525.Az

Londonda Dağlıq Qarabağ dinləmələri


 

Londonda Dağlıq Qarabağ dinləmələri<b style="color:red"></b>

Böyük Britaniya Parlamentinin İcmalar Platasında Ermənistan-Azərbaycan münaqişəsinə dair ictimai dinləmələr keçirilib.

525.az-ın məlumatına görə, Britaniya Parlametində Azərbaycan Parlamenti ilə dostluq qrupunun sədri Bob Blekmenin ev sahibliyi ilə baş tutmuş dinləmələrdə Lordlar Palatasının üzvləri Lord Kilkluni və Lord Roqan, İcmalar Palatasının üzvü Bob Blekmen, Londonun Vestminster və Hekni rayonlarının bələdiyyə şuralarının üzvləri, region üzrə ixtisaslaşmış araşdırmaçı mütəxəssislər, Avropa-Azərbaycan Cəmiyyətinin nümayəndələri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Dinləmələri giriş sözü ilə açan Bob Blekmen bildirib ki, aprelin əvvəllərində qoşunların təmas xəttində baş verən hadisələr Böyük Britaniyada narahatlıqla qarşılanıb və baş verən hadisələrlə bağlı şəxsən özü Böyük Britaniyanın xarici işlər nazir Filip Hammonda məktub ünvanlayıb.

Britaniyalı deputat ünvanladığı məktubun və həm də Avropa məsələləri üzrə dövlət naziri Devid Lidinqtonun ona cavab məktubunun mətni ilə tədbir iştirakçılarını tanış edib.

Avropa məsələləri üzrə dövlət naziri Lidinqton cavab məktubunda cari ilin aprel ayının əvvəllərində artan gərginlik nəticəsində insan itkilərindən təəssüfləndiyini bildirərək, 5 aprel tarixində atəşkəsin əldə edilməsindən məmnunluğunu ifadə edib. Böyük Britaniyanın ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətindəki səylərini qətiyyətlə dəstəklədiyini, münaqişənin həllinin Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması və daha sonra Dağlıq Qarabağın statusunun təyin olunmasından keçdiyini vurğulyıb.

Dinləmələrdə geniş məruzə ilə çıxış edən Milli Məclisin üzvü, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev iştirakçılara münaqişənin tarixi haqqında məlumat verərək bildirib ki, XIX əsrin birinci yarısında çar Rusiyası ilə İran arasındakı müharibələrdən sonra Rusiyanın erməniləri Qafqaza köçürmək siyasəti nəticəsində ermənilərin ilk dəfə Qafqazın siyasi və demoqrafik səhnəsində ortaya çıxması çox da uzaq olmayan tarixi faktdır. 1978-ci ildə Xankəndində ermənilərin onların Qafqaza köçürülməsinin 150 illiyi münasibəti ilə abidənin ucaldılması və ermənilərin bu tarixi böyük şənliklərlə bayram etdiyi bu tarixi həqiqəti bir daha təsdiqləyir.

Millət vəkili ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinə toxunaraq bildirib ki, onlar öz xalqları və guya nə zamansa mövcud olmuş “erməni dövləti” haqqında ağlasığmaz miflər uydurmaqla dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Əslində isə tarixdə ilk erməni dövləti 1918-ci ildə, məhz Azərbaycan torpaqları üzərindəcəmi 9 min kv. km ərazidə yaradılıb. O zaman ilk erməni dövlətinin yaradılması üçün həmin torpaqların 90 il öncə bu ərazilərə köçürülmüş ermənilərə verilməsi müstəqilliyinin tanınması müqabilində böyük dövlətlər tərəfindən Azərbaycanın qarşısında qoyulmuş zəruri şərt olub.

Azərbaycanın bu şərtə əməl etməsi ilə qalan bütün ətraf ərazilərdə Azərbaycan Demokratik Respublikasının suveren hüquqları təsbit edilib və bu ərazilər çərçivəsində Azərbaycanın müstəqilliyi dünya birliyi tərəfindən tanınıb. Azərbaycanın sovetləşdirilməsindən sonrakı illərdə də Azərbaycan əraziləri hesabına Ermənistanın genişləndiyini diqqətə çəkən Cavanşir Feyziyev Dağlıq Qarabağ münaqişəsinə də məhz bu kontekstdən, yəni ermənilərin tükənməyən torpaq iddiası və qonşu dövlətlərin ərazisi hesabına ekspansiya siyasəti kontekstdindən baxılmalı olduğunu qeyd edib.

Sovetlər Birliyinin süqutu fonunda Ermənistan tərəfindən Dağlıq Qarabağın və ətraf rayonların işğalına gətirib çıxarmış proseslərə aydınlıq gətirən C.Feyziyev Ermənistanın işğalçı siyasətinin BMT TŞ-nin məlum dörd qətnaməsi başda olmaqla bir sıra beynəlxalq təşkilatların qətnamə və qərarlarında pislənildiyini, lakin bu günə qədər Ermənistanın heç nəyə məhəl qoymayaraq işğalçılıq siyasətindən əl çəkmədiyini diqqətə çatdırıb.

Keçmiş Sovet məkanında Moldova, Gürcüstan və Ukrayna kimi ölkələrdə mövcud olan münaqişələrin mahiyyətcə oxşar olduğunu və Dağlıq Qarabağ münaqişəsinin də bu sıraya daxil edilməli olduğunu, digər adıçəkilən ölkələrin ərazi bütövlüyünə Qərbin dəstəyinin eyni qətiyyətlə Azərbaycanın da ərazi bütövlüyünə verilməli olduğunu nəzərə çatdırıb.

