525.Az

Elə gözəl, elə ülvi arzuları vardı ki... - Vətəni qibləgah edən şəhidlər


 

23 YAŞLI MİKAYIL VAHABZADƏ VƏTƏN YOLUNDA ƏN MÜQƏDDƏS ZİRVƏYƏ YÜKSƏLDİ

Elə gözəl, elə ülvi arzuları vardı ki... - <b style="color:red">Vətəni qibləgah edən şəhidlər </b>

...Şəkillərinə baxıram... Əcəb qəşəng oğlandır. Bütün şəkillərində gülür...

Təbəssümü adamın ürəyini dağlayır. Anası Rumiyyə dil boğaza qoymur, elə hey balasının boyunu oxşayıb ağlayır. Söz soruşmağa da çətinlik çəkirəm. Necə danışım ki, qəlbinə yol tapım, necə könlünü alım? Əziz balasından əbədi ayrılan ananın könlünü nə ilə almaq, nə ilə ovutmaq olar ki?

İsmayıllının Tircan qəsəbəsinin Maçax kəndində doğulmuşdu - 2 aprel günü Azərbaycana şöhrət -şan gətirən, Qalibiyyət vuruşunda qanı ilə imzası qalan 23 yaşlı Mikayıl Vahabzadə. Əvvəlcə Tircan qəsəbəsindəki 9 illik məktəbi, sonra isə Yeniyol kənd orta məktəbini bitirmişdi. Qismətində ali məktəb də var idi. Sumqayıt Dövlət Universitetini Fizika və Elektroenergetika fakultəsini 2015-ci ildə əla qiymətlərlə bitirəndən iki ay sonra Vətənə əsgəri borcunu vermək üçün hərbi xidmətə yollanmışdı. İki aydan sonra evinə dönüb, məktəbdə fizika dərsi deyəcəkdi...

Bəzən Tanrı, Allah deyib sığındığımız taleyimizi bəd yazır. Bəndənin istəyini yox, özü istədiyini edir. Bir aydan artıqdır ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın qapısını döyür, dərdlərinə şərik olmağa çalışıram. Tanrı dərgahında həmişə oyaq olan, yaşayan Şəhidlərimizin haqqında danışılan həqiqətlərdən bir nəticəyə gəlirəm ki, Tanrı heç vaxt, nadürüst bəndəsini ŞƏHİDLİK zirvəsinə yüksəltmir. O MƏQAMI ancaq istər yaşı az olsun, istərsə də ahıl yaşlı olsun... ancaq kamil və ləyaqətli, cəmiyyətdə hörmət qazanan, Vətəni özünə TƏN bilənlərə verir. İndi müsahiblərim onun haqqında elə danışırlar ki, fikirləşirsən ki, az yaşında, bu uşaq haradan macal tapıb bu qədər hörmət-izzət qazana bildi. Əslində yaşadıqları o kiçik və mənalı ömür qibtə ediləsidir.

Mikayılın anası Rumiyyə Vahabovanın şirin-şəkər balası ilə sonuncu görüşü mart ayının 12-də Tərtərdəki hərbi hissədə olmuşdu:

- Aprelin 2-si kənddə toya getmişdik. Gec gəldik. Televizoru açdıq ki, dünya dağılır. O gündən Mikoşumdan xəbər ala bilmədik...

(Evdə və dostları çox vaxt Mikayılı əzizləmək məqsədi ilə "Mikoş" , "Piknik" deyə çağırırmışlar-A.E. O gündən sonra düz aprelin 8-nə kimi atası Yaqub - Tərtər, Yevlax, Gəncə... sərhəddə yaxın rayonların hamısından oğlunu axtarıb, bir xəbər deyən olmayıb... Mikayıl bizə heç belə əziyyət verməmişdi... Diplom almışdı. Sevinirdik. Çox əziyyətlə oxumuşdu. Atasına əziyyət verməsin deyə, özü dərsdən sonra gedib Sumqayıtda restoranlarda, kafelərdə işləyirdi, öz dərs pulunu, yaşamaq pulunu çıxarırdı. Kasıb olmuşuq, ancaq xoşbəxt ailə olmuşuq. Aramızda qarşılıqlı hörmət, məhəbbət olub. Mənim oğlum bir mələk idi, ilahi varlıq idi. Məni bəxtəvər ana eləmişdi. Bundan sonra onun kimi toylarda kim quş kimi süzəcək? Oynayanda tamaşasına dururdular balamın. Kim şənləndirəcək kəndimizin toylarını? Nə danışım?! Yaraşıqlı balam gedib əlimdən... Qardaşını tək qoyub gedib əlimdən...

Gedər tərlanım gəlməz,
Qəlbi yaralım gəlməz.
Sən gəlməsən qapıya,
Oğul, qərarım gəlməz. 

Bu aprel ayı bizimlə yola getmir. Neçə illərdir ki, hər il aprel ayında itkilərimiz olur... Nə qədər doğmalarımızı aprel ayında itirmişik.

