525.Az

Avropa İttifaqı Ermənistanda nüvə silahı axtaracaq


 

DÜŞMƏN ORDUSU TƏRTƏR VƏ AĞDAM RAYONLARINA ZƏRBƏLƏR ENDİRƏRKƏN QADAĞAN OLUNMUŞ "KİMYƏVİ TOZLARDAN - FOSFORDAN" İSTİFADƏ EDİR

Avropa İttifaqı Ermənistanda nüvə silahı axtaracaq<b style="color:red"></b>

Dördgünlük aprel döyüşlərindən sonra təşvişə düşən Ermənistan Azərbaycanla açıq mübarizədən çəkinərək verdiyi təhdid dolu bəyanatlarla ölkəmizi hədələməyə başlayıb.

Rəsmi Bakını Dağlıq Qarabağda yaradılan qondarma rejimi tanımaq, eləcə də nüvə silahına malik olmaları ilə müharibədən çəkindirməyə çalışan işğalçı rejim rəhbərliyi indi bu sayıqlamalarının əks effektlərini yaşayır.

İlk olaraq mayın 5-də Ermənistan hökumətinin deputatlar Zauri Postancyan və Qrant Baqratyanın hazırladığı qondarma rejimin tanınması ilə bağlı "qanun layihəsi"ni bəyəndiyi və mayın 10-da parlamentdə müzakirəyə çıxarılacağı bildirilsə də, bu məlumatın üstündən bir neçə saat keçdikdən sonra rəsmi İrəvan deyilənləri təkzib etməyə məcbur oldu, bəlkə də məcbur edildi. Aradan 5 gün vaxt keçdikdən sonra Ermənistan parlamentinin iclasında da bu, "qanun layihəsi" ilə bağlı müzakirələrin keçirilmədiyinin şahidi olduq. Çünki Ermənistan hakimiyyətinə də məlumdur ki, dünyada heç bir ölkə tərəfindən tanınmayan separatçı rejimin "müstəqilliyi"ni tanısalar, münaqişə ilə bağlı davam edən danışıqlar prosesini tamamilə pozmuş olacaqlar. Bu, addım beynəlxalq miqyasda qətiyyətlə pislənəcək və Ermənistan xarici dairələrin tənqid hədəfinə tuş gələcəkdi. Eyni zamanda, dünya birliyi tərəfindən Azərbaycanın ərazisi kimi qəbul olunan Dağlıq Qarabağda baş qaldıran separatçı rejimin Ermənistan tərəfindən tanınması münaqişənin sülh yolu ilə həllinə bütünlükdə zərbə vurmuş olacaqdı. Belə bir vəziyyətdə regionda böyük müharibə qaçılmaz hal alacaqdı. Ona görə də, Ermənistan bu, absurd fikrindən dərhal daşınmalı olub.

İkinci bəyanat isə daha çox Ermənistanın dünya birliyinə meydan oxuması kimi qəbul olunmalıdır. "Çirkli atom bombası"na malik olduqlarını deyən Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan ölkəsinin sülhə meyilli siyasət aparmadığını, əksinə işğalçı mahiyyət daşıdığını bir daha ortaya qoyub. Q.Baqratyan bildirib ki, ancaq nüvə silahı ilə Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təminat altına almaq mümkündür.

Qeyd edək ki, Ermənistan aprelin 27-də atəşkəs razılaşmasını pozub növbəti dəfə Azərbaycan mövqelərində yaşayış yerlərinə zərbələr endirən zaman kimyəvi silahlardan da istifadə edib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ermənilərin Tərtər rayonunun cəbhəyanı Əskipara kəndinə atdığı, beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş kimyəvi tərkibli (ağ fosforlu) partlamamış hərbi sursatı zərərsizləşdirməyə hazırlaşır. Qurum əməkdaşlarının  verdikləri məlumata görə, mərminin partlaması nəticəsində kiçik qəlpə belə insan bədənində müxtəlif yaraların əmələ gəlməsinə səbəb ola bilər.

Xoşbəxtlikdən, 122 mm-lik ağ fosforlu top mərmisi yaşayış sahəsinə yox, pambıq sahəsinə düşüb. Hazırda həmin yer lentlə təcrid edilib. Mərminin hava, günəşlə təmasda belə partlamaq təhlükəsi var. Buna görə də palçıqla örtülüb. Götürülməsi təhlükəli olduğundan yerindəcə zərərsizləşdiriləcək.

Bu, erməni silahlı bölmələrinin beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan istifadəsinə dair ilk fakt deyil.

Azərbaycan Xarici  İşlər Nazirliyindən isə qeyd edilib ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistandan irəli gələn nüvə təhlükəsi və nüvə terroru təhdidləri barədə daimi olaraq məlumatlandırır və xəbərdar edir.

