525.Az

Generalımız: "Hücum əmrini gözləyirik!" - Fotoreportaj


 

DÜŞMƏNDƏN AZAD EDİLMİŞ SƏNGƏRLƏRDƏN REPORTAJ

Generalımız: "Hücum əmrini gözləyirik!"  - <b style="color:red">Fotoreportaj</b>

- Salam, Rey! Hardasan?

- Salam! Evdə...

- ...Tez gəl bura, şad xəbər olacaq!

Bu dialoqum keçmiş döyüşçülərin "komutan" deyə çağırdığı, ömrünü orduya həsr etmiş, Qarabağ müharibəsinin o ağrılı-acılı günlərində erməni işğalçılarına qarşı döyüşmüş, yaralanmış polkovnik Xətai Baxışovla idi. Həmişə görüşüb, çay içib dərdləşdiyimiz yerə çağırırdı məni - özü də şad xəbər var mesajı ilə...

Beynimdə yalnız döyüşlə bağlı müxtəlif fikirlər dolaşa-dolaşa deyilən yerə çatdım. Burada onunla yanaşı keçmiş Qarabağ savaşından istefada olan peşəkar tankçı, polkovnik-leytenant Nazim Bayramov, jurnalist həmkarım Rəşad Süleymanov, Qarabağ savaşının gənc araşdırmaçısı Tofiq Şahmuradov da (son anda bu günlərdə dünyaya göz açan körpəsinin səhhəti pisləşdiyinə görə səfərə gedə bilmədi - R.K.) var idi.

Və məlum oldu ki, keçmiş döyüşçülərin cəbhəyə səfəri gözlənilir...

... Əslində 1991-94-cü illərdə ermənilərə qarşı döyüşmüş zabit və əsgərlərin ön cəbhəyə çağırılması təklifi müxtəlif vaxtlarda zaman-zaman səsləndirilib və hər bir döyüşçü bunu gözləyirdi. Nəhayət, Müdafiə Nazirliyi bunu indi məsləhət bildi. Səhəri gün nazirlikdə ön cəbhəyə gedəcək şəxslər müəyyənləşdirildi və səfər tapşırığı verildi.

Vəziyyət elə gətirdi ki, mən qrupla Bakıdan Müdafiə Nazirliyinin ayırdığı avtobusla bir yerdə çıxa bilmədim. Onlara Beyləqan rayonunun Daşburun qəsəbəsində qoşuldum.

Hərbi formada olan döyüşçülərin (keçmiş döyüşçü yazmağa adamın əli gəlmir - R.K.) üzlərindən sevinc yağırdı. Eləsi var idi ki, lap uşaq kimi sevinirdi...Niyə də olmasın, axı onlar uzun illərdir bu çağırışı gözləyirdilər!..

Avtobusumuz "N" saylı hərbi hissəyə üz tutdu. Bizi burada hərbi hissə komandirinin təlim-tərbiyə işləri üzrə müavini ("zampolit"i - R.K.), I Qarabağ müharibəsindən keçmiş polkovnik Elçin Kərimov qarşıladı. Elə ilk tanışlıqdan Kərimovun necə mehriban, öz işini bilən, çox gözəl natiqlik qabiliyyəti olan, savadlı və bir peşəkar hərbçi olduğuna şahid olduq. Azərbaycanın, Qarabağın tarixini gözəl bilən Kərimov səfər boyu görüşlərimizdə real vəziyyəti və bizim tapşırığımızı çox qısa, aydın şəkildə çatdırırdı. Biz - hər biri 6 nəfərdən ibarət qruplara bölündük. Bizim 6 nəfərlik qrupumuza polkovnik Xətai Baxışov rəhbərlik edirdi. O, bizi 3 nəfərlik 2 qrupa böldü. "Qarabağ Qaziləri" İctimai Birliyinin sədri, Qarabağ döyüşlərində bir ayağını itirmiş Etimad Əsədov, "Vətən Müharibəsi Əlilləri" İctimai Birliyinin sədri, Qarabağ döyüşlərində hər iki gözünü itirmiş (Bir gözü 5 faiz görür - R.K.) Firudin Məmmədov və mən oldum. Digər qrupda isə Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına Fondun rəhbəri, Qarabağ qazisi Ədalət Məhərrəmov, digər qazilərimiz Ali Mehtiyev və Habil Bayramov oldu. Onlar bir, biz isə digər istiqamətə yollandıq. 

"Eşq olsun ordumuza!" 

İlk səfərimiz 2-4 apreldə işğaldan azad edilmiş yüksəkliklər olduğundan "komutan" bizi tək buraxmadı. Üzü dağa qalxmağa başladıq...Yol boyu burada necə ağır bir döyüşün olduğunu göstərən - torpağın barını yarmış mərmi izləri də bizi müşayiət edirdi. Bir ayağı olmayan E.Əsədov qabaqda, onun ardınca isə F.Məmmədovla mən gedirdim. Bu da son post! Buradan düşmən mövqeləri açıq-aydın görünür. Ancaq buranı görəndə anlamaq olar ki, ordumuz necə vacib bir strateji yüksəkliyi azad edib. Özü də bir təpə yox ha, bir neçə böyük silsilə azad edilib! İçimizdə təkrarlanan - "Eşq olsun ordumuza!" alqışı dilimizə keçir...

