525.Az

Şəhid zabitin parlaq həyat və qəhrəmanlıq salnaməsi - Vətəni qibləgah edən şəhidlər


 

Şəhid zabitin parlaq həyat və qəhrəmanlıq salnaməsi - <b style="color:red">Vətəni qibləgah edən şəhidlər </b>

Şəmkirin Şiştəpə kəndində 1976-cı il noyabr ayının 2-də dünyaya göz açan Vüqar atası Nurəddin Yusifovun ilk övladı idi.

1993-cü ildə Vüqar kənd məktəbini müvəffəqiyyətlə bitirərək, Türkiyə Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil oldu. Hərbçi peşəsini özü seçmişdi. Çünki el-obasından şəhid olan neçə igidin yasında iştirak etmişdi, Xocalı fəlakətinin ağrısı var idi ürəyinin başında. 1998-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub, vətənə qayıtdı. Müdafiə Nazirliyinin “N” saylı Xüsusi Təyinatlı hərbi hissəsində taqım komandiri kimi fəaliyyətə başladı. Bir müddət sonra qrup komandiri, 2002-ci ildə həmin hərbi hissədə taborun qərargah rəisi, 2003-cü ildə isə tabor komandiri vəzifəsinə təyin olundu. Dəfələrlə medallarla təltif edildi, Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə qədər ucaldı. Azərbaycanla Strateji Əməkdaşlıq edən Amerika Birləşmiş Ştatlarında, Pakistanda, Polşada tərəfdaşlıq kurslarında, təlimlərində iştirak edərək, peşəkarlığını daha da artırdı. Həddindən artıq təvazökarlığına görə uğurları haqqında çox da xəbər yayılmırdı. 2014-cü ilin avqustunda cəbhəyanı yaşayış sahələrimizə düşmənin yeni təxribatının qarşısının alınmasında isə xüsusi xidmətlərinə görə fərqlənmişdi. Bu il martın 19-da polkovnik rütbəsini alanda da, ailədə kimsənin bundan xəbəri olmamışdı.  

Qardaş itkisi necə ağır imiş... 

Vətən şəhidimiz, torpaq şəhidimiz Vüqar Yusifovun 10 il bundan əvvəl qurduğu ailəsi ilə Sumqayıtda yaşayırdı. Sumqayıtdakı evinə gəldim. Əvvəlcə uşaqları ilə söhbət edib, ataları haqqında soruşmaq niyyətim var idi. Gözlədiyimin tam əksinə oldu. Vüqarın ailəsi, qohumları dedilər ki, evə çox qonaq gələndə uşaqları yaxın qonşunun evinə ötürürlər. Çünki uşaqlar hələ də ataları ilə bağlı acı xəbəri tam qavraya bilmirlər...

Üzümə dikilən gözlərə baxa bilmirəm. Vüqar Yusifovun bacısının, həyat yoldaşının, qaynanasının, böyük qaynanasının, baldızının gözləri üzümə dikilib. Qaynı Kənan Əliyev söhbəti açır. Evdəkilərə Vüqardan yazmaq istədiyimi deyir:

- Sumqayıtda yaşadığından mənə çox yaxın idi. Onunla 10 ildə elə doğmalaşmışdım ki, özümə böyük qardaş bilirdim. Çox mərd adam idi. Elə bilirəm ki, yetim qalmışam. Həmişə qardaş arzulamışdım Allahdan, Allah verdi onu mənə, ləzzətini dadızdırıb, tez də apardı...

Sonra Vüqarın qaynanası Rəfiqə Əliyeva danışır:

- Vüqar qohum-əqraba arasında özünə elə hörmət qazanmışdı ki... Ürəyində hamıya yer var idi. Kimsənin xətrinə dəyməzdi. Evə nə qədər yorğun gəlsəydi də,  iki qızından, bir oğlundan məhəbbətini əsirgəmirdi. Yorğunluğuna baxmayaraq, aparıb onları gəzdirirdi. Böyük qızı Ayan bu yaxınlarda ona demişdi ki, ata hamının atası məktəbə gəlir, sən bizim məktəbə gəlmirsən. Həmin günün səhərisi qızı özü məktəbə, sonra rəsm dərnəyinə apardı. Uşağın ürəyi istəyən hər yerdə göründü.

