525.Az

“Cənnətdən yuxarı” Türkiyədə maraqla qarşılanıb


 

“Cənnətdən yuxarı” Türkiyədə maraqla qarşılanıb<b style="color:red"></b>

Mayın 7-də Ankarada Türkiyə Yazıçılar Birliyinin “Şənbə söhbətləri” layihəsi çərçivəsində azərbaycanlı yazıçı-jurnalist Təranə Vahidin “Cənnətdən yuxarı” kitabının təqdimatı keçirilib.

Tədbirdə yazıçının fərqli üslubda qələmə aldığı qısa hekayələrinin məziyyətlərindən söz açılıb, yaradıcılığı ilə bağlı müəllifə suallar ünvanlanıb, hekayə və esseləri oxunub. Sonda Təranə Vahid “Cənnətdən yuxarı” kitabını imzalayaraq iştirakçılara təqdim edib.

Mayın 9-da isə Kayseri şəhərinin Erciyes Universitetinin Ədəbiyyat fakültəsində “Cənnətdən yuxarı” kitabının geniş təqdimatı və imzalanma mərasimi keçirilib. Təqdimatda Erciyes Universitetinin professoru Qafar Mehdiyev, Əddəbiyyat fakültəsinin müəllimi Əsli Xəlilqızı, Türkiyənin tanınmış yazıçısı İmdat Afşar, Kayseri Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsmet Taymuş, universitetin müəllim və tələbə heyəti iştirak edib.

 Azərbaycan ədəbiyyatının türk dünyasında yorulmaz təbliğatçısı İmdat Afşar çıxış edərək Təranə Vahidin yaradıcılığını geniş təhlil edib. O, yazıçının yaradıcılığından ana xətt kimi keçən Qarabağ hekayələrini müharibə mövzusunda yazılmış “ən təsirli kiçik nəsr nümunələri” adlandırdı. O, qeyd edib ki, bu hekayələr dünyanın istənilən dilinə çevrilsə böyük maraqla qarşılanacaq. Çünki bu hekayələr fərqli üslubda, fərqli düşüncə və ustalıqla qələmə alınıb.

Tədbirin sonunda Təranə Vahid ədəbiyyatla bağlı fikir və düşüncələrini iştirakçılarla bölüşüb, bu gün Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunun əsas mövzulardan biri olduğunu qeyd edib, Qarabağ dərdlərindən, Vətənindən ayrı düşən insanların yaşantılarından və həsrətlərindən söz açıb.

Tədbirdə iştirak edən tələbələr ayağa qalxaraq “Qarabağ bizimdir, bizim olacaq!” şüarını səsləndirərək yazıçıyla həmrəy olduqlarını bildiriblər.

Təranə Vahid “Cənnətdən yuxarı” kitabının türk dilində işıq üzü görməsində əməyi olan hər kəsə - nəşrin redaktoru Əsli Xəlilqızı Əliyevaya, kitabı türk dilinə çevirən Ünal Yoldaşa, kitabın korrektoru Fatma Nura və eləcə də Erciyes Universitetinin müəllim və tələbələrinə öz təşəkkürünü bildirib.

Müəllif yüzdən artıq kitabını imzalayaraq tədbir iştirakçılarına hədiyyə edib.

Xatırladaq ki, Təranə Vahidin Türkiyədə çap olunan “Cənnətdən yuxarı” kitabının ilk imza günü aprelin 29-da Trabzon 3 kitab sərgisində keçirilib və böyük maraqla qarşılanıb.

Mehparə SULTANOVA
Ankara

 





15.05.2016    çap et  çap et