Ön postda zabit və əsgərlərimizlə görüşürük. İlk görüşdüyüm zabit polkovnik Şükür Həmidov oldu. Son əməliyyatlarda ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Çox iradəli, prinsipial bir zabitdir Həmidov. Onunla söhbət zamanı Milli Ordumuzun əsgər və zabitlərinin şücaətlərini dinlədikcə ürəyimizdə qürur hissi daha da artdı. Onlar bizi isti samovar çayına qonaq da etdilər. Əsgərlərimizin yeni qurduğu səngər və "blindaj"ları da gəzdik. Onların yatacaqları ilə tanış olduq. Düşmənlə üzbəüz bir mövqedə, özü də çox qısa zamanda yaradılmış bu şərait çox mükəmməl idi. Yəni əsgər və zabitlərimizə nə lazımdırsa, o şərait yüksək səviyyədə yaradılıb. Öz səngərdə olan zabit və əsgərlərimizin psixoloji hazırlığı, ruh yüksəkliyi bizi valeh etdi.

Minaya düşən "Mayk" adlı itin hekayəti 

Növbəti gün başqa bir istiqamətdə ön səngərdə zabit və əsgərlərimizlə görüşdük. Səhər saatlarında səngərlərə çatdıq. Biz ora çatanda artıq günəş öz şəfəqlərini yamyaşıl otların, təpələrin üzərinə salmışdı...Bizi ordumuzun kapitanı müşayiət edirdi. Bir neçə səngərə baş çəkib zabit və əsgərlərimizlə söhbətləşirik.

Bu arada qeyd edim ki, həm Etimad Əsədovun, həm də Firudin Məmmədovun natiqlik qabiliyyəti, ünsiyyətcil olmaları münasibət qurmaq üçün bizim işimizi asanlaşdırırdı. Biz döyüşlər zamanı qarşılaşdığımız maraqlı hadisələrdən, müxtəlif vacib məqamlardan danışırdıq. Tövsiyələrimizi verirdik. Onlar da xidmətdə olduqları zaman rastlaşdıqları maraqlı hadisələrdən söz açırdılar. Əsgərlərimizin yanında bir neçə it və onun balalarının olması Etimadla Firudinin diqqətini cəlb etdi. Onların insanların sadiq dostlarına belə isti münasibətini görən əsgərlər maraqlı və kədərli bir hadisə danışdılar: "Postumuzda Mayk adlı bir itimiz vardı. Çox ayıq-sayıq it idi. Düşmənin hər hərəkətini duyurdu, hürürdü. Bir dəfə ermənilərin postuna tərəf getdi. Bir az keçmiş partlayış səsi eştidik...Amma Mayk qayıtmadı. Sən demə, Mayk düşmən minasına düşüb. Səhərə yaxın sürünə-sürünə gəlib bizim posta çıxdı...Mina qabaq ayağını tamamilə, arxa ayağını isə qismən qoparmışdı... Təəssüf ki, yaşaya bilmədi, öldü..."

Baş Qazimiz əsgər və zabitlərə kabab çəkdi... 

Əsgərlərimizlə birgə çay içdik, düşmənin mövqeyini birgə müşahidə etdik. Nahar vaxtı çatırdı... Bu məqamda qeyd edim ki, ön səngərdə əsgərlərimizə yüksək keyfiyyətli ərzaqlardan hazırlanmış xörəklər bişirilir. Ən çətin posta da isti xörək çatdırılır. Zabitlərdən onu da öyrəndik ki, hərdən burada, əlbəttə bir qədər arxada, kabab da çəkirlər.

Ədalətin olduğu qrup da bizim posta gəlirdi. Etimadın xahişi ilə Ədalət gələndə qəsəbədən quzu əti və digər ərzaqlar da gətirdi. Düzdür, bu müəyyən qaydaların pozulmasıdır, amma yəqin ki, biz keçmiş döyüşçülərə bu "günah"ı bağışlayarlar. Etimad əsgərlərimizə özəl bir nahar hazırladı - quzu və toyuq kababı. Ən yaxşı tikələri də əsgər və zabitlərimizə verdi. Postda olan uşaqları da unutmadı. Onlara da isti kabab apardı... 

Lələtəpə qəhrəmanı ilə görüş... 