Millət vəkili Azərbaycan və Böyük Britaniya arasında beynəlxalq təşkilatlar çərçivəsindəfaydalı qarşılıqlı əməkdaşlığın mövcud olduğunu vurğulayıb, Terri Devis və Bob Volterin nümunəsində britaniyalı parlamentarilərin bir qayda olaraq beynəlxalq təşkilatlar çərçivəsində Qarabağ münaqişəsinə dair obyektiv və dolğun hesabat hazırladıqlarını yüksək qiymətləndirdiyini ifadə edib.

Çıxışının sonunda milət vəkili Azərbaycanın haqlı mövqeyinə dəstək verdiklərinə görə Böyük Britaniya hökumətinə və Parlamentinə minnətdarlığını bildirib və onları münaqişənin sülh yolu ilə ədalətli həllinə nail olmaq üçün öz səylərini artırmağa çağırıb.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə müəyyən dairələr tərəfindən bəzi mətbuat səhifələrində münaqişəyə dini don geyindirmək cəhdlərinə toxunaraq bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan özünün rəngarəng dini, etnik və mədəni müxtəlifliyi ilə fəxr etdiyini və Ermnistandan fərqli olaraq ölkəmizdə heç zaman heç bir etnik və ya dini icmanın tarixi və mədəni mirasına qarşı təcavüzkar addımların atılmadığını vurğulayıb. Nümunə kimi Bakının mərkəzində yerləşən erməni kilsəsini, Azərbacanda 30 mindən artıq etnik erməni əhalinin yaşadığını qeyd edən səfir Ermənistanın həm öz ərazisində, həm də işğal altında saxladığı ərazilərdə azərbaycanlılara məxsus tarixi və mədəni irsin məhv edilməsi siyasəti yürütdüyünü və mədəni irsin qorunması üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdən də boyun qaçırdığını qeyd edib.

Aprel ayının əvvəllərində baş verənləri şərh edən səfir bildirib ki, Azərbaycan ordusunun son addımları sırf Ermənistanın uzun zamandan bəri davam edən təxribatçılıq hərəkətlərinə və mülki əhalini hədəf alan fasiləsiz atəşlərinə cavab olaraq, qoşunların təmas xəttində yerləşən kəndlərdə yaşayan mülki əhalinin müdafiəsi zərurətindən ordumuz Azərbaycan torpaqlarında yerləşən erməni hərbi birləşmələrinə cavab atəşi açmağa məcbur olub.

Bəzi mətbuat səhifələrində davamlı olaraq müharibəni kimin başladığı sualının ortaya atıldğını, özünün də bir neçə həftə öncə “Financial Times” qəzetinə verdiyi müsahibədə buna aydınlıq gətirdiyini bildirən səfir, bu sualın ümumiyyətlə düzgün qoyulmadığını, hərbi əməliyyatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində baş verdiyini qeyd edib.

Bir çox hallarda Azərbaycana səbrli davranmaq və siyasi iradə nümayiş etdirməklə bağlı tövsiyələrin verildiyini, lakin 1994-cü ildən bəri davam edən nəticəsiz sülh danışıqlarında Azərbaycanın kifayət qədər səbr və iradə nümayiş etdirərək, problemin həllini hərbi müstəviyə keçirmədiyini vurğulayıb.

Səfir bildirib ki, son günlər Ermənistan parlamentinin üzvlərinin, qondarma separatçı rejimin nümayəndələrinin çıxışlarında Azərbaycana qarşı nüvə silahından istifadə, təmas xəttindən uzaqda yerləşən hərbi və mülki infrastruktura zərbə endirilməsi və növbəti hücumun Naxçıvana qarşı olacağı kimi bəyanatlar səslənməsi bir daha bu münaqişədə kimin təcavüzkar olduğunu aydın şəkildə ortaya qoyur.

Çıxışların ardınca tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Bob Blekmen, Lord Kilkluni ATƏT-in Minsk Qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini vurğulayıblar.
 
Vestminster bələdiyyəsinin üzvü, əslən qarabağlı olan Murad Həsənli müzakirələrə qoşularaq nəzərə çatdırıb ki, Dağlıq Qarabağdan söhbət gedərkən beynəlxalq ictimaiyyət və həmsədr ölkələr azərbaycanlı icmasına yetərli diqqət vermir, daha çox Dağlıq Qarabağdaki etnik ermənilərdən bəhs edirlər.

Dağlıq Qarabağın müqəddəratı yalnız yerli azərbaycanlı icması öz torpaqlarına geri qayıtdıqdan, Dağlıq Qarabağın münaqişədən əvvəlki demoqrafik tərkibi bərpa edildikdən və onların təhlükəsizliyinə tam təminat verildikdən sonra baş verə bilər.

Erməni təbliğatının bir sıra hallarda guya bu iki millətin bir arada yaşaya bilmədiyi kimi mülahizələrə söykəndiyini, lakin tarixən bu iki millət arasında çox yaxın insani münasibətlərin olduğunu, çoxsaylı qarışıq nikahların məhz bu iki xalq arasında normal təmasların olduğunun göstəricisi olduğunu qeyd edib.

İctimai dinləmələr istər münaqişənin tarixi ilə bağlı məqamların, istərsə də aprel ayındakı hərbi əməliyyatlarla bağlı həqiqətlərin və ölkəmizin mövqeyinin Böyük Britaniya parlamenti vasitəsilə təqdim olunması və münaqişəyə ictimai marağın artırılması baxımından faydalı olub.

 





12.05.2016    çap et  çap et