525.Az

Stalinqraddan Berlinədək...


 

Stalinqraddan Berlinədək...<b style="color:red"></b>

Bu il 9 May Qələbə günü artıq 71-ci dəfə qeyd olunur. Çox illər ötüb, nəsillər dəyişib, lakin alman faşistləri ilə ağır döyüşlərdə qələbə çalmış, bəşəriyyəti nicat sahilinə çıxarmağa nail olmuş qəhrəmanların xatirəsi yaddaşlardan silinməyib.

1941-1945-ci illərdə aparılan dəhşətli müharibədə Azərbaycan xalqının igid oğulları da iştirak edib, istər Sovet İttifaqı ərazisində, istər onun hüdudlarından kənarda qanlı döyüşlərdə ölüm-dirim mübarizəsi aparıblar. Həmin illər ərzində Azərbaycandan 700 min insan cəbhəyə yollanıb, onlardan 400 min nəfərindən çoxu döyüş meydanında həlak olub. 100 nəfərdən çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunub.

Qələbənin əldə edilməsində böyük şücaət göstərmiş azərbaycanlılardan ibarət 416-cı “Taqanroq”, 402-ci “Azərbaycan”, 223-cü “Belqrad” və 77-ci “Simferopol” diviziyaları Qafqaz dağlarından Berlinədək şərəfli döyüş yolu keçib. Bütün bu qəhrəmanlar haqqında çox danışılıb. Lakin Azərbaycan xalqının igid oğulları sırasında hələ layiqincə tanımadıqlarımız da çoxdur. Belə qəhrəmanlardan biri qvardiya baş serjantı Allahverdiyev Heybət olub.

Allahverdiyev Heybət Əlibala oğlu 1914-cü ildə Salyan rayonunda fəhlə ailəsində anadan olmuşdu. Hələ uşaq ikən ata və anasını itirən Heybət əmisinin himayəsi altında böyümüşdü. Salyan rayonunda orta məktəbi bitirmiş, 1932-37-ci illərdə Bakıda suda xilasetmə dəstəsində mexanik köməkçisi, 1937-39-cu illər arasında Bakı mebel fabrikində dəzgahçı, 1939-40-cı illərdə Bakı ət kombinatında usta köməkçisi işləmişdi. 1940-cı ildə hərbi xidmətə çağırılan gənc 1205-ci hərbi hissədə minomyotçu sənətinə yiyələnmişdi.

1941-ci ildə alman-faşist işğalçıları Sovet ölkəsinə hücum çəkərkən, Heybət cəbhəyə göndərilməsini xahiş edir, əsl döyüşçü kimi Vətənin azad edilməsi uğrunda vuruşacağına and içir. Lakin onun bu arzusu yalnız təxminən bir il sonra həyata keçir. 5 may 1942-ci il tarixdə Heybət də alman işğalçılarına qarşı mübarizə meydanına atılır.

1942-1945-ci illər ərzində Stalinqraddan başlayaraq Berlinə qədər strateji baxımdan ən vacib və ən ağır döyüşlərdə 120 mm-lik minomyot tağımının 3-cü bölüyünün komandiri olaraq iştirak edir. Budapeştin cənubi qərbində düşmənin müdafiə xəttinin qırılmasında, Biçke, Esterqom, Tata, Dyer, Komarom, Bruk, Vena, Kornoyburq, Floridsdorf, Yaromerjise və sair şəhərlərin alınmasında iştirakı və göstərdiyi şücaətə görə 11 dəfə təşəkkürnamə alır, müxtəlif orden və medallarla təltif olunur.

Onun şəxsi işindəki təltifə təqdimat vərəqəsində Vətən qarşısında xidməti bu cür xarakterizə olunub: “Qvardiyanın 120 mm-lik minomyot bölüyünə rəhbərlik edərkən baş serjant Allahverdiyev Stepanovka şəhəri və Saul-Moqilski xutoru uğrunda gedən döyüşlər zamanı bizim hərbi hissələrimizi zəbt etməyə çalışan düşməni öz silahının atəşi ilə susdurub, bütöv bir bölüyü məhv etməyə nail olub. 17-25 iyul 1943-cü il tarixləri ərzində gedən bu döyüşlərdə onun rəhbərlik etdiyi bölük 3 minomyot, 2 pulemyotunu və bir piyada tağımını bütünlüklə məhv edib. Yaralanmasına baxmayaraq döyüş meydanını tərk etməyib, düşmənin atəş nöqtələrini darmadağın edib. Göstərdiyi şücaətə görə “İgidliyə görə” medalına layiq görülüb.

Minomyot batalyonunun komandiri, baş leytenant Baranov. 31 iyul 1943”.

Bu təqdimat əsasında SSRİ-nin Ali Soveti Rəyasət Heyətinin 2 avqust 1943-cü il tarixli fərmanı ilə alman təcavüzkarları ilə mübarizə cəbhəsində hərbi göstərişlərin yüksək səviyyədə yerinə yetirilməsinə və göstərdiyi şücaət və igidliyə görə H.Allahverdiyev “İgidliyə görə” medalı, III dərəcəli Şöhrət Ordeni və “Stalinqradın müdafiəsi uğrunda” medalı ilə təltif olunub.

Stalinqrad vuruşması böyük strateji, siyasi və beynəlxalq əhəmiyyətə malik idi. Müdafiə zamanı düşmənin əsas qüvvələrini məhv edərək hücuma keçmiş Sovet qoşunları almanları mühasirəyə almış, nəticədə general-feldmarşal F.Paulyus başda olmaqla 91 min nəfərlik 6-cı alman ordusu əsir düşmüşdü. Hərbi əməliyyatların gedişatında dönüm nöqtəsi olan bu irimiqyaslı vuruşmada hər iki tərəf 2 milyondan artıq insan itkisi vermişdi. Həmin döyüşlər zamanı H.Allahverdiyev də iki dəfə ağır yaralanmış, lakin döyüş meydanını tərk etməmişdi. Torpaqları alman təcavüzkarlarından təmizləməyə və qorumağa Vətən və xalq qarşısında içdiyi andı yerinə yetirmiş, Stalinqraddan ta Berlinədək uzun, ağır, qanlı, lakin şərəfli bir yol keçmişdi.

1945-ci ilin sentyabr ayında müharibədən evə qayıdan H.Allahverdiyev ailə həyatı quraraq 3 qız və 3 oğul sahibi olur. 1948-1969-cu illər arasında Salyan rayonu Babazaman neft kəşfiyyatı idarəsində sürücü işləyir, həmkarlar təşkilatının sədri olur. H.Allahverdiyev 16 noyabr 1996-cı ildə vəfat etmişdir.

Biz bu qorxunc müharibəni və alman faşizmi üzərindəki qələbədə bilavasitə iştirak etmiş insanları heç vaxt unutmayacayıq. Sovet qoşunları sıralarında vuruşmuş azərbaycanlıların qəhrəmanlığı gənclərimiz üçün, Vətəni müharibə şəraitində olan, öz ərazi bütövlüyü uğrunda mübarizə aparan nəsil üçün nümunə olmalıdır.

Vətən uğrunda ölmək şəhidlikdir, şərəfdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhla ABDULLAYEVA
Filologiya üzrə fəlsəfə doktoru

 





09.05.2016    çap et  çap et