525.Az

Heydər Əliyev Yazıçılar Birliyində anılıb


 

Heydər Əliyev Yazıçılar Birliyində anılıb<b style="color:red"></b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda ümummilli lider Heydər Əliyevin 93 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri AYB-nin Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə açıb: "Ümummilli lider Heydər Əliyev şairlərə, ədəbiyyatçılara həmişə xüsusi qayğı və diqqətlə yanaşıb. O, ədəbiyyatımızın və mədəniyyətimizin intibahında, çiçəklənməsində müstəsna rol oynayan bir şəxsiyyətdir. Heydər Əliyevin vətəninə, torpağına bağlı bir şəxsiyyət kimi Azərbaycan dilinə, xalqına, ölkənin inkişafına münasibəti və bu yolda rolu unudulmazdır. Onun sadəliyi, böyüklüyü, insanlara həssas, diqqətli münasibəti yazıçı və şairlərlə görüşlərdə də özünü aydın göstərərdi".

AYB-nin sədri, Xalq yazıçısı Anar H. Əliyevin xalqımızın taleyində oynadığı misilsiz roldan danışıb: "93 il əvvəl Tanrı tərəfindən Azərbaycana böyük bir hədiyyə bəxş olunub. O, xalqımızın taleyində müstəsna rol oynayıb. Hələ Sovet dövründə - Heydər Əliyev Azərbaycanın Birinci katibi olanda ölkəmizdəki millətçilik təzahürləri barədə söhbətlər Moskvaya gedib çatmışdı və onları qorxudurdu. Guya bu təhlükəni sovuşdurmaq, daxili qarşıdurmanın qabağını kəsmək və Azərbaycana nəzarət üçün Heydər Əliyevi respublikaya rəhbər təyin edənlərin nəzərindən bir cəhət qaçmışdı ki, Heydər Əliyev onu təyin edənlərdən qat-qat ağıllı və öz millətini, xalqını ürəkdən sevən bir şəxsiyyət idi. Heydər Əliyev az bir zamanda Azərbaycanın elə bir imicini, surətini yaratdı ki, bütün ölkədə onun nüfuzu ilə hesablaşmalı oldular. Heydər Əliyev xalqın gücünə arxalanaraq Azərbaycanı xilas edən şəxsdir".

Hüseyn Cavidin nəşinin Naxçıvana gətirilməsində mühüm xidməti olan ziyalı və ictimai xadim Həmid Cəfərov Heydər Əliyevin dəyərli göstərişlərindən, o zamankı hadisələrdən bəhs edib: "Mən özümü ona görə xoşbəxt sanıram ki, 25 il o böyük insanın xidmətində çalışmışam.  Həmçinin onun tapşırıqlarından irəli gələn bir sıra məsələlərin həyata keçirilməsində iştirak etdiyim üçün taleyimdən çox məmnunam. Bunlardan ən mühümü dahi Hüseyn Cavidin nəşinin uzaq Sibirdən vətənə gətirilməsi olub. Heydər Əliyevin ədəbiyyatımıza, tariximizə, mədəniyyətimizə olan qayğısı, diqqəti o qədər yüksəkdir ki, bunların üzərindən yüzillər keçsə belə, unudulmaz".

Tədbirdə AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca, sədr müavini Nazim İbrahimov, Xalq yazıçısı Mövlud Süleymanlı və başqaları da çıxış edərək H.Əliyevin şəxsiyyətindən, siyasi-ictimai fəaliyyətindən danışıblar.

Müşfiq ŞÜKÜRLÜ

 





11.05.2016    çap et  çap et