525.Az

"Azərsu"nun Balakənin Hənifə kəndində həyata keçirdiyi layihə başa çatıb


 

"Azərsu"nun Balakənin Hənifə kəndində həyata keçirdiyi layihə başa çatıb <b style="color:red"></b>

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir.

İçməli su çatışmazlığından əziyyət çəkən Balakən rayonunun Hənifə kəndində icra olunan layihə uğurla başa çatdırılıb.

Yeni su təchizatı sisteminin açılış mərasimində çıxış edən Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə  genişmiqyaslı  infrastruktur layihələrinin həyata keçirildiyini bildirmiş, ölkə rəhbərliyinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb.

"Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktor müavini Ramin Sadıqov bildirib ki, regionların sosial-iqtisadi inkişafı dövlət Proqramlarına uyğun olaraq bölgələrdə, xüsusilə ucqar kəndlərdə içməli  su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: "Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Hənifə kəndində  açılışını etdiyimiz su təchizatı sistemləri qısa müddətdə yaradılmışdır. Artıq kəndin böyük bir hissəsi keyfiyyətli içməli su ilə təmin olunur.  Layihənin davamı olaraq su mənbəyinə yaxın küçələrdə paylayıcı şəbəkənin yaradılması nəzərdə tutulur".

Açılış mərasimində çıxış edən sakinlər kəndin ən böyük qayğılarından olan içməli su məsələsinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə, "Azərsu" ASC-nin kollektivinə  minnətdarlıqlarını bildiriblər.   

Qeyd edək ki, 1200 fərdi ev təsərrüfatından ibarət olan və  6500 nəfər sakinin yaşadığı Balakən rayonunun Hənifə kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi bir neçə mərhələdə həyata keçirilib. İlkin mərhələdə kənd ərazisində 500 kubmetr tutumu olan su anbarı tikilmiş və 864 sakinin içməli su təchizatı yaxşılaşdırılıb.

2011-ci ildə Hənifə kəndində 1 ədəd artezian quyusu qazılmış və 114 mm diametrli polad borularla 2,4 km su xətti çəkilib. Görülmüş işlər nəticəsində 270 fərdi ev təsərrüfatı olmaqla  945 nəfər sakin dayanıqlı  içməli su ilə təmin edilib. Kəndin digər bir hissəsini su ilə təmin etmək üçün 2016-cı ildə yeni  subartezian quyusu qazılıb,  16 kubmetr tutumu olan 1 ədəd su çəni quraşdırılıb. Su mənbəyindən   kəndə 90 mm diametrli polietilen borularla 1 km su xətti çəkilib. Bununla da  200 ev təsərrüfatı və ya 550 nəfər sakin içməli su ilə təmin edilib.

Ümumilikdə Hənifə kəndində yeni su təchizatı sistemlərinin yaradılması nəticəsində 2500-dək sakinin içməli su təchizatı yaxşılaşdırılıb.

Samirə QULİYEVA

 





11.05.2016    çap et  çap et