinin əks effekt verdiyini gördükləri üçün bu əməllərindən vaz keçməyə məcbur olublar. Ermənistan hökuməti Zarui Postancyan və Qrant Baqratyan “Dağlıq Qarabağ Respublikası”nın “müstəqilliyinin” tanınması təşəbbüsü ilə bağlı rəyi ətrafındakı söz-söhbətlərin yersiz olduğunu bildirib. “APA”nın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, hökumətin rəyi bu təşəbbüslə razılıq demək deyil.

Çünki Ermənistan bu qərarı verəcəyi təqdirdə özü pis vəziyyətə düşəcəkdi. Bu addımla işğalçı ölkə danışıqlar prosesini dayandırmış olacaq və bundan sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinə heç bir ehtiyac qalmayacaqdı. Problem tamamilə hərbi müstəviyə keçəcəkdi. Belə olan təqdirdə, nə baş verəcəyini 4 günlük aprel döyüşlərinə nəzər yetirməklə bir daha qətiləşdirmək mümkündür: Regionda müharibə vəziyyəti yaratmaq istəyən Ermənistan sonda məğlub tərəf olacaqdı ki, istənilən halda bu baş verəcək.

İndi isə Ermənistan cəmiyyətini narahat edən, qorxuya salan əsas məsələ 8 may - Şuşanın işğal günündə Dağlıq Qarabağ ətrafında Azərbaycanın anti-terror əməliyyatına başlayıb BMT qətnamələrinə uyğun olaraq, Azərbaycan ərazisini dərhal və qeyd-şərtsiz tərk etməli olan Ermənistan silahlı birləşmələrinə sarsıdıcı zərbə endirəcəyi ehtimalıdır.

Rəsmi Bakının bu iddiaya cavabı özünü çox gözlətməyib. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti Ermənistan kriminal hərbi-siyasi rejiminin gündəmə gətirdiyi guya Azərbaycan Silahlı Qüvvələrinin 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə iddia ilə bağlı bildirib ki, Ermənistan tərəfi BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş verməsi labüddür və qaçılmazdır: “Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər”.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, özü müstəqil olmayan və belə getsə, heç vaxt olmayacaq Ermənistanın Dağlıq Qarabağı “müstəqil” görmək istəyi bir oyundur: “Bu, əslində Ermənistanın necə bir çıxılmaz durumda olduğunu göstərir. Onların Azərbaycan ordusunun cavab əməliyyatlarına veriləcək cavabları olmadığından, daha dəqiqi bu yöndəki bütün cəhdlərinin qarşısı qətiyyətlə alındığından, torpaqlarımızı boşaldacaqları günün getdikcə yaxınlaşdığını duyduqlarından belə bir hoqqaya əl atıblar. Əllərindəki yeganə və sonuncu kartı işə salacaqlarıyla hədələyirlər”.

Deputatın sözlərinə görə, hərbi xunta bir halda buna gedə bilər ki, kimsə uzun qulaqlarına “qorxmayın, Dağlıq Qarabağın müstəqilliyini tanıyın” deyə pıçıldasın: “Əks təqdirdə belə bir addımın atılmasına cəsarət edəcəkləri ağlabatan görünmür. Çünki bu, artıq “gəl savaşaq” deməkdir. Və mən inanmıram ki, havadarları ermənilərə onlar  üçün yaxşı heç nə vəd etməyən belə bir addım atdırsınlar. Çünki bunun ardınca baş verəcək proseslər mütləq Azərbaycanla körpülərin yandırılmasına aparıb çıxaracaq ki, o da bizə sərf etmədiyi kimi forpost yiyəsinə də sərf etmir və həm də heç etmir. Bir sözlə, Ermənistan hökumətinin Dağlıq Qarabağın “müstəqilliyi” haqda cızmaqaranı təsdiqləməsi hələ onun parlamentdə də təsdiqlənəcəyi demək deyil. Təsdiqlənərsə, belə bir addımın atılması savaşı və böyük itkilərlə sonuclanacağından Azərbaycanın istəmədiyi, amma düşmənin bizi məcbur etdiyi hərbi yolla Qarabağın qaytarılmasını qaçılmaz edir”.

