525.Az

“Ermənistan cinayətlərinə görə cavab verməli idi”


 

“Ermənistan cinayətlərinə görə cavab verməli idi”<b style="color:red"></b>

“Ermənistan Azərbaycan ərazisində etnik təmizləmə aparıb, Xocalıda soyqırımı törədib. Ermənistan ən azı Nümberq prosesində olduğu kimi cinayətlərinə görə cavab verməli idi”.
 
APA-nın məlumatına görə, bunu bu gün xarici işlər naziri Xələf Xələfov Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri” mövzusunda  keçirilən dinləmələr zamanı bildirib. X. Xələfov deyib ki, aparılan işlərin Ermənistanın işğalına hüquqi-siyasi qiymət verilməsinə gətirib-çıxaracağına inanır: “Biz BMT-də keçirilən müzakirələrdə daim bu problemi qaldırırıq. Təəssüf ki, problemin mahiyyəti beynəlxalq təşkilatlarda adekvat əksini tapmır. İnsan haqları üzrə ali komissardan “Azərbaycanda qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası barədə hansı işləri görmüsünüz” sualına cavab verir ki, mandatları buna imkan vermir. Bu, gülməlidir. Ən azı ali komissar Ermənistanı işğalın nəticələrini aradan qaldırmağa çağırmalıdır”.

X. Xələfov Azərbaycanın girovlar məsələsinin də beynəlxalq səviyyədə tez-tez qaldırdıqlarını bildirib: “Biz vətəndaş cəmiyyəti səviyyəsində belə təşəbbüslərlə tez-tez çıxış etsək, bunun nəticəsi də tez olar”.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
 
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

 





13.05.2016    çap et  çap et