Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm haqqında" qanun layihəsindən çıxarılıb.
Bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Trend-ə açıqlamasında bildirib. Komitə sədri bunun səbəbini təmas xəttində gərginliklərin artması ilə izah edib.
"Aprel ayından təmas xəttində yüksək gərginlik müşahidə edilir. Eyni zamanda, bu günlərdə 9 mayda II Dünya Müharibəsinin veteranları da Prezidentə müraciət edərək bildirdilər ki, lazım gəlsə, biz də təmas xəttinə gedərək Azərbaycanın haqq işi uğrunda mübarizəsinə kömək edə bilərik. Düşünürəm ki, belə bir zamanda magistr və doktorantlara möhlət hüququnun verilməsi düzgün olmaz" - deyən İ.Həbibbəyli sözlərinə əlavə edib ki, Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər.
Bu yerdə xatırlatmaq yerinə düşər ki, sözügedən qanun layihəsi hələ köhnə variantda ötən çağırış parlamentin plenar iclasının müzakirəsinə çıxarılanda bu məsələ ətrafında birmənalı olmayan mövqelər ortaya qoyulmuşdu. Əksəriyyət möhlət hüququ məsələsinin tərəfdarı olsa da, bu məsələnin Müdafiə Nazirliyi ilə mütləq razılaşdırılmasını məqbul saymış, daha doğrusu, bu məsələnin adıçəkilən qanunun deyil, hərbi xidmətə çağırışla bağlı mövcud qanunvericiliyin predmeti olduğunu vurğulamışdı. Onu da qeyd edək ki, ötən çağırış parlamentdə sözügedən qanun layihəsini müzakirələrə MM-in Elm və təhsil komitəsinin sabiq sədri Şəmsəddin Hacıyev təqdim və məruzə etmişdi. Axırıncı parlament seçkilərindən sonra sonra isə Ş. Hacıyev komitə sədrliyindən uzaqlaşdırılmış, onun yerinə İ. Həbibbəyli seçilmişdi.
Artıq yeni komitə sədrinin də qeyd etdiyi kimi, bu məsələ məlum səbəblərdən qanun layihəsindən çıxarılıb.
Bəs görəsən, millət vəkilləri bu barədə nə düşünürlər?
Bununla bağlı millət vəkili Əli Məsimli deyib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna görə, bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər. O xatırladıb ki, Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi hər dəfə MM-də qaldırılanda fikirlər haçalanıb. "Fikir mübadilələri zamanı biz həmişə Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsinin tərəfdarı olmuşuq.Bununla belə, eyni zamanda həm də hesab edirik ki, birincisi, bu məsələsi "Elm haqqında" qanunun yox, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun predmetidir. İkincisi, belə məsələlərə münasibətdə həm bu ilin aprelindən bu yana cəbhə xəttində yaranmış situasiya nəzərə alınmalıdır. Həm də bütün parametrlər üzrə təbii surətdə belə bir dəyişiklik üçün münasib şərait və zaman yetişəndə, Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm haqqında" qanun layihəsində yox, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda müvafiq dəyişiklik edilməklə həyata keçirilməlidir" - deyə, millət vəkili sonra bildirib.
Sözügedən komitənin üzvü, professor Gövhər Baxşəliyeva da komitə sədrinin mövqeyindən çıxış edib. "Mən də bu məsələdə komitəmizin sədri İsa Həbibbəylinin fikirlərini dəstəkləyirəm və məqbul sayıram.
Hesab edirəm ki, ölkənin bu vəziyyətində, yəni, müharibə şəraitində olan bir ölkə kimi, o cümlədən, cəbhə xəttində tez-tez atəşkəsin pozulması ilə bağlı elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi düzgün olmazdı. Həm də ki, bu məsələ daha çox hərbi qanunvericiliyin predmeti olan bir məsələdir"-deyə, millət vəkili fikirlərini tamamlayıb.
Kamil HƏMZƏOĞLU
çap et