İnsan Hüquqları 21-ci əsr Azərbaycan Fondunun sədri Şahin Camalov isə hesab edir ki, Ermənistan hərbi-cinayətkar rejimi və onun rəhbərliyi Azərbaycanı dəfələrlə təxribatlara çəkməyə çalışıb: “Ermənistan hərbi birləşmələrinin mütəmadi olaraq atəşkəsi pozması, yaşayış məntəqələrini atəşə tutması özü-özlüyündə təxribat xarakterli addımlardır. Bu dəfə isə ermənilər Azərbaycanı qondarma rejimi tanıyacaqları ilə hədələməsi onların hansı vəziyyətdə olduğunu göstərib”.

Ş.Camalov bildirib ki, Ermənistan atdığı hər addımı ilə işğalçı mahiyyətini ortaya qoyur: “Belə olan təqdirdə müharibə qaçılmazdır. Bütün bunlar vəziyyətin gərginləşməsinə, sonda genişmiqyaslı hərbi əməliyyatların başlamasına səbəb ola bilər. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq hər an torpaqlarının erməni işğalından azad olunması üçün hərbi yola əl ata bilər. Bu, Azərbaycanın ali hüququdur”.

Ermənistanın son addımlarının onların torpaqları öz xoşları ilə geri qaytarmaq fikrində olmadığını göstərdiyini deyən Ş.Camalov bütün bunların müharibəyə apardığını söyləyib. Onun sözlərinə görə, dünya birliyi, müxtəlif beynəlxalq təşkilatlar Dağlıq Qarabağ və ətraf yeddi rayonun Azərbaycanın əraziləri olduğunu qəbul edir, Ermənistanın işğalçı siyasət apardığını təsdiq edirlər: “Ona görə də Ermənistan əlindən gələni edir ki, işğal etdiyi torpaqlar geri qaytarılmasın. Ancaq işğalçı ölkənin bu cəhdləri heç bir nəticə verməyəcək. Əgər bölgədə irimiqyaslı hərbi toqquşmalar baş verərsə, bunun məsuliyyəti yalnız işğalçı Ermənistanın üzərinə düşəcək. Çünki Azərbaycan 20 ildən artıqdır danışıqlar prosesinə sadiq qalmaqla münaqişənin dinc yolla həll etməkdə maraqlı olduğunu ortaya qoyub. Əlbəttə, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkməyəcək, cəbhədə təxribatlar törədərək işğal prosesini davam etdirməyə çalışacaqsa, bunun axırı onlar üçün acınacaqlı olacaq. Silahlı Qüvvələrimiz Ermənistana öz gücünü göstərəcək və torpaqlarımızı işğaldan azad edəcək”.

Milli Məclisin vitse-spikeri Bahar Muradova isə deyib ki, Ermənistan tərəfi hüquqi cəhətdən addım ataraq Dağlıq Qarabağın tanınması prosesini konkret qəbul etsə, onda Ermənistan birmənalı şəkildə danışıqlar prosesindən çıxmış sayılır. O “Trend”ə bildirib ki, bu halda Azərbaycan məsələnin sülh yolu ilə həll edilməsinin öhdəliklərini bir yana qoyaraq, vətəndaşlarının təhlükəsizliyi, ərazisinin bütövlüyünün təmini üçün öhdəlikləri yerinə yetirməyə məcbur olacaq.

Ermənistanın bu cür mövqe tutmaqla Azərbaycan üçün başqa yol qoymadığını deyən vitse-spiker əlavə edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması barədə qanun layihəsinin müzakirəsinin arxasında Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğal etdiyi torpaqları əlində saxlamaq və qondarma “Dağlıq Qarabağ respublikası” deyilən separatçı rejimin tanıdılması istiqamətindəki səyləri dayanır.

