525.Az

Avanqard ruhlu Rəsul Rza poeziyası


 

Avanqard ruhlu Rəsul Rza poeziyası<b style="color:red"></b>

Hər bir sənətkarın, hər bir sənət əsərinin dəyəri zəmanəsini, həyatdakı təbəddülatları, həmçinin xalq düşüncəsindəki yenilikləri dolğun əks etdirməsi ilə önəm qazanır.

Rəsul Rza poeziyası dövrü, zamanı, xalqın həyatını və mübarizəsini, bununla yanaşı, həyatın canlı lövhələrini bədii həqiqət, poetik mahiyyət kontekstində inikas edir. Onun əsərlərində müasirlik duyğusunun böyük gücü və qüdrəti heyranlıq doğurur. O, zamanın, bütövlükdə dünyanın bir sıra məsələlərinə müdrikcəsinə, öncül dünyabaxışla yanaşaraq, hadisələri özünəməxsus şəkildə bədii sənət müstəvisində dolğun poetik ümumiləşdirmələrlə canlandırıb.

Rəsul Rza novator sənətkar kimi bədii forma, təsvir üsulları, obrazlı dil sferasında cürətli  addımlar atıb, poeziyamızın üfüqlərini genişləndirərək, bədii-fəlsəfi və ictimai düşüncəmizin inkişafında müstəsna rol oynayıb.

XX əsr Azərbaycan poeziyasında modern düşüncənin intişarını ədəbi fakt olaraq yalnız “Pəsul Rza ədəbi məktəbi” reallaşdıra bilib. Bu ədəbi məktəbin və bu novator ədəbi missiyanın davamçıları olan Əli Kərim, Fikrət Qoca, Ələkbər Salahzadə, Fikrət Sadıq, İsa İsmayılzadə və çağdaş poeziyamızın neçə-neçə ünlü isimləri ustadın yenilikçi ənənəsini davam  etdirərək, şablon, trafaret bədii vasitələrə qarşı çıxaraq, yeni düşüncə yolunda cəsarətlə irəliləməyə başladılar.

Böyük mütəfəkkirin, ustad sənətkarın sənətkarlıqla bağlı olan və hər zaman aktuallığını qoruyan fikirləri bu gün də səciyyəvidir:  “Şairlərdən danışarkən çox vaxt onları yaşa görə - yaşlı, orta və gənc nəsillərə bölərək, bununla müəyyən mənada onların yaradıcılıq ləyaqətlərini təyin edirlər. Məncə, bu bölgü sırf  şərtidir. Mənə etiraz edib deyə bilərlər ki, sənətkarlığın yolu uzun illərin gərgin əməyindən keçir. Bu şəksizdir, lakin bu da şəksizdir ki, yaradıcı insanın gərgin əməyi yalnız o vaxt uğur qazana bilər ki, bu əməyin mayasında istedad və şairanə xislət dursun.

“Şair” sözünün  yanındakı “istedadlı” sözü qəribə görünür. Axı, istedadsız şair ola bilməz. Və əgər biz şair olmaq həvəsinə düşən bu və ya başqasını yalnız qafiyə düzməyi və hecaları müəyyən ölçüyə salmağı bacardığına görə şair adlandırırıqsa, bu, poeziyanın deyil, bizim günahımızdır. Şair ancaq istedadlı ola bilər. İstedadın dərəcəsi isə başqa məsələdir”.

Rəsul Rzanın lirikası həm mövzu, həm də mündəricə etibarilə çox zəngin və dolğundur. Şairin “Rənglər” silsiləsi poeziyamızda, bütövlükdə ədəbiyyatımızda böyük ədəbi hadisə olaraq qalmaqdadır. Bu şeirlər öz məzmunu, həyatiliyi, ictimai əhəmiyyəti və sənətkarlığı etibarilə heyranedicidir, həm də bu poetik nümunələrdə fəlsəfi mündəricə, poetik təravət, həyat və cəmiyyət hadisələrinə aydın filosof-şair münasibətinin geniş mənzərəsi görünür.

“Rənglər” silsiləsi “Uvertüra” şeiri ilə başlayır. Bədii dəyərinə və poetik siqlətinə görə bu poetik nümunəni zəngin sənət dünyasının sehrli qapısı kimi səciyyələndirmək olar. Bu şeir  bütün silsilənin poetik kodu kimi diqqəti çəkir.

“Rənglərin də musiqi kimi
ahəngi var.
Ağrının, sevincin, ümidin də
rəngi var.
Düşündükcə açılır,
əlvan səhifələri rənglərin.
Canlanır gözümüzdə rəngi
ömrün, mübarizənin,
qəlbin, nifrətin, gecənin, səhərin
və insan taleyinin”

- bu misralar poetik orijinallığın mahiyyətində ehtiva olunan dərin bədii-fəlsəfi mətləblərin və zəngin modern düşüncənin təcəssümüdür.

Böyük şairin “Dəniz haqqında nəğmələr” silsiləsi də poetik özünəməxsusluğu, bədii təravəti, poetik tapıntılarla zəngin olan dəyərli sənət nümunəsidir. Bu əsərin obrazlılığı dərin həyati müşahidəyə, bədii obyekti qiymətləndirmək imkanına söykənir, həmçinin bu şeirlərdə poetik  fiqurlardan və fərdi-sitiativ məcazlardan məharətlə istifadə bacarığı böyük sənətkarlıq etiketidir. Silsiləyə daxil olan bəzi şeirlərdən müəyyən poetik  deyimlərin orijinallığına diqqət edək. Bədii təravəti ilə seçilən bu poetik nümunələrdə ifadə olunan düşüncə avanqard olması ilə məxsusi yadda qalır. Poetik fikrin orijinallığı ilə yanaşı, bədii-fəlsəfi düşüncənin yeniliyi də heyranlıq doğurur.

