525.Az

“Heydər Əliyev qayğısı milli kinonun inkişafına geniş yol açıb”


 

“Heydər Əliyev qayğısı milli kinonun inkişafına geniş yol açıb”<b style="color:red"></b>

Azərbaycan kinosunun inkişafında, onun formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub.

Ulu Öndər Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra Azərbaycan kinosunun inkişafında yeni mərhələ başlayıb. Məhz o dövrdə Azərbaycan kinosu öz tarixi köklərinə qayıdıb və maraqlı, diqqəti cəlb edən filmlərin çəkilməsinə başlanılıb. Filmlərimizə nəzər salsaq görərik ki, “Nəsimi”, “Babək”, “Nizami”, “Dədə Qorqud” kimi filmlərin hamısı Heydər Əliyevin dövründə çəkilib. Həmçinin bu dövrdə Azərbaycan kinosunun maddi-texniki bazası gücləndirilib. SSRİ miqyasında kino qurğularının sayına görə Azərbaycan dördüncü yerə çıxıb. Heydər Əliyevin dövründə kino xadimləri fəxri adlara, dövlət mükafatlarına layiq görülüb, habelə kinomatoqrafçıların sosial problemləri onun diqqəti və qayğısı nəticəsində həll edilib.

Ümummilli lider ikinci dəfə hakimiyyətə qayıdandan sonra yenə də Azərbaycan kinosuna böyük diqqət olub. Onun qayğısı milli kinonun inkişafına geniş yol açıb. Həmin dövrdən Azərbaycan kinosu dövlət tərəfindən yenidən maliyyələşdirilib. Dövlət Film Fondu da o dövrdə yaradılıb. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunan zaman bu sənədə xüsusi kino bölməsi əlavə edilib və bununla da Azərbaycan kinosunun hüququ bazası yaradılıb. Eyni zamanda, bu dövrdə “Hökmdarın taleyi”, “Cavid ömrü” və digər maraqlı filmlərin yaranmasına start verilib. Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə hər il avqustun 2-də Azərbaycan Kinosu Günü qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri mayın 6-da Dövlət Film Fondunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfransda çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev söyləyib.

O bildirib ki, Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev Ulu Öndərin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara diqqət və qayğısı istiqamətində həyata keçirdiyi böyük işləri hazırda uğurla davam etdirir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı, habelə dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” bu sahənin inkişafı üçün geniş imkanlar yaradır.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov kinostudiyanın texniki bazasını möhkəmləndirmək məqsədilə Ulu Öndərin vaxtilə gördüyü işləri diqqətə çatdırıb. “Azərbaycanfilm” kinostudiyası tərəfindən həyata keçirilən işlərdən, bugünkü uğurlarından danışan direktor ümummilli lider Heydər Əliyevin kino sahəsində qoyduğu ənənələrin davam etdirildiyini söyləyib.

Sonra tanınmış kinorejissor, Xalq artisti, Dövlət Mükafatı laureatı Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Ata yolu” filmi nümayiş etdirilib. Həmçinin Film Fondunun foyesində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər sərgilənib.

Qeyd edək ki, “Heydər Əliyev və Azərbaycan kinosu” konfransı Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə keçirilib.

 





09.05.2016    çap et  çap et