B.Muradova deyib ki, Azərbaycan torpaqları işğal olunandan Ermənistanın məqsədi həmin torpaqları öz ərazisinə qatmaq və ya bu ərazi hesabına ikinci erməni dövləti yaratmaqdır: “Bu illər ərzində Ermənistan danışıqların müsbət nəticələnməsi üçün hansısa konstruktiv addım atmayıb. Bunda da məqsəd odur ki, vaxt uzansın və status-kvo möhkəmlənsin”.

Ermənistanın bu addımının beynəlxalq ictimaiyyət tərəfindən dəstək qazana bilib-bilməyəcəyinə gəldikdə, vitse-spiker qeyd edib ki, Ermənistanın bu addımı ilə bağlı beynəlxalq ictimaiyyətin hansı addımlar atacağını söyləmək çətindir: “Çünki qeyri-müəyyən, ümumi olaraq, beynəlxalq ictimaiyyət adlandırdığımız dairələr beynəlxalq hüquqa zidd, çoxtərəfli və ikitərəfli münasibətlərə uyğun gəlməyən mövqelər ortaya qoyurlar. Amma iş burasındadır ki, bu günə qədər Ermənistan Dağlıq Qarabağın tanıdılması istiqamətində addım atmadığı üçün bu, bəlkə də bir çoxlarını həmin məsələdən çəkindirirdi. Bilmək olmaz ki, Ermənistan bu addımı atsa, onun ardınca kimlər ona dəstək verə bilər? Hər halda dünya erməniçiliyinə xidmət edən, erməni maraqlarından çıxış edərək özünün maraqlarını güdən bəzi dairələr ola bilər ki, bu addımları atsınlar. Ola bilər ki, bu günədək təcavüzkar siyasətə göz yumanlar bu addımı atsınlar. Bunlar hamısı beynəlxalq hüquqa zidd mövqe olacaq. Məsələnin digər tərəfi də odur ki, hansısa ölkənin parlament üzvləri, siyasətçiləri ayrı-ayrılıqda müəyyən fikirlər səsləndirsə də, bu, həmin ölkələrin ümumi mövqeyinə çevrilə bilmir. Ona görə də birmənalı söyləmək mümkün deyil ki, kimlərsə bunu tanımayacaq və ya tanıyacaq”.

B.Muradova bildirib ki, bu cəhdlərin qarşısının alınması işinə dünya ictimaiyyətinin qoşulması üçün Azərbaycan da öz fəaliyyətini genişləndirməlidir.

Vitse-spikerin sözlərinə görə, vaxtilə mövqeyini qəbul etmədiyimiz bəzi dairələrin artıq son vaxtlar obyektiv mövqe tutması onu göstərir ki, bu məsələyə bələd olduqca mövqelər dəyişir: “Əlbəttə, buna görə biz də sakit oturmalı deyilik və öz ərazi bütövlüyümüzün təmini üçün onlardan daha artıq iş görməliyik”.

İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, Hayfa Universitetinin doktorantı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut isə deyib ki, Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması cəhdləri Ermənistanın növbəti təxribatıdır. O “Trend”ə bildirib ki, “Dağlıq Qarabağ Respublikası” Ermənistanın yaratdığı separatçı terror oyuncaq qurumdur.

A.Qut əlavə edib ki, indiki vəziyyətdə Moskva Ermənistanın özünün qərar verməsinə imkan verməyəcək: “Ermənistan Dağlıq Qarabağın “müstəqilliyini” tanısa, özü münaqişəni təhrik edəcək. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik olacaq və indiki Serj Sarkisyan rejiminin terror mahiyyətini göstərəcək”.

Ceyhun ABASOV

 





07.05.2016    çap et  çap et