525.Az

"Putinin Azərbaycan və Ermənistana səfərinin ciddi effekti olmayacaq"


 

"KREML SADƏCƏ MÜHARİBƏNİN BAŞLANMASINI ƏNGƏLLƏMƏK ÜÇÜN VAXT QAZANMAQ İSTƏYİR"

"Putinin Azərbaycan və Ermənistana səfərinin ciddi effekti olmayacaq"<b style="color:red"></b>

"Mayın 7-də xəbər yayıldı ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gündən sonra Azərbaycana səfər edəcək. Daha sonra Putinin mayın sonunda Azərbaycana səfər edəcəyi ilə bağlı məlumatlar gəlməyə başladı. Hiss olunur ki, bu xəbərlər Rusiyanın hakimiyyət kanallarından yayılır. Görünür, Kreml bu yolla Azərbaycan hakimiyyətinin bu səfərə münasibətini öyrənmək istəyir. Çünki rəsmi Bakı Putinin Azərbaycana səfərinin detalları barədə məlumatlı deyil".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Rusiya prezidentinin Azərbaycana səfəri ilə bağlı iki versiya irəli sürmək mümkündür: "Birinci versiya bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişənin həlliylə bağlı Putinin planının ümumi konturları hazırdır və o bu planın detalları ilə azərbaycanlı həmkarını tanış etmək istəyir. Aydındır ki, Putin bu planını erməni həmkarına da təqdim etməlidir. Ona görə də plan müzakirə olunduğu müddətdə Putin hər iki tərəfi atəşkəsə riayət etməyə çağıracaq. Görünür, Putin də hiss edir ki, yaxın aylarda bölgədə böyük müharibə başlaya bilər. Rusiya prezidenti isə Cənubi Qafqazda başlana biləcək müharibədən ehtiyat edir, Suriya və Ukraynada məsələlər bitməmiş cənub istiqamətində də enerji itkisindən qorxur. Çünki Qərb Rusiyanı zəiflətmək üçün müxtəlif yollar axtarır. Rusiya Cənubi Qafqazda başlanacaq müharibədə Ermənistanı müdafiə etsə və hərbi toqquşmalara müdaxilə etsə, Azərbaycanla münasibətlərini gərginləşdirməklə yanaşı Qərb və İslam dünyası ilə münasibətlərini də gərginləşdirəcək".

E.Şahinoğlu qeyd edib ki, ikinci versiya isə bundan ibarətdir ki, Putin keçmiş prezident Dmitri Medvedyevin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 2011-ci ildə hazırladığı "Kazan prinsiplərini" yenidən rəsmi Bakıya qəbul etdirməyə çalışacaq: "Putin bununla bərabər Bakıda xarici işlər naziri Sergey Lavrovun "atəşkəsə riayət olunmalıdır", "insidentlər araşdırılmalıdır" kimi fikirlərini təkrarlaya bilər. Hazırkı vəziyyətdə statusun müəyyənləşməsini nəzərdə tutan "Kazan prinsipləri" Azərbaycanın maraqlarına uyğun deyil. Putinin hazırladığı başqa planın da Azərbaycanın maraqlarına uyğun olacağını vurğulamaq problematikdir".

Mərkəz sədri hesab edir ki, Azərbaycanın hakim dairələri və cəmiyyətinin Rusiyaya inamı azdır: "Kremlin Ermənistan hakimiyyətinə təsir edib ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağına inam yoxdur. Ona görə də Putinin Azərbaycan və Ermənistana səfərinin ciddi effekti olmayacaq. Kreml sadəcə müharibənin başlanmasını əngəlləmək üçün vaxt qazanmaq istəyir".

Ermənistanın hazırkı və keçmiş prezidentlərinin ard-arda Dağlıq Qarabağa gəlməsinə də toxunan politoloq bildirib ki, görünür, Ermənistan bu səfərlərlə işğal məsələsində fərqli siyasi qüvvələrin eyni mövqedən çıxış etdiklərini erməni cəmiyyətinə aşılamaq istəyir: "Tutaq ki, bir-iki ay belə ötüşdürdülər, vaxt öldürdülər, bəs bir müddət sonra artan itkiləri Ermənistan cəmiyyətinə necə izah edəcəklər? Levon Ter-Petrosyan o siyasi fiqurlardan deyil ki, artan itkilərlə bağlı prezident Serj Sərkisyana ciddi dəstək versin. Ermənistan hakimiyyətinə əlavə maliyyə lazımdır ki, ölən hərbçilərin ailələrinin sosial təminatlarını vaxtında ödəsin. Belə bir vədi könüllülərə də veriblər. Yəni, Ermənistan vətəndaşları könüllü surətdə işğal altındakı torpaqlarda qulluq etməyə razılıq versələr, onlara da gələcəkdə sosial müavinətlər ayrılacaq. Ona görə də elə etməliyik ki, düşmən o qədər itki versin ki, Ermənistan büdcəsi sosial təminatı yerinə yetirməkdə aciz qalsın. Müharibə həm də puldur. Biz torpaqlarımızı işğaldan azad etmək üçün istənilən qədər pul xərcləməyə hazırıq, düşmənin isə belə bir lüksü yoxdur. Ona görə xərclərlə də işğalçının nəfəsini kəsməliyik. Dağlıq Qarabağ onsuz da Ermənistana böyük yükdür, onlar üçün bu yükü bir az daha ağırlaşdırmalıyıq".

Ceyhun ABASOV

 





13.05.2016    çap et  çap et