525.Az

Düşmən təcavüzkar əməllərindən əl çəkmir


 

EMİN HƏSƏNLİ: "KİMYƏVİ SİLAHLARDAN İSTİFADƏ ETMƏK BƏŞƏRİYYƏTƏ QARŞI ƏN BÖYÜK CİNAYƏTLƏRDƏN BİRİDİR"

Düşmən təcavüzkar əməllərindən əl çəkmir<b style="color:red"></b>

Məlum olduğu kimi, aprelin sonlarında işğalçı Ermənistan ordusu növbəti dəfə atəşkəsi pozaraq Azərbaycan mövqelərini atəşə tutub.

Nəticədə dinc azərbaycanlıların yaşadığı evlər, ictimai obyektlər dağıdılıb, insan tələfatları qeydə alınıb.

Bugünlərdə isə həmin insident zamanı erməni hərbi birləşmələrinin Tərtərin Əskipara kəndinə kimyəvi tərkibli (ağ fosforlu) partlamamış hərbi sursat atdığı məlum olub. Xoşbəxtlikdən 122 mm-lik ağ fosforlu top mərmisi yaşayış sahəsinə yox, pambıq sahəsinə düşüb. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları kimyəvi tərkibli hərbi sursatın götürülməsi təhlükəli olduğundan onu yerindəcə zərərsizləşdiriblər. Ölkəmizdə akkreditasiya olunmuş 11 xarici ölkə səfirliyindən 20 nəfər hərbi attaşe də Tərtərə səfər edərək kimyəvi mərminin olduğu əraziyə baxış keçiriblər.

Məsələ ilə bağlı Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib ki, Ermənistanda terrorçu rejim hakimiyyətdədir: "Onlar heç vaxt beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyiblər. Cəzasızlıq şəraitində bu cür hadisələr davam etməkdədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılan ATƏT-in Minsk Qrupunun hər üç həmsədr dövləti - ABŞ, Fransa və Rusiya beynəlxalq hüququn tələblərindən çıxış edərək Ermənistanı törətdiyi əməllərə görə tənqid etmir, bu cür halların qarşısının alınması üçün heç bir addım atmır. Ona görə də, azğınlaşmış Ermənistan öz təxribatlarından əl çəkmir, cəbhədə atəşkəsi pozur, dinc əhalini hədəfə alır, hətta kimyəvi silahlardan istifadə etməkdən də çəkinmir".

Hərbi ekspert qeyd edib ki, 1992-ci ildə BMT-nin 47-ci Baş Assambleyasında kimyəvi silahlardan istifadənin qadağan edilməsi ilə bağlı Konvensiya imzalamaq təklifi irəli sürülüb. İmzalanma mərasimi Fransa Prezidentinin təşəbbüsü ilə Parisdə  1993-cü ilin 13 yanvarında həyata keçirilib. Ötən dövr ərzində Azərbaycan da daxil olmaqla 160 dövlət konvensiyanı imzalayıb. 65-ci ölkə olan Macarıstan tərəfindən ratifikasiya olunduqdan sonra, 29 aprel 1997-ci ildə konvensiya qüvvəyə minib. Azərbaycan konvensiyaya 9 noyabr 1999-cu ildə qoşulub və o 30 mart 2000-ci ildə konvensiya Azərbaycanda qüvvəyə minib. Ermənistan da bu konvensiyaya qoşulan ölkələr sırasındadır. İmzalanmış sənədə görə, kimyəvi silahlardan istifadə etmək bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biridir".

Bu yaxınlarda Çernobıl faciəsinin 30-cu ildönümünün yad edildiyini deyən E.Həsənli  faciənin miqyasından danışaraq qeyd edib ki, hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır: "Fəlakət zamanı 7 minə yaxın insan həlak olub, 25 min insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 faizində əlillik yaranır. Kimyəvi silah elədir ki, onun daşıyıcısı sağalmaz xəstəliyə tutulur və müalicəsi qeyri-mümkündür".

