525.Az

Amerikalı həmsədr ənənəvi ampluada


 

MÜBARİZ ƏHMƏDOĞLU: "CEYMS UORLİK RƏSMƏN ERMƏNİLƏRİN GİROVÇULUĞUNA HAQQ QAZANDIRIR"

Amerikalı həmsədr ənənəvi ampluada<b style="color:red"></b>

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət hələ də gərgin olaraq qalır.

Artıq ikinci aydır, problemin həlli ilə bağlı danışıqlar prosesi arxa plana keçib və özünü qısa fasilələrlə baş verən hərbi qarşıdurmalarla əvəz edib. Buna səbəb işğalçı ölkənin sülh istəməməsi, qoşunların təmas xəttində təxribatlar törətməsi, dinc insanların yaşadığı yerləri atəşə tutması, eləcə də atom bombası, qondarma rejimi tanımaq kimi sərsəm hədə və bəyanatlarla danışıqlar prosesini pozmasıdır. Bu o deməkdir ki, Ermənistan hələ də öz təcavüzkar niyyətindən əl çəkmir, bölgədə vəziyyəti daha da gərginləşdirməklə məşğul olur. Bununla kifayətlənməyən Ermənistan hakimiyyəti hayazıcasına bütün məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır, guya atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu iddia edir.

Sonuncu dəfə isə separatçı rejimin "müstəqilliyini" tanıyacaqları ilə Azərbaycanı hədələyən ermənilər hiylələrinin əks effekt verdiyini gördükləri üçün bu əməllərindən vaz keçməyə məcbur olublar. Ermənistan hökuməti Zarui Postancyan və Qrant Baqratyanın "Dağlıq Qarabağ Respublikası"nın "müstəqilliyinin" tanınması təşəbbüsü ilə bağlı rəyi ətrafındakı söz-söhbətlərin yersiz olduğunu bildirib.

Bu məsələ ilə bağlı ATƏT-in Minsk Qrupun amerikalı həmsədri Ceyms Uorlik də sükutu pozaraq öz ölkəsinin maraqlarına cavab verən şəkildə mövqeyini ifadə edib. Onun sözlərinə görə, Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli nizamlanması kontekstində müəyyən olunacaq ki, buna həm də işğal olunmuş torpaqların Azərbaycanın nəzarətinə qaytarılması daxildir. "Trend"in məlumatına görə, C.Uorlik deyib ki, heç bir ölkə Dağlıq Qarabağı tanımır: "Münaqişənin uzunmüddətli nizamlanmasına nail olmaq üçün biz tərəfləri danışıqlar masası arxasına oturmağa çağırmağa davam edirik".

Lakin amerikalı həmsədrin sonuncu bəyanatı nəticə etibari ilə əvvəlkilərdən heç nə ilə fərqlənmir. Yumşaq şəkildə buna "qaş düzəldən yerdə göz çıxarmaq" da demək olar. Çünki C.Uorlik "işğal olunmuş torpaqlar" deyəndə onun ətraf 7 rayonu nəzərdə tutduğu başa düşülməkdədir. Görünən odur ki, Birləşmiş Ştatlar açıq şəkildə işğalçıya "Dur!" demək istəmir, bunun əvəzinə danışıqlarda tərəf kimi iştirakını davam etdirib problemin uzun müddət həll olunmamış vəziyyətdə qalmasında maraqlıdır. Bunun belə olmadığını sübut etmək üçün Vaşinqton ən azından vasitəçi olaraq ümumi ifadələr işlətməkdən, separatçılarla görüş keçirməkdən çəkinməli, münaqişəyə real, əsaslı mövqe bildirməli, həllinə yardımçı olmalıdır. Əks halda bölgədə müharibə qaçılmaz hal alacaq.

Məsələ ilə bağlı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, son dövrlər ABŞ-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf etsə də, bəzi amerikalı diplomatların sərgilədiyi mövqe heç bir halda məqbul sayıla, qəbul oluna bilməz: "Ceyms Uorlik Ermənistanla Azərbaycan arasında baş verən 2-5 aprel döyüşlərindən əvvəl hansı qaydada danışırdısa, indi də həmin mövqedən çıxış edir. Amerikalı həmsədrin bu cür fikirləri sonda 4 günlük döyüşlərə gətirib çıxarıb. Ona görə də, Uorlik konkret fikir bildirməlidir. Niyə o Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovu şərləyir ki, nazirlər səviyyəsində həmsədrlərlə danışıqların baş tutmamasında o günahkardır?  Halbuki, növbəti dialoqun baş tutmasına Ermənistan tərəfi razılıq verməyib. Ceyms Uorlik açıq şəkildə bunu  etiraf etməlidir. Amerikalı həmsədr bildirməlidir ki, Ermənistan danışıqlardan yayındığı üçün görüş baş tutmur. Uorlik "statusun müəyyən olunması işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasından keçir" və yaxud "işğal olunmuş ərazilərin geri qaytarılması statusun müəyyən olunmasına bağlıdır", - deyə-deyə ermənilərin ayağının altına daş qoydu və işğalçı ölkə tənzimləməyə razılıq vermədi".

Politoloq hesab edir ki, əgər ABŞ sülh danışıqlarında irəliləyişin əldə olunmasını istəyirsə, amerikalı həmsədrin danışıqlarda iştirak məsələsinə bir də baxmalıdır: "Vaşinqtonun mövqeyi ondan ibarət olmalıdır ki, Ermənistan ilk mərhələdə yeddi rayonu geri qaytarmalıdır. Ətraf rayonların münaqişəyə heç bir aidiyyatı yoxdur. Dağlıq Qarabağın status məsələsini bu bölgənin azərbaycanlı və erməni icmaları müəyyən edəcək. Bu məsələyə görə, ətraf yeddi rayonun 700-800 minlik sakinləri nəyə görə öz yurd-yuvalarından illərlə ayrı düşməlidir? Bu o deməkdir ki, Uorlik rəsmən ermənilərin girovçuluğuna haqq qazandırır".

Ceyhun ABASOV

 





11.05.2016    çap et  çap et