525.Az

Şuşanın dağları - başı dumanlı...


 

Şuşanın dağları -       <b style="color:red">başı dumanlı...</b>

Şuşa... Həqiqətdə heç zaman görmədiyim,gəzmədiyim, ruhən isə çox bağlı olduğum Vətən torpağı!

Ruhi yaddaşımda Şuşa bu cür canlanır: Sakit, havası yayın cırhacırında sərin, küçələri daş döşəməli, binaları milli ornamentlərlə bəzədilmiş, yaşıl örpəyə, gül-çiçək ətrinə bürünmüş, sübhdən quşların nəğməsi ilə oyanan, bulaqlarının suyu diş üşüdən, küçələrində addımladıqca ara-sıra musiqi səsi eşidilən, XVIII əsrin abu-havasını özündə saxlayan yaşayış məskəni!

Qışının şaxtası isə insanı iliyinə qədər üşüdər, payızda sarı-qızılı libasa bürünər, başının üstü çox zaman dumanlı, çiskinli, tez-tez payız yağışları yağar, küçələrinin daş döşəmələrini yuyub par-par parıldadar .Yazı, yayı başqa bir aləm olan Şuşam mənim!

Yaddaşımda xoşbəxt vaxtlarını canlandırdığım Şuşa hansı qeylü-qallar yaşayacağından xəbərsiz idi.

İndi o dağlar qartalı Şuşamızın hiyləgər erməni işğalçılarının əlinə keçməsindən 24 il ötür. 24 ildir ki, Azərbaycan Şuşasız, Şuşa da şuşalılarsızdır, azərbaycanlılarsızdır. Yadıma 1990-cı il 20 Yanvar faciəsi zamanı yaşadığımız ağır, hüznlü günlər düşür. O zaman rus ordusu Bakıda teleradionun enerji blokunu partlatdı, biz də ölkədəki vəziyyətdən xəbər tuta bilmirdik. O ağır günlərin məlumatsızlıq girdabında boğulduğumuz günlərdə hər axşam saat 18:00-ı səbirsizliklə gözləyirdik. Bakıdakı vəziyyət haqqında Şuşadan yayımlanan qısa bir verilişlə məlumatlanırdıq. Millətimizin o ağır günlərində Şuşa beləcə pənah yerimiz idi. O ağır günlərimizdə Şuşa Azərbaycana dayaq dura bildi, biz isə Şuşaya çətin günündə dayaq dura bilmədik.

8 may 1992-ci il. Şuşanın işğal günü. 9 May isə şuşalıların, ümumiyyətlə, azərbaycanlıların SSRİ tərkibində, alman faşizminə qalib gəldiyi gün. Bu yaxşılığın əvəzini, “çox sağ ol”nu Sovet dövləti bizə dədə-baba torpaqlarımızın erməni yağılara verməklə çatdırdı.

17 məscidi, 17 məhəlləsi, 17 bulağı olan Şuşamız indi nə vəziyyətdədir! Allah evi olan məscidlərə murdar nəfəslər dəyir! Bulaqlardan su yerinə axan Natəvanın göz yaşıdırmı?! Axı o suyu Şuşaya Xan qızı saxsı borularla uzaq məsafələrdən, çətin yollardan çəkdirib gətirmişdi. Bəlkə o bulaqlar da erməni vəhşiliyinə dözməyib quruyub? Tar, qaval sədası eşidilən, muğam səsi yayılan o gözəl Şuşamızdan əsər-əlamət qalmayıb. Bu duyğular yağışıyla dolub mən də yağa biləydim Şuşaya!

Dağ qürurlu Şuşam! Hüznlüsən, gözlərin yollarda, könlün intizardadır. Bir əlini gözünün üstə qoyub uzaqlara baxan qocaya bənzəyirsən, sanki tikan üstündə oturmusan.

Yolumuzu gözləyən Şuşamız! Görüşəcəyimiz gün çox da uzaqda deyil! Təki azad və müstəqil dövlətimiz ədəbi olsun, günbəgün  güclənən ordumuz sənin doğma qoynunu da, o biri yerd yerlərimizi də murdar düşmən tapdağından tezliklə azad etsin! Və o zaman “Ərimgəldi” qayasından sənin “Elim gəldi!” harayın yüksəlsin! Amin!

Gülnarə MƏSUM
İsmayıllı, Tircan

 





09.05.2016    çap et  çap et