525.Az

Asim Yadigarın şeirləri


 

Asim Yadigarın <b style="color:red">şeirləri</b>

DUYĞU QATİLİ

Öldürdüm duyğularımı,
Öldürdüm hisslərimi.
Tökə bilmədim vərəqlər üstünə
Ağrılarımı, acılarımı, hirslərimi.
Vaxtın darlığı balta çaldı ömrümə,
Qayğılar üstümə gəldi sel kimi.
Qəlbimdə nə qədər duyğularım vardı.
Zaman süpürüb apardı hamısını yel kimi.
Mən qatiləm - söz qatili, duyğu qatili, şeir qatili.
Azadlıqda gəzirəm gör neçə ildi.
Bir adam da yoxdur ki,
Tuta məni, oturda bir otaqda.
Deyə: - nə gəzirsən o dağda, bu dağda
Otur ölən hisslərinə, duyğularına yas saxla.
Qatil olma, heç olmasa bundan sonra.
Ölməmiş duyğularına bir gün ağla.

TUT AĞACLARI

Təbrizdə boyu 1,5-2 metrə çatan, salxım söyüdlərə bənzəyən tut ağacları gördüm...

Elə bil səsləri içində batıb,
Boyları boyumdan uca deyil ki...
Bu başıaşağı tut ağacları
Körpəcə uşaqdı-qoca deyil ki.

Mənə elə gəldi bu ağacların,
Günəşə uzanan əli kəsilib.
Boyu kəsilməyib bu ağacların,
Elə bil söz deyən dili kəsilib.
 
Bu barlı-bəhrəli tut ağacları
Göynəyən ağrımdı, acımdı mənim.
Bu başıaşağı tut ağacları,
Təbrizli qardaşım, bacımdı mənim.

TƏBRİZİM

Səni gördüm, yenə könlüm açıldı,
Düşdü burda yada Şuşam, Təbrizim.
Elə bil ki, yaralandım sinəmdən
Sənə neçə nəğmə qoşum, Təbrizim.

Ürəyimi namərd oxu deşibdi,
Dərd bağlayıb qəlbim dərddən şişibdi,
Qismətimə ayrılıqlar düşübdü,
Mən burda da qərib quşam, Təbrizim.

Bir zamanlar Təbriz deyib ağlardım,
Öz ahımla neçə sinə dağlardım.
Bir bulaqtək bu dərd ilə çağlardım,
Bilməm indi necə coşam, Təbrizim!
 
Təbriz arzum, təmiz eşqim, diləyim,
Şuşa mənim yaralanmış ürəyim.
Mən vətənsiz axı nəyəm, kiməm, kim?
Quru torpaq, cansız daşam, Təbrizim!

Arzularım yanıb külə dönübdür,
Göz yaşlarım qanlı selə dönübdür,
Tanrım, üzün niyə belə dönübdür?
Ümidlərim dəyib daşa, Təbrizim!

Tarixdə çox sərtləşməyin olubdu,
Sərtləşməyin, mərdləşməyin olubdu,
Heç Şuşamla dərdləşməyin olubdu?
Düşürmü heç yada Şuşam, Təbrizim?!

DÜNYA

Nə sığala, nə tumara ehtiyacı var,
Ha sığalla, ha tumarla - kələkdi dünya.
İblislərə iblis kimi görünür elə,
Mələklərin gözlərində mələkdi dünya.

Atdan düşüb atlananlar düşəcək atdan,
Odda yanıb qovrulanlar qaçacaq oddan.
 “Mənəm” - deyən çox kişilər çıxacaq yaddan,
Ələnəcək bircə - bircə, ələkdi dünya.

Bülbül kimi dil - dil ötər - dil çata bilməz,
Dəli - dolu dağ çayıdı sel çata bilməz,
Tozanaqlı bir atlıdı yel çata bilməz,
Hərdən yorğun bir qarıdı ipəkdi dünya.

İskəndərtək zülmətlərə yol açanı var,
Rüstəm Zaltək meydanlarda qol açanı var,
Qocası var, cavanı var, dil açanı var,
Şair demiş: bəzən sərtdi, kövrəkdi dünya.

Xeyir doğar, şər çıxarar yolların üstə,
Dilliləri dil çıxarar lalların üstə.
Vaxtsız tökər kallarını kalların üstə,
Çərxi tərsə fırlanan bir fələkdi dünya.

Söz deyirəm oyalayır sözümü oyur,
Barmağını qoşa tutur - gözümü oyur.
Əyriləri başa çəkir, düzümü oyur.
Qollarımı sarımağa bələkdi dünya.

Min fitnəsi, min feli var uymaq olmayır,
Özü qonaq - qaralıdı, qonaq olmayır.
Acısı da şirin dadır - doymaq olmayır
Dərd - səriylə balla dolu pətəkdi dünya.

Sənə, mənə dərdi tanış, kədəri tanış,
Dörd bir yana çapdığımız kəhəri tanış,
Ayı, günü, hər axşamı, səhəri tanış
Bərk tutmuşuq ətəyindən - ətəkdi dünya.

