525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1994-cü il. Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş - “Bişkek protokolu" qüvvəyə minib.

Sənədə Ermənistan və Azərbaycanın parlament sədrləri, həmçinin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının rəhbərləri imza atıb. Sənədə əsasən, tərəflər tezliklə beynəlxalq vasitəçilik sayəsində “Böyük sülh sazişi” imzalamalı idilər. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi buna imkan vermir.

1992-ci il. Türkiyənin o vaxtkı baş naziri Süleyman Dəmirəl Şuşanın işğalı ilə bağlı bəyanat verib. O, Ermənistanın təcavüzünün genişlənəcəyi halda Türkiyənin Azərbaycana hərbi yardım göstərə biləcəyini bildirib.

2004-cü il. Naxçıvan beynəlxalq hava limanının açılışı olub.

2009-cu il. Azərbaycan Respublikası Ali Məhkəməsi üçün inşa edilmiş yeni inzibati binanın təntənəli açılış mərasimi keçirilib.

1907-ci il. Xalq Artisti, bəstəkar və pedaqoq Səid Rüstəmovun doğum günüdür (1907–1983). "Beş manatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyalarının və bir çox mahnıların ( "Oxu tar", "Qurban adına", “Həkim qız", "Oxu, gözəl" və s.) müəllifidir. Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olub. Musiqi məktəbləri üçün dərs vəsaitləri yazıb.

1940-cı il. Şair, tərcüməçi, ədəbiyyatşünas Abbas Abdulla anadan olub. Ukrayna ədəbiyyatından (Taras Şevçenko, Lesya Ukrainka və d.) dilimizə tərcümələr edib. Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) olub.

2005-ci il. Məşhur Azərbaycan xanəndəsi, Azərbaycan SSR Xalq Artisti Sara Qədimova vəfat edib (1922-2005). Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb.

2011-ci il. Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu vəfat edib (1949-2011). 1982-1989-cu illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib, Milli Dram Teatrında, habelə Türkiyədə, Estoniyada tamaşalar hazırlayıb. 1989-cu ildə «Yuğ» Teatrını yaradıb və ömrünün sonunadək ona rəhbərlik edib.

 





12.05.2016    çap et  çap et