525.Az

Türklərin “Yaşamaq haqqı”


 

Türklərin “Yaşamaq haqqı”<b style="color:red"></b>

Xalq yazıçısı Anarın “Yaşamaq haqqı”  tarixi-kulturoloji traktatı bu günlərdə Türkiyənin nüfuzlu İLESAM təşkilatı və onun rəhbəri Məhməd Nuri Barmaqsızın  təşəbbüsü ilə Ankarada, “Tulpars” nəşriyyatında çapdan çıxıb.

Kitabı türkcəyə tərcüməçi Məhməd Reza Qoçi çevirib. Bu əsər ilk dəfə 2013-cü ildə Anarın “LİK Azerbaydjana” üçcildliyində rus dilində çap olunub. Əsərin Azərbaycan dilində də  kitab şəklində çapı planlaşdırılır. Lakin “Yaşamaq haqqı”nın ayrıca kitab kimi məhz türkcə, Türkiyədə işıq üzü görməsini tarixi zərurət də hesab etmək olar. Çünki burada  təkcə Azərbaycan tarixinə yox, bütövlükdə ümumtürk tarixinə ekskurs olunur. Qədim türk abidəsi olan Orxon-Yenisey kitabələrindən üzübəri bir çox mühüm yazılı mənbələrə müraciət edən müəllif tarixi hadisələr, görkəmli şəxsiyyətlər, ictimai-siyasi xadimlər, maarifçilərimiz haqqında şəxsi mülahizələrini bölüşür. Eyni zamanda əsəri türk oxucusu üçün oxunaqlı, maraqlı edəcək bir çox mətləblər də yazıçı tərəfindən təsvir olunur, açılır. Belə ki, əsərdə tariximizin ağrılı tərəfləri, qonşularımızın ərazi iddiaları, kütləvi qırğınlar, müharibələr, itkilərimiz, 20 Yanvar hadisələri və Qarabağ müharibəsi əsas, önəmli yer tutur. Yazıçının bütün bu hadisələrin bilavasitə iştirakçısı olması, özünün müşahidə etdiyi gizlin məqamları qələmə alması bir çox məsələlərin üzərinə işıq salır, çətin bir dönəmdə, gərgin siyasi hadisələrin mərkəzində mədəniyyətin, ədəbiyyatın vəziyyəti təsvir olunur.Bu məsələlər türkcə kitabın da üz qabığında xüsusi vurğulanır və əsərin qısaca təqdimatı bu cür verilir:

“Yaşamaq haqqı” risaləsində əsasən mədəniyyət müstəvisi yer alsa da, burada siyasətə və tarixə də yer verilmişdir. Çünki mədəniyyət və siyasət bir-birinə qırılmaz tellərlə bağlıdır. Ədəbiyyat da, sənət də tarix fonunda inkişaf edir. Ayrı cür desək, mədəniyyət siyasətin ayrılmaz bir hissəsidir. Siyasətdə mədəniyyət artdıqca o daha təsirli olur. Lakin mədəniyyət siyasətə nə qədər az uyarsa, o qədər azadlığını qorumuş olar. İstənilən halda mədəniyyətlə siyasət arasında qarşılıqlı və qaçılmaz bir bağlılıq vardır. Tarixə gəlincə, tarix də siyasi və mədəni həyatın olaylarından (özəlliklə iqtisadi həyatdakı olaylar, inqilablar, inkişaf və savaşlar daxil olmaqla) ibarətdir. Keçmişdə də, bu gün də mədəniyyətə xidmət edənlərin ömürləri tarixin tərkibinə çevrilib, həyatları siyasi gerçəkliklə hesablaşaraq keçib. “Yaşamaq haqqı” kitabında çeşidli mövzulara müraciət edilsə də, burada ana xətti türkçülük, türk milli şüuru ideologiyası təşkil edir.

Xalqın və millətin yaşamaq hissi milli şüurun təməli olan dili yaşatmaqdan keçir. Türklərin birliyinin özünümüdafiə hissindən bəlirlənməsi ideyası da kitabda yer alan xüsusi məqamdır”.

Türkiyəli naşirin qeyd etdiyi bu məsələlər - türk birliyi, ümumtürk düşüncəsi, təfəkkür tərzi və ən nəhayət Türkiyə ilə Azərbaycan dostluğu, qardaşlığı, münasibətləri kitabda əsas yer tutan mövzulardandır.

“Yaşamaq haqqı” traktatını Anarın türk xalqlarının dili, tarixi və ədəbiyyatının  təbliğatı üçün gördüyü işlərin davamı hesab etmək olar. Hələ sovetlər dönəmindən “Kitabi- Dədə Qorqud” dastanının tanınması, yayılması, təbliğatı üçün çabaları, “Min beş yüz ilin Oğuz şeiri”, “Min ilin yüz şairi” antalogiyalarını tərtib etməsi, böyük türk şairi Nazım Hikmətə həsr etdiyi “Kərəm kimi” romanı, türk dünyasının böyük şəxsiyyətləri barədə yazdığı saysız-hesabsız esselər, türk dünyasının çeşidli yerlərində konfranslarda, simpoziumlarda çıxışları və s. - bütün bunlar “Yaşamaq haqqı” kitabında bu və ya digər şəkildə əksini tapıb.

May ayının sonlarında Türkiyənin Kırşehir Kitab Fuarında “Yaşamaq haqqı” kitabının imza gününün və İLESAMın təşkilatçılığı ilə Ankarada təqdimat mərasiminin keçiriləcəyi nəzərdə tutulur.

NƏZRİN 

 





13.05.2016    çap et  çap et