Mayın 10-da isə Avropa İttifaqı bu xəbərdarlıqlardan nəticə çıxararaq Ermənistanın yüksək vəzifəli şəxslərinin bu ölkənin nüvə silahına malik olması barədə bəyanatlarını araşdıracağını bildirib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da Ermənistanın fosfor bombalarından istifadə etmə faktına və İrəvanın nüvə silahının yaradılması haqqında bəyanatına münasibət bildirərkən deyib ki, ABŞ kütləvi qırğın silahları və nüvə silahının istifadəsinin əleyhinədir.

Göründüyü kimi, Ermənistanın bu, hədələyici bəyanatı da sonda öz əleyhinə çevrilib.

Məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu söyləyib ki, Qrant Baqratyan Ermənistanın nüvə silahına malik olması haqda dediyi sözlərlə həm özünü, həm də Ermənistanı çətin duruma salıb: "İndi rəsmi İrəvan hər yerdə izah etməlidir ki, onun nüvə silahı yoxdur, əks halda Ermənistan beynəlxalq aləmdə problemlərlə üzləşəcək".

Politoloqun sözlərinə görə, aydındır ki, Ermənistan o dövlətlərdən deyil ki, nüvə silahı olsun: "Ancaq Ermənistan uran əldə edib "çirkli bomba" hazırlaya bilər. "Çirkli bomba"nın hazırlanması çətin proses deyil. Terrorçular da belə bombaya maraq göstərirlər. İndinin özündə Ermənistan ordusu Tərtər və Ağdam rayonlarının atəşə tutulması zamanı qadağan olunmuş "kimyəvi tozlardan - fosfordan" istifadə edir".

E.Şahinoğlu bildirib ki, Ermənistanın "çirkli bomba"ya maraq göstərməsi Qərb dövlətlərini ciddi narahat etməlidir: "Təsadüfi deyil ki, Avropa İttifaqı Ermənistanın nüvə silahına malik olması barədə bəyanatları araşdıracaq. Vaşinqton da Qrant Baqratyanın nüvə silahı ilə bağlı açıqlamasından narahat olub. ABŞ-ın nüfuzlu qəzetləri bu mövzu haqqında məqalələr həsr ediblər. Ermənistanın "çirkli bombaya" maraq göstərməsini həm də bir müddət öncə ermənilərin Gürcüstanla sərhəddən radiasiya komponentli maddələri keçirməyə çalışmaları göstərir".

Mərkəz sədri qeyd edib ki, ABŞ-dakı erməni lobbisi isə uzun onilliklər ermənilərin təzyiq altında olması barədə doğru olmayan rəy formalaşdırıb, Qərb ölkələrinin siyasi mərkəzlərindən müəyyən dəstək qazanıblar: "İndi isə bir erməni deputat "nüvə silahımız var" deməklə lobbinin "bu əməyinin" üstündən xətt çəkib. Əslində Qrant Baqratyanın "nüvə silahıyla Azərbaycanı və Türkiyəni durdurmalıyıq" ifadəsi həm də o deməkdir ki, Ermənistan Azərbaycanla müharibədən çəkinir, aprel döyüşlərinin təkrarlanmasından - məğlub olmaqdan qorxur, ona görə də nüvə silahı təhdidi ilə özünü "sığortalamaq" istəyir ki, Azərbaycan Dağlıq Qarabağ üzərindəki nəzarəti ələ keçirməyə çalışmasın. Ancaq Ermənistandakı mərkəzlər anlamırlar ki, İrəvanın hətta hipotetik olaraq nüvə silahı olsa, Azərbaycan Dağlıq Qarabağa nəzarət uğrunda mübarizədən əl çəkməyəcək. Digər tərəfdən Ermənistanın nüvə silahı haqqında məlumatı sirr qala bilməzdi və belə bir məlumat həqiqətə yaxın olsaydı, Azərbaycanın nüvə silahı Ermənistandan daha öncə yaradılardı. Hindistan bir gün nüvə sınağı keçirdi və bütün dünyaya bəyan etdi ki, nüvə silahı var, üstündən 24 saat keçməmiş Hindistanla münasibətlərində problemi olan Pakistan da nüvə sınağı keçirtdi və o da nüvə silahına malik olduğunu açıqladı. Pakistan bu addımı ilə hərbi üstünlüyün rəqib dövlətin tərəfinə keçməsinə imkan vermədi və hər iki dövlətin kəşfiyyatı, o cümlədən, alimləri bilirdi ki, qarşı tərəf hansı işlə məşğuldur. Bu o deməkdir ki, bir gün Ermənistanda böyük və ya kiçik həcmli nüvə silahı və ya radiasiya komponentli "çirkli bomba" peyda olarsa, eyni və bəlkə də daha modern nüvə silahına Azərbaycan sahib olmaq məcburiyyətində qalacaq. Bəlkə də rəsmi Bakı bu haqda indidən düşünməlidir".

Ceyhun ABASOV

 





12.05.2016    çap et  çap et