Bacısı Dünya Yusifovadan soruşdum qardaşını:

- Hərdən elə bilirəm ki, harasa gedib. Yenə gləcək, yenə boynumu qucaqlayacaq. Qardaş məhəbbəti başqa cür olur, itkisi necə ağır imiş... İki qardaşım, iki bacım var. Vüqar ailədə böyük uşaq idi. Ata və ana babalarım Böyük Vətən müharibəsində iştirak ediblər. Həmişə onların müharibədəki şücaətlərindən danışıb fəxr edirdi. Sonra da özü hərb sənətini seçdi. Elə məktəb vaxtından vətənpərvər idi. Məktəbdə də hamıdan birinci olurdu. Heç vaxt ağlıma da gətirməzdim ki, qardaşım nə vaxtsa, hardansa qayıtmayacaq... Heç nəylə təsəlli tapa bilmirik. Bəlkə Azərbaycanın işğalda qalan torpaqları azad olunsa, o zaman rahatlıq tapaq... Ata-anama, ailəmizə o baxırdı... Kaş özü sağ olaydı, biz elə kasıbçılığımızı edərdik...

Kənan əlində  çərçivəyə salınmış bir rəsm gətirdi. Əsgər şəkli idi. Dedi ki, Vüqar şəhid olmamışdan 15 gün əvvəl qızı Ayan çəkib.  9 yaşlı qız uşağının rəngli boya ilə çəkdiyi əsgər şəklinə baxanda titrəyiş keçdi canımdan. Göz yaşlarım içərisində soruşdum ki, bu nə möcüzədir? Anası Lalə danışdı:

- Martın 15-də Sumqayıtdakı Texniki Elmlər Litseyində rəsm müsabiqəsi elan etdilər. Ayan da Sumqayıt şəhərində keçirilən məktəblilərin rəsm sərgisində birinci yerin qalibi oldu. Atası bu şəkli görüb o qədər sevindi ki, həmin gün onları aparıb gəzdirdi. Ayan atasına, atası da Ayana sürprizlər etdi. Gözləri dola-dola atasına dedi ki, müəllimə mənə göy qurğaşı çəkməyi dedi, mən isə əsgər çəkəcəyəm deyib, səni çəkdim... Atalarını itirdiklərini dillərinə gətirməyə cəsarət etmirlər. Onların yanında atasının yoxluğundan danışmağa da ehtiyat edirik. Gedib-gəlib üzümdən öpürlər. O gün Ayan deyir ki, ana, mən səni indi daha çox istəyirəm. Deyirəm ki, nə olub qızım? Deyir, bilmirəm nə olub, ancaq indi qardaşım Yusifi də, səni də hamıdan çox istəyirəm. Bəzən indiki zamanda, bəzən də keçmiş zamanda danışırlar ataları haqqında...

Son döyüşlər başlamazdan bir-iki gün əvvəl Lalə bir yuxu görüb: “Gördüm ki, məni yerə uzadıblar. Bədənimə çoxlu mismarlar vururlar. Evə isə Vüqarın tabutunu gətirirlər. Bayrağa bükülü... Oyanıb Vüqara zəng vurdum. Adətən mənə icazə vermirdi işdə olduğu zaman ona zəng etməyə. Deyirdi ki, özüm zəng vuracam. Soruşdum, necəsən. Dedi salamatçılıqdır. Daha heç nə demədim. Fikirləşdim ki, yuxudur da... Aprelin 4-ü səhər obaşdan başladım Vüqara telefonla mesajlar yazmağa. Sonradan məlum oldu ki, “Məni tək qoyma” deyə bir mesaj yazdığım anda Vüqar şəhid olubmuş.

Lalənin gözlərinin yaşı quruyub. Vüqardan danışanda sağ adamlar kimi danışır. Lalə 10-cu sinifdə oxuyanda onu bəyənib, inadkarlıq göstərərək qızı və ailəsini razı sala bilib Vüqar. Sonra Lalənin institut bitirməsinə də şərait yaradıb. Deyirmiş ki, Cəbrayılı alacağam sənin üçün...