Bu gün dəniz sükuta qərq olub,
Bəlkə sükut qərq olub dənizə.

lll

Riqqətə gəldi dəniz,
Yaladı qayaların
oyuq-oyuq yaralarını.

lll

Göl də sudur,
gölməçə də.
Dənizin dənizliyi
dalğalardadır.

lll

Bu gecə öpdüm dənizi
Sahildən ayrılanda
Dodaqları duzlu idi;
Göz yaşı kimi.

lll

Gördüm qayada
dənizin ləpirlərini,
Nə zamansa dəniz
burdan keçib.

lll

Mən dənizi üşüyən görmüşəm...

Bu şeirlərin yazıldığı vaxtdan uzun illər keçməsinə baxmayaraq, burada bədii obyektə yanaşma orijinallığı, zəngin fikir tutumu, poetik tapıntıların əlvanlığı  bu gün də poetik təravətini qoruyur, sabah da qoruyacaq. “dənizin üşüdüyünü görən” şairin bədii idrakının, poetik təfəkkürünün poeziyamızın ruhunu necə isitdiyini zaman-zaman görəcəyik.

Rəsul Rza poeziyasının önəmini indeksləşdirən xüsusiyyət, onun milli bədii irsdən, bədii ənənədən yaradıcılıqla bəhrələnərək Azərbaycan poeziya məkanına  yeni istiqamət, düşüncə tərzi və məxsusi dünyagörüş gətirməsidir. Onun yaradıcılığını poeziyamız tarixində yeni səhifə kimi səciyyələndirmək olar.

Bu, şair təfəkkürünün yalnız ictimai-fəlsəfi  qayəsi deyil, həm də böyük bədii-estetik dəyəri, yüksək poetik keyfiyyətləri ilə bağlıdır.

Rəsul Rza yaradıcılığı həm mövzularına görə, həm həyati-fəlsəfi problematikasına və zəmanəyə, insana münasibətinə görə, həm də lirik qəhrəmanın mənəvi cəhətlərinə və mənəvi axtarışlarına görə müasirdir.

Ədəbiyyatda müasirlik mətnin, mündəricənin, bədii surətlərin müasirliyi ilə məhdudlaşmır, hər şeydən öncə, fikrin, ideyanın həyata və insanlara münasibətin müasirliyini tələb edir. Zamanla bağlılıq, əsrin övladı olmaq təkcə zahiri amillərdən ibarət deyil. Rəsul Rza poeziyası göründüyü kimi bütün bədii detallarına qədər müasirdir. Bu müasirliyi həm ictimai hadisələrə, cəmiyyətin həyatına, xalqın mənəvi aləminə və keçmiş mədəniyyətinə, həm də bədii-estetik  problemlərə müasir, aktiv insanın yanaşması, dünyabaxışı kimi görmək olur.  Müasirlik onun təfəkküründə, idrakında, həyata və insanlara fəlsəfi-estetik münasibətdə olduğu üçün o, tarixi  keçmişimizə, milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın çevrilməmiş səhifələrinə müraciət edəndə də çağdaşlıq aspektindən çıxış edir və aşıladığı ideyanı müasirliklə bağlayır.  Müasirlik ədəbiyyatın xarakterini, məzmununu və mahiyyətini  müəyyənləşdirən başlıca amillərdən biri, həm də şairin zamanın aktual problemlərinə həssas münasibət bəsləmək qabiliyyətinin göstəricisidir.

Rəsul Rza üslubunun müasirliyi təkcə zamanın, dövrün aktual problemlərinə münasibət bildirməkdən, həyatın canlı hadisələrini, adi həqiqətlərini təsvir etməklə deyil, həyatın həqiqi tipik cizgilərini, insanlığın uğur və çətinliklərini, sevincini və kədərini obrazlı təsvir etməklə yanaşı, tərənnüm və təlqin edilən poetik mətnin yüksək bədii həlli ilə səciyyələnir.

Belə əsərlərdə müasirlik hər şeydən əvvəl məzmun və mahiyyətin dolğun,  tutumlu, obrazlı təqdimatında özünü büruzə verir. Müasirliyi ilk növbədə əsərin məzmununda, onun ideya-bədii həllində və mündəricəsində axtarmaq lazımdır.

Rəsul Rza ədəbiyyatda yalnız öz mövzuları ilə deyil, öz üslubu, bədii predmetə avanqard münasibəti, janr-forma axtarışlarındakı yenilikləri, bədii təsvir və ifadə vasitələrinin təravəti, geniş və zəngin məcazlar şəbəkəsi ilə yaşayır.

Fikrim külək aparmış əlçim kimi
elə bil, dolaşdı, qaldı
Qoşaarxın yaxasındakı
böyürtkən kollarında.

Onun lirikası öz düşüncə miqyasına, öz istinad ünvanlarına və qaynaqlarına görə milli lirikadır. Bu millilik lokal xarakter daşımır, onun içində böyük bir bəşərilik mövcuddur. Qeyd etmək lazımdır ki, böyük şairin üslubunun ən mühüm göstəricilərindən biri də onun dilə münasibətidir. Bu münasibət yaradıcıdır, sözün yığcamlığına, ehtiraslılığına görə aşılanmışdır.

Çağdaş poeziyamızın sənətkarlıq xüsusiyyətlərinə görə inkişafını, bu inkişafın mərhələlərini aydınlaşdırmaq üçün avanqard düşüncənin, üslubi poetik vasitələrin, məcaz və obrazlılıq məsələlərinin tədqiqi baxımından Rəsul Rza yaradıcılığı zəngin material verir.   

Nəzakət MƏMMƏDLİ

 





09.05.2016    çap et  çap et