525.Az

Azərbaycan Avropa Türk İslam Birliyinin qurultayında təmsil olunub - Fotolar


 

Azərbaycan Avropa Türk İslam Birliyinin qurultayında təmsil olunub - <b style="color:red">Fotolar</b>

Avropadakı türklərin ən əhəmiyyətli təşkilatlarından biri olan Avropa Türk İslam Birliyinin (ATİB) 23-cü qurultayına baş nazirin müavini, Xalq yazıçısı Elçinlə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da dəvət alıblar.

1987-ci ildə qurulan və bütün Avropada 35 şöbəsi olan ATİB-in 23-cü qurultayına Avropanın müxtəlif şəhərlərindən gələn yüzlərlə türk qatılıb. Qurultay salonunun qarşısında hazırlanmış çadırlarda türk yeməkləri, kitablar və türk qadınlarının hazırladıqları əl işləri nümayiş etdirilib.

Qurultayın açılışında çıxış edən ATİB-in sədri İhsan Önər xüsusilə görkəmli yazıçı və dövlət adamı Elçinin qurultaylarına qatılmasına çox əhəmiyyət verdiklərini, Qarabağda davam edən savaşın yalnız Azərbaycanın deyil, dünyada yaşayan bütün türklərin məsələsi olduğunu söyləyib. Türkiyədən, Makedoniyadan və Avropanın digər ölkələrindən gələn millət vəkilləri də çıxışlarında bu mücadilədə Azərbaycanın yanında olduqlarını ifadə ediblər.

Qurultaya dəvət edilmiş yazıçı Orxan Aras da çıxışının əhəmiyyətli hissəsini Qarabağ hadisələrinə ayırıb və hamımızın qəlbinin əsgərlərimizin yanında döyünməli olduğunu vurğulayıb.

Orxan Aras görkəmli ədibimiz Elçinin yaradıcılığı mövzusunda da qurultay dəvətlilərinə məlumat verərək, onun Azərbaycanın həm də bir dövlət adamı olaraq burada iştirak etməsinin çox əhəmiyyətli hadisə olduğunu söyləyib. Kürsüyə dəvət edilən ədib çıxışında deyib: "Bu gün burada Avropa Türk İslam Birliyinin qurultayında iştirakıma görə çox xoşbəxtəm. Kökləri, dilləri, mədəniyyətləri bir olan insanların bir araya gəlməsi tamamilə təbii hadisədir. İllərcə Sovetlər Birliyində təzyiq altında, türk və Türkiyə deməkdən çəkinərək yaşadıq. Çox yaxşı xatırlayıram, bir gün atam radioda Türkiyə stansiyasını axtarıb tapdıqdan sonra qulağını radioya söykəyərək həsrətlə dinlədi. İndi artıq sərhədlər qalxdı və sərbəst bir-birimizə gedib-gəlir, birliyimizin dadını çıxarırıq. Bu günlərdə Azərbaycan yenə Ermənistan tərəfindən davamlı təcavüzə məruz qalır. Bilirsiniz, torpaqlarımızın 20 faizi işğal altındadır və oradan bir milyona yaxın insan qaçqın düşüb. Biz Azərbaycan tərəfi olaraq həmişə sülh tərəfdarıyıq, əsla döyüş istəmərik. Amma lazım olsa, torpaqlarımızın azadlığı üçün

savaşdan da vaz keçməyəcəyik. Biz bilirik ki, bu çətin günlərdə yanımızda yenə siz qardaşlarımız və Türkiyə olacaq ". O, Avropada yaşayan türklərin ATİB kimi təşkilatlarda bir araya gəlmələri və güclü olmalarının onları da sevindirdiyini qeyd edib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da çıxışında, təmsil etdiyi qurumun fəaliyyətindən ətraflı söz açıb. Dəvət üçün ATİB rəhbərliyinə təşəkkür edən Günay Əfəndiyeva Avropada yaşayan türklər arasında Azərbaycanla bağlı məsələlərin daha geniş təbliğinin arzu olunduğunu diqqətə çatdırıb.

MÜŞFİQ

 





12.05.2016    çap et  çap et