525.Az

Səmimi insan, fədakar tədqiqatçı - Maarif Teymur


 

Səmimi insan, fədakar tədqiqatçı - <b style="color:red">Maarif Teymur</b>

Ədəbiyyatımızın və mədəniyyətimizin keçmişi ilə maraqlanan elə bir jurnalist, yazıçı və ya sənət adamı ola bilməz ki, Maarif Teymuru tanımasın.

Onun adı gələndə hər kəsin üzünə xoş ifadə yayılır, hörmət hissi duyulur. Əlbəttə, göstərilən münasibət heç də səbəbsiz deyil. Maarif bəy dərin savadı, yüksək mədəniyyəti, işinə olan sevgisi ilə qazanıb bu hörməti.

Bəlkə də onun kitaba olan məhəbbətindəndir ki, orta məktəbi bitirəndən sonra əmək fəaliyyətinə “Azərkitab” birliyində başlayıb. Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil alıb. 1972-74-cü illərdə Moskvada Tarix-Arxivşünaslıq İnstitutunda təhsilini davam etdirib. Təhsillə yanaşı, Dövlət Ədəbiyyat və İncəsənət arxivində 1966-cı ildən başlayaraq  kiçik elmi işçi vəzifəsindən elmi işlər üzrə direktor müavininədək (1983) şərəfli bir əmək təcrübəsinə yiyələnib. 1987-ci ildən isə Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktorudur.

İlk dəfə mətbuatda 1969-cu ildə “Ədəbiyyat və incəsənət” qəzetində “Müşfiqin naməlum şeirləri” adlı məqaləsi ilə çıxış edib. Ədəbiyyatımızın və tariximizin açılmamış səhifələrinə dair üç yüzədək məqaləsi onlarla qəzet və jurnallarda dərc olunub. Altı yüzdən çox sənətkarın şəxsi arxiv fondunun yaradılmasında fəal iştirak edib. İstiqlal mücahidlərindən Ə.Ağaoğlu, C.Hacıbəyli, Ə.Hüseynzadə,  M.Ə.Rəsulzadə, A.İldırım və digərləri haqqında tapıntı və məlumatları dövri mətbuatda müntəzəm işıq üzü görüb. Dəfələrlə ədəbiyyat və incəsənət xadimləri barədə televiziya və radio verilişləri, sərgi və xatirə gecələri hazırlanmasında iştirak edib, şəxsi tərtibi və müqəddiməsi ilə on beşdən artıq kitabı çap olunub. 1990-1995-ci illərdə Bakı Sovetinin deputatı olub. Azərbaycan Teatr Xadimləri, Jurnalistlər və Yazıçılar Birliklərinin üzvüdür. 2005-ci ildə Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb...

Tələbəlik illərindən imzasını tanıyırdım, sənətlə bağlı televiziya verilişlərində çıxışlarını izləmişdim, amma onunla şəxsi tanışlığım isə üç il əvvəl baş verdi. Məlumat sorağıyla Ədəbiyyat və İncəsənət Arxivinə getmişdim. Maarif Teymurla görüşmək istədim, otağında yox idi. Dedilər, arxivin saxlancında təmir aparmaq üçün sənədləri, müvəqqəti, üçüncü mərtəbədən beşinciyə daşıyırlar, yəqin oradadır, kömək edir. Göstərilən istiqamətə getdim. Düzünü deyim, gördüyüm mənzərədən heyrətləndim: Maarif müəllim, arxivin fəhlələrinə qoşulub pilləkənlərlə üzüyuxarı qucağı dolu arxiv qutuları daşıyırdı. Hava da bir az isti olduğundan üzündən tər axırdı. Mən onunla görüşüb kömək etməyə çalışdım və eyni zamanda, iradımı bildirdim: - Maarif müəllim, siz nə edirsiniz? Bu yaşda, bildiyimə görə, xəstəliyiniz də var... Sizsiz də daşıyarlar, niyə özünüzə əziyyət verirsiniz?

Cib dəsmalını çıxarıb üzünün tərini sildi, sonra nur saçan gözləri ilə mənə baxıb cavab verdi:

-Bilirsən, özümdən asılı deyil, laqeyd qala bilmirəm...

 O zaman ürəyimdə özümə söz verdim ki, bu sadə, həm də işini sevən fədakar insan haqqında, ən azından yubileyində, gərək bir yazı yazam.

  Üç ilə yaxın bir vaxt keçdi, sözümün vədəsinin zamanı çatdı: yaxın günlərdə Maarif  Teymurun 70 yaşı tamam olacaq. Yadıma ötən illərdə mətbuat orqanlarından birinə müsahibə verərkən tədqiqat fəaliyyəti ilə bağlı dediyi qısa cümlə düşür: “Həyatımız bihudə keçmədi”. Maarif müəllimi tanıyan hər kəs həmin fikrin doğruluğunu təsdiq edə bilər. Odur ki, bu ədəbiyyatşünas, publisist, mətnşünas insanı yubileyi münasibəti ilə təbrik edir, gələcək illərdə də ona hər şeydən vacib olan can sağlığı və yeni tədqiqat uğurları diləyirəm!

Rövşən YERFİ

 





09.05.2016    çap et  çap et