Azərbaycan övladları Böyük Vətən Müharibəsinin cəbhələrində, eləcə də Avropa ölkələrinin partizan hərəkatının sıralarında dünyanın faşizm əsarətindən xilası naminə misilsiz igidliklər göstəriblər. İtaliyada vuruşmuş gəncəli partizan “Armando” da onlardan biridir.
Gəncənin qədim Ozan məhəlləsindəki bu evi çoxları tanıyır. Burda yaşamış, Azərbaycanın görkəmli maarifçilərindən olan, 20-ci əsrin əvvəllərində yeni üslublu məktəblər üçün əlifba kitabı yazan Mirzə Abbas Abbaszadə haqda da məlumatı olanlar az deyil. Diqqətli oxucularımız da yəqin bu gəncəli maarifçi və onun Novruz bayramı ilə bağlı tədqiqatları haqda bu il martın 13-də “525-ci qəzet”də yer almış məqaləni xatırlayırlar. Bu gün isə onun oğlu, faşizmə qarşı İtaliya Müqavimət Hərəkatının qəhrəmanı, “Armando” ləqəbli igid partizan Ənvər Abbaszadədən söhbət açırıq.
Böyük Vətən Müharibəsinin ilk aylarından cəbhəyə gedən 29 yaşlı Ənvər 1942-ci ildə Kerç ətrafında ağır döyüşlərdən birində yaralı halda əsir düşür. Bir qədər sonra düşərgədən qaçaraq İtaliyada partizan dəstəsinə qoşulur. Tezliklə, 1-ci Plasenza partizan divizionunun Buskoni briqadasının əsgəri, çılğın və qoçaq azərbaycanlı balası “Armando” düşmən arxasında təxribat əməliyyatlarında ad çıxarır.
Onun şəxsi şücaəti sayəsində faşistlərin neçə-neçə döyüş planı alt-üst olur. Faşizmə qarşı mübarizədə göstərdiyi igidliyə görə Ənvər Abbaszadə İtaliya Antifaşist Hərəkatınin şərəf nişanı daşıyıcısı adına layiq görülüb.
Müharibənin sonunda ona təqdim edilən bu sənədi Müttəfiq Qoşunlarının İtaliyadakı komandanı amerikalı general Aleksander və İtaliya Müqavimət Hərəkatının komandanı imzalayıblar. Orada göstərilir ki, bu, Patriot Sənədinin daşıyıcısı Avropanı faşist təhlükəsindən azad etmək işinə fəal töhfə verib və onun adı İtaliyanın şərəf siyahısına həmişəlik həkk edilir. Ənvər-Armando həmçinin 45-ci ilin mayında İtaliya Kommunist Partiyası sıralarına da qəbul edilib. Doğma Gəncəyə qayıtdıqdan sonra da o,döyüş yoldaşları ilə məktublaşıb və gənclərin vətənpərvərlik ruhunda böyüməsi işinə də töhfə verməyi unutmayıb.
Partizanın nəvəsi İlham Abbaszadə deyir ki, babaları vəfat edəndə onun 8, qardaşı Mehdinin isə 6 yaşı olub. Buna baxmayaraq, onlar babalarının danışdığı, davalı filmlərin süjetinə bənzər cəsurluq hekayələrini maraqla dinləyirmişlər.
“O, həm də deyirdi ki, maarifçi atası Mirzə Abbas cəmiyyətin savadlanmasına, daha işıqlı günlərə qovuşmasına çalışıb, o özü isə doğma yurddan uzaqda olsa da Vətənin bu yüksək dəyərləri uğrunda döyüşüb”-deyə, nəvə bildirir.
Vətənə döndükdən sonra igid partizan Gəncədəki İstixana müəssisəsində, ömrünün sonuna - 1984-cü ilədək çalışıb. Elə böyük qələbənin 30 illiyində, 1975-ci ildə, çalışdığı kollektivdə veteran həmkarları ilə çəkdirdiyi şəklin arxasına yazdığı “gələcək nəsillərə” ifadəsi də qəhrəmanlardan indiki nəslə bir çağırışdır.
Zakir Muradov
Gəncə