Baxdım ki, Rumiyə ananı ovundura bilmirəm, atası Yaqub kişi ilə söhbət etmək istədim. Danışmadı. Kənd camaatı dedi ki, oğlunu axtarmağa gedib-gələndən sonra susur, heç kimlə kəlmə kəsmir.

"Arzularım o qədər çoxdur ki, qorxuram, ömrüm çatmaya..."

 Mikayıl Vahabzadənin haqqında Sumqayıt Dövlət Universitetində onunla bir qrupda təhsil alan dostları öz xatirələrini bölüşdülər. Mənə göndərdikləri məktublarında  gənc Mikayıl haqqında xatirələri həyəcansız oxumaq mümkün deyil. Mikayıl Vahabzadə oxuyan tələbə yoldaşı oğlanlar hazırda hərbidə xidmətdə olduqlarından, xatirələri ancaq qrupun qızları yaza bildilər. Onunla bir kursda oxuyan Turanə Bəşirova yazır:

"Ən yaxın dostum idi Mikayıl. Onun yoxluğuna inanmaq istəmirəm. Bizim qrup yoldaşlarımız belə ayrılmaq haqqında düşünməmişdik. Fikirləşməzdik ki, sıramızdan kimsə yox ola bilər.  Mikayıl xatirimdə sadə, səmimi dost kimi yaşayacaq. Universitetdə oxuduğu müddətdə hamının hörmətini qazandı. Əsgəri xidmətə getməzdən əvvəl telefon danışığımız olmuşdu. Dedi ki, Tərtərdə hərbi xidmətdə olacaq. Ona "Sağ -salamat qayıt"- deyə uğurlu yol arzuladım. Cavab verdi ki, bəlkə sağ-salamat qayıtmadım. Elə bil ki, ürəyinə dammışdı. Acıqlandım, telefonun bu başında ona söyləndim ki, Allah səni anana bağışlasın. Ancaq indi onunla fəxr edirəm. O ŞƏHİDLİK zirvəsini fəth edib. Məkanı Cənnət olsun".

Tələbə yoldaşı Güldəstə Abdulova:

"Mikayıl qrupumuzun ən fəal və eyni zamanda savadlı tələbəsi idi. Kənardan ciddi təsiri bağışlayan bu oğlanla, yaxından tanış olandan sonra onu özümə arxa, dayaq bildim. Bizim qrupun qızlarının hamısını bacı kimi sevirdi, hörmət edirdi. Hamımıza "qızım"- deyə müraciət edirdi. Mikayıl gözəl şeirlər yazırdı, şəhanə rəqs etməyi var idi. Oynayanda qollu-budaqlı çinara bənzəyirdi. Onu təkcə bizim potok və qrup yox, universitetin bütün müəllim və tələbə heyəti sevirdi. O mənim üçün gəncliyin, insanlığın nümunəsi olaraq qalacaq. Ağlıma belə gətirə bilmirəm ki, Mikoşumuz yoxdur. O bizim ürəyimizdə həmişə yaşayacaq.

Qrup yoldaşı Gülnar: " Mikayıl qrupumuzun ən zəhmətkeş tələbəsi idi. Həm işləyir, həm oxuyurdu.  Sonuncu dəfə ötən il 8 Mart Qadınlar bayramı günündə yığışmışdıq. Tədbirdə ona söz veriləndə dedi ki, bu bizim birlikdə keçirdiyimiz son bayramımızdır. Biz də etiraz etdik ki, niyə son? Siz oğlanlar hərbidən gələndən sonra, yenə yığışarıq. Mikini itirdik... Şəhidlik zirvəsinə ucaldı, ancaq ailəsini, yaxınlarını, bizi tərk etdi... Onun yasına getmişdik... Həmin gün dəhşət idi...Mikinin anasının fəryadı heç vaxt qulaqlarımdan getməyəcək... Biz onu torpağa tapşırdıq, əmanət etdik... Ağır itkidir..."

İsmayıllı rayonunun Təzəkənd sakini, Mikayıl Vahabzadənin qrup yoldaşı Nübar:

"Biz Mikayılla rayonda eyni müəllimin yanına hazırlıq kursuna gedirdik. Əvvəllər mənə özündən müştəbeh, özündən razı birisi təsirini bağışlamışdı. 2011-ci ilin sentyabr ayında bildim ki, ikimiz də Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakultəsinin 544-cü qrupuna daxil olmuşuq. Çox sevindim. Sumqayıtda Mikayıl mənə çox doğma gəldi. Necə olmasa da eyni rayondan gəlmişdik. Qəriblikdə doğma yerin adamı başqa olur. 4 il ərzində o mənə qardaş oldu. Onu hər zaman özümə arxa, dayaq bildim. Ən asan, ən çətin problemlərimin həllində onu yanımda gördüm. Mikayılın elə gözəl, elə ülvi arzuları vardı ki... Bir dəfə söhbət əsnasında dedi: "Arzularım o qədər çoxdur ki, qorxuram, ömrüm çatmaya". İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Onun ən böyük arzularından biri ŞƏHİD olmaq idi. Əsgərlikdən söhbət düşəndə "Mən Şəhid olacağam"- deyirdi. Hərbi xidmətini bitirməyə 2 ay qalmış onun Vətən uğrunda şəhid olduğunu eşitdim. Şəhidlik hər kəsə nəsib olmur. Çünki "Şəhidlər ölməz". Qardaşımın məkanı cənnət olsun.