- Bir dəfə də dedi ki, iki qızımız var, bir oğlumuz da olmalıdır ki, gələcəkdə sənin dayağın olsun. Evə sığışmırdı. Onun üçün ən gözəl yer xidmət etdiyi hərbi hissə idi. Evə gələndə uşaqları ilə tay-tuş olurdu. Belinə çıxırdılar, onlara qoşulub yerdə sürünürdü, oynayırdı. Sonra da deyirdi ki, hərbi hissədə məni belə görsələr, inanmazlar ki, bu mənəm. Qızlara vətənpərvərlikdən o qədər danışmışdı ki, işdən evə qayıdanda Ayan və Aytən ondan soruşurdular, ata erməni öldürdün?! Deyirdi ki, qızım az qalıb, öldürəcəyik. Təqribən 1 ay əvvəl bizi yığıb Şəhidlər Xiyabanına apardı. Elə bil onlardan halallıq alırdı. Ötən il Ayanın doğum günündə bizi Şahdağa apardı. Axı o həm də alpinist idi. Dostu ilə bir zirvəyə çıxıb oraya Ayanın şərəfinə Azərbaycan bayrağı sancdı. Ürəyində zirvələrə bayraq sancmaq həsrəti gəzdirirdi həmişə.

Söhbətimizin bu yerində Aytənlə Ayan gəldilər. Uşaqları görüb çaşdım. İndi nə deyim, necə danışdırım bu qızcığazları... Yaxşı ki, özümü tez ələ alıb, qara hörüklü Ayanın və Aytənin üzündən öpdüm, dedim, Ayan, sənin əsgər rəsminin sorağına gəlmişəm. Əvvəlcə inandı. Gözləri güldü. Sonra sual etdim ki, niyə elə şəkil çəkdin?! Susdu. Dedim ki, ən çox sevdiyin rəsmin hansıdır? Dedi, “Əsgər rəsmi”.

- Daha hansı rəsmi çəkmək fikrin var?

- Ailəmizin rəsmini çəkəcəyəm. Atam ortada, yanında anam, mən, balaca bacım Aytən və qardaşım Yusif...

Ayan gedib o biri otaqdan rəsmlərini gətirdi. Sumqayıtdakı Texniki elmlər təmayüllü məktəbin 3-cü sinfində oxuyan 9 yaşlı qızın rəsmlərinə baxıb, heyran olmamaq mümkün deyildi. Dedi ki, istəyir ki, Sumqayıtda bacısı Aytənlə çəkdikləri şəkillərin sərgisi təşkil edilsin. Onu sevindirmək üçün, söz verdim ki, dostlarımızdan xahiş edəcəm, may ayının sonuna kimi iki bacının əl işlərindən ibarət sərgi təşkil edilsin.

6 yaşlı  Aytən kənardan dayanıb söhbətimizin bitməsini gözləyirdi. - Aytən, anan dedi ki, tez-tez atanı yuxunda görürsən?

- Hə... O gün yenə yuxumda gördüm. Bir dəfə məni qovmuşdu... İndi qovmadı. Atam sehirbaz olmuşdu... Getdik mağazaya, mənə gəlincik aldı, şirniyyat aldı... Nə istədimsə hamısını aldı... Yuxumda mənə dedi ki, sizin üçün darıxmışam. Sonra üzümdən öpüb getdi...

- Atan haqqında, sən nə demək istəyirsən, Ayan?

Sözüm ağzımda qaldı, sərt bir baxışla mənə baxıb, otaqdan getdi Ayan... Barışmaq istəmir. Atasının yoxluğunu bilən bu 9 yaşlı qızcığaz ürəyini də boşalda bilmir ki, anasının xətrinə dəyər... Ancaq o boyda atasızlıq ağrısını içərisində çəkə-çəkə özünü bu kiçik yaşında bu əzaba, ağrıya öyrətmək istəyir. Bağrımı paramparça elədi Ayan. Mənə bir mərdlik, mərdanəlik dərsi danışdı sərt baxışlarıyla...

lll

Laləgildən ayrılandan iki gün sonra şəkil istəmək üçün Kənana zəng vurdum. Dedi ki, Aytənlə Qafqaz Universitetinin qonağı olublar. Universitetdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı keçirilən tədbirdə Azərbaycan şəhidləri də anılıb, şəhid polkovnik Vüqar Yusifov isə universitet tərəfindən “İlin adamı” mükafatına layiq görülüb. Həmin tədbirə Aytən Yusifzadə hərbi forma geyinərək gedib. Universitetdə atasına aid mükafat kiçik qızı Aytənə təqdim olunub.

 





14.05.2016    çap et  çap et