525.Az

Firəngiz Əlizadə ilə Musiqi Mədəniyyəti Muzeyində görüş


 

Firəngiz Əlizadə ilə Musiqi Mədəniyyəti Muzeyində görüş <b style="color:red"></b>

Mayın 5-də Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, Musiqi Mədəniyyəti Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova tədbiri açaraq qeyd edib ki, Firəngiz Əlizadə ilə görüş muzeyin həyatında böyük hadisədir. A.Bayramova vurğulayıb ki, xalq artisti Azərbaycan musiqisinin inkişafına böyük töhfələr verib, ölkəmizi dünyada tanıdıb, bir sıra nüfuzlu mükafatların laureatıdır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamova milli musiqi tariximizə adını yazdıran F.Əlizadənin həyat və yaradıcılığı barədə danışıb. J.Qulamova Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsində olduğu dövrdə F.Əlizadənin bir sıra nüfuzlu beynəlxalq tədbirləri, xüsusilə “İpək yolu” festivalını təşkil etdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, F.Əlizadə aprelin 25-27-də Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçıları üçün möhtəşəm qala-konsertin bədii rəhbəri olub. Həmçinin xalq artisti musiqişünaslıq sahəsində çoxsaylı məqalələrin müəllifidir. Sadalananlardan əlavə, F.Əlizadə istedadlı musiqiçilərin bir neçə nəslini yetişdirən gözəl müəllimdir. O, Berlində də pedaqoji fəaliyyətlə məşğul olub.

Sonra Firəngiz Əlizadənin həyatı və zəngin yaradıcılığına həsr olunan sənədli film nümayiş etdirilib.

Tədbirdə mədəniyyət və incəsənət xadimləri, musiqişünaslar, Bakı Musiqi Akademiyası və Bakıdakı muzeylərin əməkdaşları, habelə xalq artistinin yaradıcılığının pərəstişkarları iştirak ediblər.

 





09.05.2016    çap et  çap et