525.Az

İcbari tibbi sığortanın tətbiqi üzrə jurnalistlər üçün təlim təşkil olunacaq


 

İcbari tibbi sığortanın tətbiqi üzrə jurnalistlər üçün təlim təşkil olunacaq<b style="color:red"></b>

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mayın 19-da Bakıdakı “Grand Hotel Europe“ hotelində “İcbari tibbi sığortanın tətbiqi üzrə jurnalistlərin biliklərinin artırılması” mövzusunda təlim təşkil edəcək.

Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimin məqsədi səhiyyənin maliyyələşməsi və icbari tibbi sığorta haqqında media nümayəndələrini daha geniş informasiya ilə təmin etmək və Agentliyin gələcək fəaliyyətində sıx əməkdaşlığa nail olmaqdır. Səhiyyənin təşkili və icbari tibbi sığorta sahəsində ixtisaslaşdırılmış jurnalistlərin yetişdirilməsi gələcəkdə ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı ictimaiyyətin daha dolğun və düzgün məlumatlandırılmasına imkan verəcək.

Təlim zamanı jurnalistlər Azərbaycanın mövcud səhiyyə sistemi (tibbi xidmətin təşkili, strukturu və s.), səhiyyənin maliyyələşməsi mexanizmləri, digər ölkələrdə tətbiq edilən müxtəlif maliyyələşmə mexanizmləri, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi imkanları barədə məlumatlar əldə edəcəklər. Həmçinin media nümayəndələrinə Agentliyin fəaliyyət istiqamətləri, qanunvericiliklə Agentliyə həvalə edilmiş hüquq və öhdəliklər, strukturu və fəaliyyətinin hüquqi əsasları barədə məlumat veriləcək.

Təlimdə Agentliyin monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev, icbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov, o cümlədən hüquq şöbəsinin müdiri Aysel İbayeva çıxış edəcəklər.

 





16.05.2016    çap et  çap et