525.Az

Prokuror Cavid Hüseynova 4 il cəza istəyib


 

Prokuror Cavid Hüseynova 4 il cəza istəyib<b style="color:red"></b> Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda şahid qismində Aydın Mahmudov ifadə verib. Şahid Cavid Hüseynovun xəstəxanada Rasim Əliyevlə görüşü barədə danışıb: “Məncə, Cavidin baş verənlərdən xəbəri yox idi, məsələni aydınlaşdırmağa gəlmişdi”. 
 
Prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Daha sonra prokuror çıxış edib. Prokuror C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Məhkəmə prosesi mayın 16-da davam etdiriləcək.
 
Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.
 
Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar barələrində olan məhkəmə qərarından apellyasiya şikayəti veriblər.
 





11.05.2016    çap et  çap et