544-cü qrupun tələbəsi Nərmin:

"2011-ci ildə Sumqayıt Dövlət Universitetində ilk dərc günündən sonra 4 il bir yerdə təhsil almışıq. O həmişə, hər yerdə birinci olmaq istəyirdi. Mikayıl başqa uşaqlardan fərqli olaraq dərslərini özü oxuyurdu, dərsə hamıdan əvvəl gəlib, qabaq sırada əyləşirdi. Bir sözünü heç unutmayacağam: "Bacışka, mən şəhid olacağam". Qrupumuzda 20 qız oxuyurduq. Elə bilirik ki, 20 bacını qardaşsız qoyub. Mikoşumuz bizə çox sözlər vermişdi. Həmişə vədinə əməl edirdi. Bir dəfə də demişdi ki, bacışka, əsgərlikdən gələndə sizi evimizə qonaq çağıracam. Görün sizə necə qulluq edəcəyəm...". İlk dəfə... İlk dəfə sözünü pozdu Mikoşumuz. Onun tabutunu Maçax kəndindəki evində biz qarşıladıq. Biz cavanıq, gəncik. Həyat bizə belə bir ağrıya dözməyi bacarmağı da öyrətdi. Mikayıl bilmədi ki, 544-cü qrupun 20 qızı aprelin o ağır günlərində nələr çəkdi.Hamımız həm Mikayıl üçün, həm də Ordumuzun əsgərləri üçün dualar etdik gecə-gündüz... Bizim mərd, igid qardaşımız. Adın çəkiləndə qürur duyacağıq səninlə... Mənim Piknik qaqam..."

Mikayıl Vahabzadə haqqında ən sonda ürək sözünü deyən qrupun rəhbəri Xədicə Əliyeva oldu: "Qrupumda 20 qız, 12 oğlan var idi. Onların hamısını öz balam kimi sevirdim. O qrupun uşaqlarında bir fərqlilik var. Mikayıl Vahabzadə isə tam fərqli gənc idi. Özünə qarşı tələbkar, son dərəcə mədəniyyətli, savadlı, geniş dünyagörüşlü, istiqanlı, narahat... Qrupda geridə qalan, davamiyyəti zəif olan tələbələrin də qayğısını çəkirdi. Özü həmişə birinci idi. İstəyirdi ki, hamı birinci olsun. Gecələr restoranda ofisiant işləyib, gündüzlər dərsə gəlirdi. Universiteti fərqlənmə diplomu ilə bitirdi. Ona diplomunu elə Məzun günündə verdilər. Çox vətənpərvər idi. Yüngül təbiətli, yüngül xasiyyətli oğlanları, yaşıdlarını sevməzdi. Deyirdi ki, bunlardan necə vətən qoruyan olacaq. Kişi gərək bir az ağırtəbiətli olsun. Mikoş mənə çox əziz idi. Elə bir ölçü vahidi tapmıram ki, onun dəyərini təyin etsin. Rəhbərlik etdiyim həmin qrupda 10 tələbəm əsgər idi. Vəziyyət ağırlaşanda Mikayıla yazdım ki, özündən bir xəbər yazsın. Cavab gəlmədi. Adətən telefonu bağlı olurdu. Əsgərlərə telefon işlətməyə icazə olmadığından, o ancaq vaxt tapanda açardı telefonunu. Hətta əsgəri xidmətdə olanda da bütün bayramlarda yazıb məni təbrik edirdi... Onun haqqında danışmaq mənim üçün çox ağırdır. Mən də anayam axı... Onun anası Rumiyyə xanımın fəryadlarını heç vaxt unutmayacağam... Ancaq Vətəni Vətən edən Mikayıl kimi qeyrətli oğlanlarımız, şəhidlərimizdir!

Belə... Bu da 23 yaşı bu il iyul ayının 25-də tamam olacaq, gənc Mikayıl Vahabzadənin həyat hekayəti... Sumqayıt Dövlət Universitetində indi təhsil alan tələbələrdən bu təhsil ocağında Qalibiyyət vuruşlarında həlak olan ŞƏHİD tələbələrin adına hər hansı bir guşə açılması, və ya onların xatirəsinə ehtiram əlaməti olaraq anım tədbirləri keçirilib-keçirilməməsi barədə soruşdum... Hamısının cavabı bir oldu: "Biz də çox istərdik ki, heç olmazsa 40 gün universitetin böyük zalında, ya foyedə bizim universitetdə oxuyub, son döyüşlərdə həlak olan qəhrəmanların portretləri asılaydı... Belə bir tədbir keçirilsəydi, o şəhidlər anılsaydı, yəqin ki, burada təhsil alan tələbələrin mənəvi formalaşmasında dərin iz buraxardı..."

 





11.05.2016    çap et  çap et