Axşam korpus komandiri, "Lələtəpə" qəhrəmanı, general-mayor Mais Bədirxanovla da görüşdük. O, bizə döyüş əməliyyatlarının maraqlı məqamlarını, döyüşün taleyini həll edən anlarından söz açdı. Əsgər və zabitlərimizin qəhrəmanlığından ağız dolusu danışırdı... O, böyük səbrlə, təmkinlə döyüşçülərin tez-tez ona ünvanladığı suallara cavab verirdi. General bildirdi ki, onlar torpaqlarımızı azad etməyə hər an hazırdırlar. "Yetər ki, Ali Baş Komandan əmr versin! İşğal altındakı bütün torpaqlarımızı, qısa zamanda azad edəcəyik!"

Bu səfərdə bizim diqqətimizi çəkən ən önəmli məqamlardan biri də, əsgərlərin və zabitlərin bir- biri ilə yaxşı davranışı oldu. Səmimi, qardaşlıq münasibəti qurulub. Zabitlər əsgərlərə diqqətlə və həssaslıqla yanaşırlar.

Həm generallarımızın, həm də zabit və əsgər heyətinin gözlərində, ürəklərində düşmənə nifrət, torpaqlarımızın isə azad olunmasına istək təşnəsini gördük, duyduq.  

Xanım aşpazlarımız hətta düşmənin mərmi atəşi altında da çalışırlar... 

E.Kərimov 2-4 aprel döyüşlərində düşmənin top, minaatanlarının atəşi altında işləyən qadın aşbazların fədakarlığını da unutmadıqlarını dedi: "Bilirsiniz ki, ordumuzda xörəkləri qadınlar hazırlayır. Həmin ağır günlərdə ön cəbhənin arxasında onlar iş başında idilər. Düşmənin mərmiləri düz onların olduğu yerin ətrafına düşürdü. İstədik onları ərazidən uzaqlaşdıraq, amma razı olmadılar. Sonadək atəş altında öz işlərini davam etdirdilər, zabit və əsgərlərimiz üçün xörək hazırladırlar. Həmin günlər hamı ordumuzla birlikdə idi".

Növbəti gün poliqonda ordu birləşmələrinin təlimlərində iştirak etdik. Burada keçmiş döyüşçüləri vaxtı ilə 708 saylı briqadanın komandiri olmuş general Elbrus Orucov qarşıladı. O, keçmiş döyüşçüləri böyük sevinclə qarşıladı. Biz təlimləri izlədik. E.Orucovun təşəbbüsü ilə təklif və tövsiyələrimizi verdik.

Sonra keçmiş döyüşçü, bir ayağını döyüşlərdə itirmiş, Ahıska Türkü Mürşüd Məmmədov E.Orucovun icazəsi ilə PDM-i idarə etdi. Döyüşçülər, əsgər və zabitlər onun bu addımını alqışlarla qarşıladılar.

Qeyd edək ki, ordumuz hazırda dünyanın ən müasir silahları ilə təchiz edilib. Biz bütün bunların şahidi olduq. Böyük ruh yüksəkliyinə malik əsgər və zabitlərimizin gücü və peşəkarlığı sayəsində bu silahlarla bütün Qarabağı azad etmək olar. Və biz yaxın zamanda bunun şahidi olacağıq, inşallah!

Sonda həm şəxsi heyətin, həm də bizim sıra düzülüşümüz oldu. Polkovnik Xətai Baxışov, keçmiş döyüşçülərdən Etimad Əsədov, Nazim Bayramov və Xocavənd rayon icra başçısı, keçmiş döyüşçü Eyvaz Hüseynov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Qarabağı düşmən işğalından azad etməyə hazır olduğunu bildirdi. Onlar bu işdə ordumuza uğurlar arzuladılar!

Daha sonra Xocavənd rayonunun Qaradağlı soyqırımı qurbanlarının şərəfinə ucaldılmış abidəni ziyarət etdik. Abidənin üzərində yazılmış:

Xalq vahid olsun.
Mücahid olsun.
Azad deyilsə.
Şəhid olsun!

misraları ilk öncə Etimad Əsədovun diqqətini çəkdi.

Günün sonunda Xocavənd rayon icra başçısı, keçmiş döyüşçü Eyvaz Hüseynov generallarımızın - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin korpus komandirlərinin, keçmiş döyüşçülərin şərəfinə ziyafət verdi.

Belə bir səfəri təşkil etdiklərinə görə, qrup adından Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və polkovnik Xətai Baxışova minnətdarlığımızı bildiririk.

Rey Kərimoğlu
Qazilər.az saytı

P.S.Bütün görüşlərdə zabit və əsgərlər Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlını da belə səfərlərdə görmək istədiklərini dedilər. Qeyd edək ki, Ş.Əlizamanlı da səfərə gedəcək nümayəndə heyətində var idi, amma onun əvvəlcədən planlaşdırılan başqa tədbirlərdə iştirakı bizimlə bir arada olmasına mane oldu. Ümid edirik ki, növbəti səfərlərdə o da bizimlə olacaq!

 





11.05.2016    çap et  çap et