525.Az

Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta bazarında problemlər aşkarlayıb


 

Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta bazarında problemlər aşkarlayıb<b style="color:red"></b> Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyi ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin nümayəndələri ilə görüşüb.
 
Palatadan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan sığorta bazarındakı mövcud vəziyyəti müzakirə etmək üçün təşkil olunmuş görüşü giriş sözü ilə açan Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı sığorta sisteminin ölkə iqtisadiyyatında ev təsərrüfatlarının, bizneslərin və bəzi hallarda dövlətin risklərinin transfer mexanizmi və akkumulyativ investisiya kanalı kimi vacib funksiyalara malik olduğunu bildirib.
 
“Biz faktiki olaraq fəaliyyətə martın 31-də başlamışıq və ilk olaraq bank sektorundakı durumun diaqnostikası və həlli təcili olan problemlərlə məşğul olmuşuq. Bununla belə sığorta sektorunun ilkin diaqnostikasını həyata keçirmişik və müəyyən problemləri aşkarlamışıq. Sığorta şirkətlərinin idarəetmə strukturunun təkmilləşdirilməsinə, hesabatlılığın inkişaf etdirilməsinə və maliyyə dayanıqlığının gücləndirilməsinə ehtiyac var. Hazırda biz tərəfdən reallaşdırılan tənzimləmənin məqsədi ilk növbədə qlobal maliyyə böhranının neqativ təsirlərinin aradan qaldırılması, ödəmə qabiliyyətlərini qabaqcıl standartlara uyğunlaşdırılması, və beləliklə sığorta şirkətlərinin regional və beynəlxalq rəqabətliliyini təmin etməkdən ibarətdir”, - deyə R. Aslanlı qeyd edib.
 
2010-2015-ci illərdə sığorta yığımlarının 3 dəfə, sığorta ödənişlərinin isə 2 dəfə artdığını bildirən MBNP Direktorlar Şurasının sədri bu kəmiyyət dəyişikliyi ilə yanaşı sektorda həmçinin keyfiyyət dəyişikliyinin olmasının vacibliyini və sığorta şirkətlərinin müştəri məmnuniyyətini artırmalı olduğunu vurğulayıb.
 
Görüşdə çıxış edən sığorta şirkətlərinin rəhbərləri onları narahat edən problemləri bildirməklə yanaşı gələcəkdə sığorta sahəsi üzrə qərar və qanunların müzakirəsi prosesində iştirak etmək istədiklərini bildiriblər.
 
Sonda Rüfət Aslanlı MBNP yanında “think tank” funksiyasını daşıyacaq Məşvərət Şurasının yaradılacağını və bank sektoru, audit və konsaltinq şirkətləri ilə yanaşı sığorta şirkətlərinin də nümayəndələrinin üzv olacağını qeyd etdi. 
 





13.05.2016    çap et  çap et