QHT sədri bildirib ki, bütün bunlara baxmayaraq Ermənistan bu gün də kimyəvi silahlardan istifadə etməkdən çəkinmir: "İşğalçı ölkə həm ordumuza, həm də dinc sakinlərimizə qarşı kimyəvi silahlardan istifadə edir. Çünki Sarkisyan rejimi terrorçulardan ibarətdir. Ermənistan rəhbərliyi törətdiyi 30-dan çox terror aktına görə beynəlxalq hüquq qarşısında cavab verməlidir".

E.Həsənli bildirib ki, cəbhədə Ermənistanın törətdiyi təxribatlara qarşı Azərbaycanın cavabı yalnız düşmənin hərbi mövqelərinə verilir: "Silahlı Qüvvələrimiz  kimyəvi silahlardan istifadə etmir və heç bir zaman dinc əhalini hədəfə almayıb və bundan sonra da almayacaq. Əgər Azərbaycan bu cür silahlardan istifadə etsəydi, bəzi beynəlxalq dairələrin ölkəmizə qarşı narazılıqlarını eşidə bilərdik. Təəssüflər olsun ki, beynəlxalq aləm ikili standartlardan hələ də əl çəkmir, konkret mövqeyini ortaya qoymur".

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində 2-5 aprel döyüşləri nəticəsində düşmən ordusunun ağır zərbələr aldığını deyən ekspert bildirib ki, bu, işğalçı ölkə ictimaiyyətində mövcud olan qorxu hissini daha da artırıb: "Buna qədər Ermənistan rəhbərliyi öz xalqını inandırmağa çalışırdı ki, Azərbaycan Dağlıq Qarabağı geri qaytara bilməyəcək,  guya buna gücü çatmayacaq. Ancaq real hadisələr bunu əksini deməyə əsas verir. Bu gün Silahlı Qüvvələrimizin hücuma keçəcəyindən ehtiyat edən ermənilər işğal olunmuş torpaqlardan qaçmağa can atırlar".

E.Həsənli vurğulayıb ki, bu gün Azərbaycanda yüksək vətənpərvərlik ruhunda yetişən gənc nəsil torpaqlarımızın işğal altında qalmasına imkan verməyəcək: "Hazırda torpaqların geri qaytarılması yalnız müharibə yolu ilə mümkündür. Biz dünya birliyinə inanırdıq ki, beynəlxalq hüquq işləyəcək və BMT qətnamələri başqa ölkələrdə yaranan problemlərlə bağlı dərhal işlək vəziyyətə gətirildiyi kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə də gətirib çıxaracaq. Təəssüflər olsun ki, 20 ildən artıqdır bu qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsinin şahidi olduq. Çünki nə ABŞ, nə Fransa, nə də Rusiya münaqişənin ədalətli yolla həll olunması üçün konkret addımlar atmayıb, Ermənistana işğalçı siyasət apardığına görə təzyiq etməyib. Bütün bu illər ərzində cəbhəboyu ərazilərdə yaşayan Azərbaycan əhalisi erməni vandalları ilə üz-üzə dayanmağa məcbur olub. Lakin erməni həbri birləşmələrinin cəbhəboyu yaşayış yerlərini hədəfə alması, dağıntılara, insan tələfatlarına səbəb olmasına baxmayaraq azərbaycanlılar öz evlərini tərk etməyib, əksinə mərdlik nümayiş etdirirlər. Çünki Azərbaycan xalqı Silahlı Qüvvələrimizə inanır. Müxtəlif vaxtlarda Ermənistanın törətdiyi təxribatlarının qətiyyətlə qarşısının alınması, düşmənin dəfələrlə artıq itki verərək geri otuzdurulması ordumuzun gücünü göstərir. Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi Azərbaycan dövlətinin, xalqının səbri tükənməz deyil. Biz daha 25 il oturub torpaqların danışıqlar yolu ilə həll olunmasına ümid bəsləyə bilmərik. Bu məsələ konkret həllini tapmalıdır. Azərbaycanda bu gün birmənalı mövqe formalaşıb ki, Azərbaycan torpaqları istənilən yolla işğaldan azad edilməlidir. Biz atəşkəs müqaviləsinin imzalanmasından keçən 22 il ərzində danışıqlara sadiq qalmaqla Ermənistana öz güzəştimizi etmişik. Azərbaycan bunu beynəlxalq hüquqa hörmət naminə edib. Buna görə də gələcək nəsillər, tarixçilər deyə bilməyəcək ki, münaqişə sülh yolu ilə həll oluna bilərdi, lakin Azərbaycan hərbi varianta üstünlük verdi. İndi Azərbaycan öz seçimini edəcək. Biz hərbi yolla olsa da, torpaqlarımızı işğaldan azad edəcəyik. Ya Ermənistan öz xoşu ilə torpaqlarımızı geri qaytaracaq və Dağlıq Qarabağa Azərbaycan muxtariyyat verəcək, ya da ordumuz öz gücü ilə işğala son qoyacaq. Əgər hərbi varianta əl atmağa məcbur olsaq, o zaman muxtariyyat məsələsi də gündəmdə olmayacaq. Hətta Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək".

Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə isə deyib ki, Tərtərin Əskipara kəndində Ermənistan ordusunun atdığı ağ fosfor bombasının aşkarlanması onu göstərir ki, işğalçı ölkə artıq ciddi çaşqınlıq içindədir. O "SİA"ya bildirib ki, Ermənistan bütün sivil mübarizə formalarından imtina edərək, bu gün Azərbaycana qarşı çox böyük azğınlıqla mübarizə aparmağa çalışır: "Düşmən tərəfi işğal olunmuş torpaqları işğalda saxlamaq üçün hətta qadağan olunmuş silahlardan da istifadə edir. Məqsəd isə Azərbaycanın da bu silahdan istifadə etməsidir ki, Ermənistan sonra bu məsələdən beynəlxalq aləmdə rəsmi Bakının qadağan olunmuş silahdan istifadə etməsi barədə təbliğatına yol açsın. İkincisi isə cəbhə xətti yaxınlığında yaşayan insanlar arasında qorxu yaradaraq onların da qaçmasını arzulayır. Cəbhənin erməni hərbçiləri tərəfindən 100 km-lərlə məsafədə yerli əhali yaşamır. Azərbaycan tərəfdə isə insanlar öz dədə-baba torpaqlarını qoyub qaçmaq istəmir. Azərbaycan bu məsələni çox ciddiyə alır. Artıq bununla bağlı beynəlxalq ictimaiyyət məlumatlandırılır və müvafiq tədbirlər görülür".

A.Mirzəzadə əlavə edib ki, bütün bunlar Ermənistanın ciddi provokasiyaya getdiyini, rəsmi İrəvanın artıq heç bir beynəlxalq hüquq və insani normalarını tanımadığını göstərir: "Amma Ermənistan unudur ki, Azərbaycan özünün suveren hüquqlarını ən yüksək səviyyədə qorumaq əzmindədir. Beləcə Ermənistan bu provokasiyalarının on qat cavabını alacaq".

Qeyd edək ki, Tərtərin Əskipara kəndinə atılan kimyəvi hərbi sursat erməni silahlı bölmələrinin beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş silahlardan istifadəsinə dair ilk fakt deyil. Əfsuslar olsun ki, beynəlxalq hüququn tələblərinə riayət etməyən Ermənistan Azərbaycana qarşı dəfələrlə kimyəvi silahlardan istifadə edərək bölgə üçün böyük təhlükələr yaradır, regionun təhlükəsizliyini təhdid altında qoyur. Xarici dairələr isə Ermənistana bu əməllərinə qarşı heç bir ciddi addım atmır, yalnız ümumi ifadələrdən istifadə edərək hadisəni pisləməklə kifayətlənirlər. Buna görə də düşmən öz məkrli niyyətindən, təcavüzkar əməllərindən, təxribatından əl çəkmir.

Ceyhun ABASOV

 





13.05.2016    çap et  çap et