“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün digər sahələrində olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm tədbirlər həyata keçirildiyi, sistemli islahatlar aparıldığı danılmaz reallıqdır. Bu islahatların tərkib hissəsi olaraq, 2012-ci il fevral ayının 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Xidmət fəaliyyətə başladığı gündən ölkədə çağırış və səfərbərlik işini müasir standartlara uyğun səviyyədə qurmağa başlayıb və qısa zamanda bu sahədə mühüm irəliləyişlər əldə edilib. Son zamanlar keçirilən təlimlər zamanı respublika üzrə ehtiyatda olan minlərlə hərbi qulluçu optimal müddətdə bu təlimlərə cəlb olunub, çağırış sistemindəki səmərəli islahatlar nəticəsində vacib şətrlər sayılan operativlik və şəffaflıq təmin edilib”.
Bu fikirlər Azərbaycanda fəaliyyət göstərən hərbyönümlü QHT-lərin bəyanatında öz əksini tapıb. Bəyanatda daha sonra vurğulanır ki, gənclərin orduya müvafiq ixtisaslar üzrə hazırlanması istiqamətində də sözügedən Xidmət uğurlu fəaliyyət göstərir. Həmçinin gənclərin orduya yola salıhması və qarşılanması mərasimləri də daima yüksək səviyyədə təşkil edilir: “Xidmətin təşkilatçılığı ilə gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə respublikanın bütün şəhər və rayonlarında “Vətənin müdafiəsinə hazıram!” devizli tədbirlər keçirilir, gənclər arasında rəsm və yazı müsabiqələri keçirilir. Bununla bağlı qeyri-hökumət təşkilatları və KİV-lə sıx əməkdaşlıq edilərək ictimaiyyətin məlumatlandırılması sahəsində də effektiv işlər aparılır”.
Bəyanatda qeyd edilir ki, məlum olduğu kimi, bu il aprelin 2-5-də Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verərək, uğurlu əməliyyatlar keçirib: “Ordumuza və cəbhə bölgəsində yaşayan əhaliyə dəstək olmaq məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyi və yerli icra hakimiyyətləri ilə birgə yüksək səviyyəli tədbirlər gerçəkləşdirib. Keçirilən tədbirlərə bir qrup hərbiyönümlü QHT-lər də cəlb edilməklə, aprelin 3-6-da cəbhə zonasında - Tərtər, Ağdam, Füzuli rayonlarının əhalisi ilə görüşlər təşkil olunub, yaralılar, döyüşlər zamanı zərər çəkmiş mülki insanlar ziyarət edilib, həmçinin nümayəndələr şəhidlərimizin dəfn və yas mərasimlərində iştirak ediblər.
Təəssüf hissi ilə qeyd edirik ki, aparılan bu məqsədyönlü işləri gözü götürməyən, peşəsi Vətəni müdafiə etməkdən ibarət olan insanlara qara yaxmağı, onlara qarşı, öz şəxsi mənafeyindən çıxış edərək böhan kampaniyası aparmağı “fəaliyyət prinsipi”nə çevirən cılız niyyətli, dar dünyagörüşlü insanlar bu dəfə də öz əməllərindən qalmamaqdadır. Xüsusən də, jurnalist adına yaraşmayan davranışlar sərgiləyənlərin hərəkətləri dərin təəssüf, hətta hiddət doğurur”.
Bəyanat müəllifləri daha sonra bildirirlər: “Biz - hərbiyönümlü QHT-lər, ehtiyatda olan zabitlər, müharibə əlilləri, şəhid ailələrini bir araya gətirən qurumlar olaraq, bu qarayaxma kampaniyasına etirazımızı bildirir, bütün bunlara son qoyulmasını tələb edir, Silahlı Qüvvələrimizi və onun mühüm tərkib hissəsi olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətini qətiyyətlə dəstəkləyirik. Bəyan edirik ki, Silahlı Qüvvələrimizə və onun ayrı-ayrı strukturlarına inamsızlıq yaratmağa çalışan, onun fəaliyyətini gözdən salmağa cəhd edən bununla da düşmən dəyirmanına su tökməyə çalışan şəxslər, bu günə qədər olduğu kimi, bundan sonra da bizi öz qarşılarında görəcəklər. Azərbaycan ictimaiyyətini əmin edirik ki, biz də özümüzü Vətənin əsgəri sayırıq və Ali Baş Komandanın əmrinə hər an hazırıq!”
Bəyanatı, Ehtiyatda olan Zabitlər Konfederasiyası, Əfqanıstan Veteranları, Çernobl Əlilləri İttifaqı, Milli Qəhrəmanları Tanıtma, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə ictimai birlikləri, Əsgər Anaları Şurası, Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti daxil olmaqla, 20 QHT rəhbəri imzalayıb.
çap et