Duyğusuzlar duya bilmir duyğusu vardır,
Tanrı qurub pozulmayan qurğusu vardır.
Ürək kimi döyünür o vurğusu vardır,
Ürəkliyə, ürəksizə ürəkdi dünya.

BU GÜNƏŞ

Qalxıb yuxusundan Tanrı eşqinə
Zülmətin bağrını sökür bu günəş.
Qızılı saçını darayıb qıztək
Nazını dünyaya tökür bu günəş.

Nurlu gülüşüylə yuyunur cahan
Yenə əsirgəmir şəfqətin bir an.
Sevdiyi dünyaya qızıl saplardan
Qızılı bir paltar tikir bu günəş.

Dünyanın yorulmaz sarvanıdır o,
Milyon il yol gedən karvanıdır o.
Dünyanın əl ulu bağbanıdır o,
Könlü nə istəsə “əkir” bu günəş.

Zülmət gecələri gündüz eyləyir,
Hər nə eyləyirsə o düz eyləyir.
Yanır, nə usanır, nə söz eyləyir,
Yanır başım üstə şükür bu günəş.

Əbədi şamıdır ulu cahanın,
Tanrı sevgisi var onda inanın.
Tanrı övladıdır... bütün dünyanın,
Bu eşqlə nazını çəkir bu günəş.

HƏR ŞEYİN SONU VAR...

Hər şeyin sonu var həyatda, gülüm.
Əbədi deyil ki, gülüş də, qəm də.
Belə qalmayacaq, quruyacaqdır.
Qəmli gözlərində görünən nəm də.

Gecəli - gündüzlü dünyamız kimi
Qəmin, sevincin də iki üzü var.
Ağlayan ömürlük ağlamayacaq.
Hər gün gülən kəs də bir gün ağlayar.

Bir azca kədər qat gülüşlərinə,
Sevinc payın olsun kədərində də.
Axşamlar günəşli səhəri düşün,
Gecəni unutma səhərində də.

Həyat var ilanın zəhərində də,
Zəhərdə qoşadır həyatla ölüm.
Sevincin bir ucu qəmə doğrudur,
Qəmin sonunda da sevinc var, gülüm.

Hər şeyin sonu var həyatda, gülüm.
Əbədi deyil ki, gülüş də, qəm də.
Gecəli - gündüzlü dünyamız kimi
Qəm, sevinc qoşadır ürəyimizdə.
 
ÖLƏN SEVGİMƏ AĞI

“Sənsiz yaşamaram” - demişdin mənə,
“Sənsiz yaşamaram” - sözə bax, Allah!
Mənsiz yaşamadın - inandım buna,
Sinəmi yandıran közə bax, Allah!

O hansı qüvvəydi dodaqlarından
İlahi bir səsi uçurtdu belə.
Sənsizəm, dediyin bir kəlmə sözün
Odunda qovrulub, yanıram hələ.

Yoxluğun ruhuma saldı zəlzələ,
Könül sarayım da dağıldı, gülüm.
Demişdin bu sevgi bir nağıl olar,
Doğrudan bir şirin nağıldı, gülüm.

Bu da bir nağıldı, nağıl deyirəm,
Sən adda bir mələk vardı cahanda.
Sən uçub gedəli gidi dünyadan
Qəlbimə, ruhuma, dardı cahan da.

Nə qədər alışım, yanım gizlicə
Dərdimi deməyə dərddaşım hanı?
Ağlaya bilmədim ölən sevgimə,
Ağlaya bildimsə - göz yaşım hanı?

SƏNSİZ

Nəriman Həsənzadənin dilindən.

Sənsiz gözlərimdən düşdü bu dünya,
Bilmirəm ölüyəm, diriyəm indi.
Mən elə beləcə göz qabağında,
Gəzən ölülərdən biriyəm indi.

Elə bil gülüşüm yadımdan çıxıb,
Sənsiz gülüşümə qəm ələnibdir.
Sənə min sevinclə baxan gözlərim,
Nə vaxtdı qəm ilə sürmələnibdir.

Axdı göz yaşlarım qəlbimə dən - dən,
Bircə giləsini görən olmadı.
Bar verdi qəlbimin qəm ağacları,
Acı meyvəsini dərən olmadı.

Dünyada ən şirin dünyamdın mənim,
Dünyam dağılıbdı, dərdə bax, gülüm.
Mənim bu dağılan, uçan dünyamı,
Sənsiz kim təzədən quracaq, gülüm.
 
Yenə korun - korun alışır sinəm,
Sənsiz günlərim də zəhərtək acı.
Heyif, gec anladım, könlümün sənə
Var imiş nə qədər gör ehtiyacı.

Dəyişir təbiət donunu tez - tez,
Qış gedir, yaz gəlir öz vədəsində.
Dünya bir gəlindir, yol gedir elə
Min ildir bəzəkli gəcavəsində.

Könül, əldən çıxan qayıtmaz geri,
Düşüb arxasınca ha yüyür, ha qaç.
Sən torpaq altında solan çiçəksən,
Mən torpaq üstündə quruyan ağac.

Asim YADİGAR

 





09.05.2016    çap et  çap et